“İki sahil” xəbər verir ki, bunu Milli Məclisinin üzvü Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, müsahibədə jurnalistin verdiyi sualların məzmunu, istiqamətləri Azərbaycan Prezidentinin siyasi nüfuzundan, onun fikir və proqnozlarına olan ehtiyacdan xəbər verir.
“Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü təmin etməsi, siyasi sabitliyin və iqtisadi inkişafın mövcudluğu ölkəmizə olan beynəlxalq münasibəti müsbətə doğru dəyişib. Gənc dövlət olan Azərbaycanın öz milli mənafeyini qoruması, bütün dövlətlərlə yaxşı əlaqələr qurması və cəmiyyətdə mövcud olan sabitlik bizə imkan verir ki, öz maraqlarımızı müdafiə edə bilək. Daxili sabitliyin, milli birliyin olmadığı ölkələrin hökumətləri xarici siyasətdə də milli maraqlarını müdafiə edə bilmirlər, hücumlar qarşısında geri çəkilirlər. Güclü iqtisadiyyatın qurulması, ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi cəmi 6,9 faiz olması, həyata keçirilən genişmiqyaslı layihələr Cənubi Qafqazda və Xəzər regionunda etibarlı mövqe tutmağımıza səbəb olub.
Aparılan uğurlu sosial siyasət nəticəsində yoxsulluq səviyyəsi 5 faizə enib. Həyata keçirilən beynəlxalq layihələrin, o cümlədən Orta Dəhlizlə bağlı görülən işlərin məqsədi özəl sektoru inkişaf etdirməkdir. Hədəfimiz Orta Dəhlizlə yükaşırma qabiliyyətini daha da artırmaqdır. Əldə olunan gəlirlər hesabına yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya qoyulur. 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaq”.
M.Vəliyeva onu da qeyd etdi ki, müsahibədə Azərbaycan-Çin münasibətləri haqqında ətraflı danışan ölkə başçısı ölkəmizin Pekinlə münasibətlərə böyük önəm verdiyini bildirdi: “Dünyanın aparıcı dövlətlərindən olan Çinlə olan strateji tərəfdaşlıq Bəyannaməmiz münasibətlərimizi daha da inkişaf etdirməyə imkan verir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaşdır. Bu da imkan verir ki, həmin beynəlxalq təşkilatla daha da yaxından əməkdaşlıq edək. Həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Azərbaycanın nəqliyyat infrastrukturunun Şərqdən Qərbə gedən yol üzərində yerləşməsi Çin və Orta Asiya ölkələri ilə əməkdaşlığı gücləndirməyi diktə edir. Bu əməkdaşlıq regional sabitliyə, regional sülhə töhfə verəcək. Azərbaycanın Çin vətəndaşları üçün viza rejimini ləğv etməsi münasibətlərimizdə yeni mərhələnin başlanğıcı oldu. Çin vətəndaşları heç elektron viza üçün müraciət etmədən ölkəmizə gələ bilərlər. Eyni fürsətin Azərbaycan vətəndaşlarına da yaradılacağına ümid edirik”.
Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyətinə toxunan millət vəkili bildirdi ki, sammit qlobal iqlim böhranından əziyyət çəkən ölkələrə öz problemlərini, tələblərini irəli sürməyə imkan verdi: “COP29-da Azərbaycan Qazaxıstan və Özbəkistanla Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə müqavilə imzaladı. Bu öz növbəsində ölkəmizin Çinin enerji kabelinə qoşulmasına imkan verəcək. Ümumiyyətlə, COP29 sammiti Azərbaycanın beynəlxalq nüfuzunun artmasında mühüm rol oynadı. Bütün dünya ölkəmizin ədalətin, beynəlxalq hüququn yanında olduğunu gördü. Prezident İlham Əliyev müsahibədə həm COP29 sammitinin beynəlxalq əhəmiyyəti, həm də Azərbaycanın əldə etdiyi uğurun sirri barədə geniş danışdı. Bildirdi ki, dövlət başçısı bütün xarici təzyiqlərə, təhdidlərə baxmayaraq, sona qədər ölkəsinin milli maraqlarını qorumalı, xalqına qarşı dürüst olmalıdır”.