13 fevral 2025 16:45
92

Daha 4 istiqamət üzrə məlumatlar "mygov"a inteqrasiya edilib

Azərbaycanda daha bir neçə istiqamət üzrə məlumat və sənədlərin "mygov" rəqəmsal platforması üzərindən əldə edilməsi mümkün olub.

Bu barədə "İki sahil"ə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib.

Belə ki, istifadəçilər "mygov" platformasında Məlumatlarım” bölməsində aşağıda qeyd olunan yeni rəqəmsal məlumat və sənədləri əldə edə bilərlər. Yeniliklərə daha operativ çıxışı təmin etmək üçün “Yeni” işarələmə funksionallığı da tətbiq edilib.

Əlavə edilən yeni məlumat və sənədlər:

Peyvənd Məlumatları:
Vətəndaşların peyvənd məlumatları “mygov” platformasına inteqrasiya edilib. Əvvəllər peyvənd tarixçəsini tibbi məntəqələrdən əldə etmək tələb olunurdusa, indi isə bu məlumatlar “mygov”da mövcuddur. Vətəndaşlar öz peyvənd məlumatlarını buradan gözdən keçirə, PDF formatında yükləyə, həmçinin QR kod və ya sənəd nömrəsi ilə digər qurumlarla paylaşa bilərlər.

Nikah Üçün Tibbi Müayinə Nəticələri:
Nikah üçün tibbi analizlərdən keçən vətəndaşlar nəticələrini artıq “mygov” üzərindən əldə edə bilərlər. Əvvəllər bu məlumatları yalnız müvafiq tibbi məntəqələrdən əldə etmək mümkün idisə, indi bu proses tam rəqəmsallaşdırılıb.

Sosial Müavinət Məlumatları:
Dövlət tərəfindən təyin olunan sosial müavinətlərin tam siyahısı və vətəndaşlara aid fərdi məlumatlar “mygov” üzərindən təqdim edilir. Vətəndaşlar bu bölmədə öz müavinətləri barədə cari və etibarlı məlumatları əldə edə bilərlər.

Daşınmaz Əmlak Məlumatları:
Daşınmaz əmlak çıxarışı, texniki pasport və qiymətləndirmə arayışı vətəndaşlara artıq rəqəmsal formada təqdim edilir. Xatırladaq ki, 28 yanvar 2025-ci il tarixində qüvvəyə minmiş qanun dəyişikliklərinə əsasən, daşınmaz əmlak çıxarışı artıq fiziki nüsxə ilə bərabər hüquqi qüvvəyə malikdir və “mygov” üzərindən təqdim edilməsi kifayət edir.