06 fevral 2025 23:27
146

Dünyanı qarışdıran USAID-in gizlinləri

Prezident İlham Əliyev hələ ötən ilin dekab ayında “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAID) söz açarkən demişdi ki, Tramp onu qadağan edə bilər. Dövlət başçımızın uzaqgörənliklə söylədiyi bu fikir artıq öz yerini tutmaqdadır. Belə ki, bu günlərdə Donald Tramp hökuməti USAID-in layihələrini dayandırıb. Bu isə o deməkdir ki,  Tramp USAID-lə bağlı Azərbaycanla eyni fikirdədir.

Artıq Prezident Donald Trampın göstərişi  ilə bu qurumun administratoru vəzifəsinə Dövlət katibi Marko Rubio təyin edilib. Amerikalı vergiödəyicilərinin pullarını mənasız və təhlükəli layihələlərə xərcləyən, həmçinin ABŞ-ın dünyada imicini korlayan USAlD-lə, daha doğrusu, bu qurumun proqramlarının maliyyələşdirilməsi ilə bağlı iddia edilən mənimsəmə, rüşvətxorluq və korrupsiya faktları ilə bağlı  araşdırma da başlanılıb. Həm də agentliyə məxsus sayt bloklanıb. Agentliyin məxfi məlumatlarının qorunduğu bütün yaddaş kartları və kompüter sistemləri nəzarətə götürülüb. Trampın USAID-lə bağlı bu kimi addımları beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb. USAID-i cinayətkar təşkilat adlandıran ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri, “Tesla”, “SpaceX” şirkətlərinin sahibi İlon Mask "X" sosial şəbəkəsindəki paylaşımında bəyan edib ki, artıq USAID-in ləğvi prosesindədir: “USAID bərpa oluna bilməz”.

Məramının guya zəif inkişaf etmiş ölkələrə dəstək göstərməkdən ibarət olan bu qurum  artıq neçə il idi  ki, geniş maliyyə imkanlarından istifadə etməklə “humanitar yardım” adı ilə müxtəlif dövlətlərin daxili işlərinə qarışır, həmin ölkələrdəki vəziyyəti öz istəyinə uyğunlaşdırırdı. Afrika, Asiya, Yaxın Şərq, Latın Amerikası və Şərqi Avropa dövlətlərində son illərdə baş verən xaosun, qarşıdurmaların, “rəngli inqilab”ların, həmçinin “müstəqil” jurnalist araşdırmalarının baiskarı elə USAID olub. 80-dən çox ölkədə nümayəndəlikləri olan təşkilat “fəaliyyət”ində bunlarla kifayətlənməyib. O, milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla bioloji silah tədqiqatlarını, həmçinin heroin istehsalını maliyyələşdirməsi ilə məşğul olub. Bütün bunlar isə bir daha göstərir ki, USAID-in müxtəlif ölkələrdə həyata keçirdiyi proqramlarla öz əndazəsini tamamilə aşıb. Bununla həm də təmsil etdiyi ölkənin siyasətinə xələl gətirib.

“Vətəndaş cəmiyyətlərinin inkişafına töhfə vermək” adı altında Cənubi Qafqazda xaos, qeyri-sabitlik, qarşıdurma yaratmaq istəyən USAID bu bölgədə də öz siyasətini yeritməyə çalışıb. Artıq heç kəsə sirr deyil ki, Gürcüstanda baş tutmayan inqilab ssenarisinin reallaşması üçün USAID dəridən-qabıqdan çıxıb. Rəsmi Tbilisi də bunu rəsmən təsdiqləyib. Təkcə bir faktı xatırladaq ki, USAID öz çirkin məqsədinə nail olmaq üçün 2024-cü ildə Gürcüstanda keçirilən parlament seçkiləri ərəfəsində bu ölkənin qeyri-hökumət təşkilatlarına 41 milyon dollardan çox vəsait verib.

Ermənistana gəldikdə isə... USAID-in bu təcavüzkar ölkəyə “sevgi”si daha çox olub. Son bir neçə ildə, daha doğrusu, Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra bu qurumun rəhbər şəxslərinin təcavüzkar ölkəyə davamlı səfərlər etmələri  və maliyyə dəstəyini dəfələrlə artırması da bunu sübut edir. Ötən ilin sentyabrında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan ilə USAID-in bu ölkədəki missiyasının rəhbəri Con Alelo arasında imzalanan sənədə əsasən, yardımın məbləği 120 milyon dollardan 250 milyon dollara yüksəlib ki, bu vəsaitlər də silahlanma üçün nəzərdə tutulur. Bütün bunlarda isə USAID-in rəhbəri, haylara simpatiyası ilə seçilən Samata Pauer mühüm rol oynayıb. Bununla da USAID Ermənistanda revanş hissi ilə yaşayanların fəaliyyətinin genişlənməsinə, həmçinin  regionda yenidən münaqişənin alovlandırılmasına öz “töhfə”sini verib. Yeri gəlmişkən, USAID-in layihələrinin dayandırılması təcavüzkar ölkədə təşvişlə qarşılanıb. Hətta  Söz Azadlığını Müdafiə Komitəsinin sədri Aşot Melikyan “Joqovurd” qəzetinin USAID-in Ermənistan ofisini hansı aqibətin gözlədiyi sualını cavabsız qoyub.

Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərindən, 2023-cü ilin sentyabrında birgünlük lokal antiterror tədbirlərindən, bir sözlə, öz suverenliyini bərpa etdikdən sonra artıq tarixin arxivinə göndərilmiş Bayden administrasiyası  ölkəmizə qarşı heç bir əsası olmayan təzyiqləri daha da artırdı. Hətta müstəqil siyasət yürüdən rəsmi Bakını cəzalandırmaq məqsədilə 907-ci düzəlişin icrasını bərpa etdi. Bütün bunlardan məharətlə yararlanan USAID  humanitar yardımlar adı altında ölkəmizdə fəallaşmışdı. Onun  maliyyələşdirdiyi KİV və QHT-lər “Azərbaycanı etnik təmizləmədə”, “Ermənistan ərazisini işğal etməyə hazırlaşmaqda” ittiham edən məlumatlar yayırdılar.  Üstəlik, bu təşkilat “Abzas Media”nı, “Meydan TV”ni, “Toplum TV”nı öz təsir dairəsinə salmışdı. Bu kimi səbəblərə görə rəsmi Bakı USAID-in layihələrinin dayandırılmasını tələb etdi. Nəticədə ölkəmizə qarşı qərəzli və zərərli siyasi xətt tutan USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırıldı. Yeri gəlmişkən qeyd edək ki, son illər USAID Belarus, Rusiya, Türkmənistan, Zimbabve, Venesuella, Boliviya, Konqo və digər ölkələrdən qovulub.

Qvami Məhəbbətoğlu, “İki sahil”