13 fevral 2025 21:18
157

Neft-qaz sektorundan sonra  ikinci...

Vüqar Bayramov: Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin genişlənməsində maraqlıdır

Ərşad Hüseynov: Nəqliyyat dəhlizlərinin ölkəmizdən keçməsini milli sərvətimiz kimi qəbul etmək olar

Nəqliyyat sektorunda son illər bir sıra irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, müasir hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Şimal və Cənub yarımkürələri arasında daha sürətli ticarət marşrutlarının yaradılmasında böyük rol oynayır. Hazırda tranzit yüklər Fars körfəzi, Süveyş kanalı və Aralıq dənizi vasitəsilə ən tez ay yarıma Şimal dənizinin limanlarına göndərilir, lakin Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə bu vaxt bir aydan daha az bir müddətə qısalacaq. Məhz buna görə də layihənin əsas hərəkətverici qüvvələrinin Hindistan, İran və Rusiya olmasına baxmayaraq, bir çox ölkələr bu təşəbbüsün həyata keçirilməsində maraqlıdır.

Məlumat üçün bildirək ki, 2024-cü ildə Şimal-Cənub dəhlizi ilə Azərbaycan ərazisindən 814 min ton tranzit yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 28 faiz çoxdur. Ölkəmiz Şimal-Cənub dəhlizi ilə tranzit yüklərin daşınmasından ildə 2,5-3 milyard dollara yaxın vəsait əldə edəcək. Nəzərə alsaq ki, digər istiqamətlərdə - xüsusilə Trans-Xəzər Beynəlxalq nəqliyyat dəhlizi (Orta Dəhliz) ilə də daşımaların davamlı artırılması istiqamətində ardıcıl layihələr icra edilməkdədir. Belədə tam əminliklə qeyd etmək olar ki, yaxın gələcəkdə beynəlxalq daşımalardan əldə olunan vəsait dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevriləcək, neft sektorundan sonra nəqliyyatın ölkə üçün ən mühüm sahə olduğu konkret rəqəmlərlə də öz təsdiqini tapacaq.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə töhfə verən ölkə

Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı “İki sahil”ə bildirib ki, Azərbaycan ümumilikdə nəqliyyat dəhlizlərinə, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə töhfə verən ölkələrdəndir: “Təbii ki, bu, bir tərəfdən regionun geosiyasi mövqeyinin daha da gücləndirilməsinə, digər tərəfdən isə Azərbaycan üzərindən daşınan yüklərin həcminin artmasına gətirib çıxarır. Azərbaycan Orta Dəhlizin, yəni Qərb-Şərq, eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizlərinin genişlənməsində və daha aktiv şəkildə istifadəsində maraqlı və prosesə töhfə verən ölkələrdəndir. Azərbaycan üzərindən daşınan yüklərin həcmində artımlar müşahidə olunur. Praktik olaraq Qərb-Şərq nəqliyyat dəhlizi aktiv şəkildə yüklərin daşınmasını həyata keçirir. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinə də marağın artması müşahidə olunur. Bu nəqliyyat dəhlizi Şimaldan başlayaraq Hindistana qədər uzanan bir tranzitdir.

Bir faktı da vurğulamaq yerinə düşər ki, Azərbaycan həm də İranda dəmir yolu infrastrukturunun genişlənməsinə dəstək nümayiş etdirmişdi. Həmin dəmir yolu xətti də Şimal-Cənub nəqliyyat dəhlizinin bir seqmentidir. Bir sözlə, Azərbaycan bu nəqliyyat dəhlizinin genişlənməsində maraqlıdır. Ölkə Prezidenti tərəfindən təsdiqlənən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş” də praktik olaraq bu nəqliyyat dəhlizinin daha intensiv şəkildə istifadəsinə zəmin yaradacaq. Bu saziş həm Şimaldan Hindistana qədər daşınan yüklərin həcminə birbaşa təsir göstərəcək bir sənəddir, həm beynəlxalq yükdaşımalardan dövlət gəlirlərinin artmasına, həm də ölkəmizin geosiyasi mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.” 

Coğrafi mövqeyindən səmərəli istifadə

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “İki sahil”ə açıqlamasında bildirib ki, Azərbaycan ərazi baxımından dünya miqyasında böyük dövlət olmasa da coğrafi mövqeyi olduqca əhəmiyyətlidir: “Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Bu tarixən də belə olub. Nəqliyyat dəhlizlərinin ölkəmizdən keçməsini milli sərvətimiz kimi qəbul etmək olar. Bu sərvətdən istifadə etmək üçün müxtəlif kommunikasiya xətləri, infrastruktur olmalıdır. Son beş il ərzində infrastrukturun genişləndirilməsi istiqamətində işlər həyata keçirilir. Həm dəmir yolu xətləri, həm avtomobil yolları, həm dəniz daşımaları üçün limanlarımız yenidən qurulur. Multi modal daşımalar üçün dəniz yollarından dəmir yoluna, avtomobil yollarına keçid infrastrukturu da təkmilləşdirilir. 

Zəgəzur dəhlizinin açılması Şimal-Cənub nəqliyyat dəhlizinin şaxələndirilməsinə gətirib çıxara bilər

Azərbaycan özünün yerləşdiyi coğrafi mövqeyindən səmərəli istifadə etməyə israrlıdır. Bu istiqamətdə konkret hədəflər var ki, bu da təkcə Azərbaycan üçün deyil, qonşu dövlətlər və tranzit dəhlizlərdən istifadə edəcək ölkələr üçün də səmərəlidir. Yeni təsdiqlənən saziş də nəqliyyat dəhlizindən tranzit istifadə ilə bağlıdır. Sazişdən irəli gələn məqam odur ki, Şimal-Cənub nəqliyyat dəhlizindən istifadə edəcək ölkələr arasında əməkdaşlıq əlaqələri qurulacaq. Tranzit daşınmaların rəqəmsallaşdırılmasında, gömrük nəzarətində, yüklərin təhlükəsizliyinin təmin olunmasında və digər məsələlərdə ölkələr öz səylərini birləşdirəcəklər. Hazırda formalaşmış beynəlxalq təcrübələr üzrə bir platforma yaradacaqlar. Rusiya və Ukrayna arasında gərginlik bitərsə Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyəti daha da artacaq.

Çünki bu gün Rusiya üzərində beynəlxalq sanksiyalar mövcuddur. Şərtlər var ki, müharibənin bitməsi isə Rusiyaya qarşı qoyulan sanksiyalar yumşaldılacaq, bəziləri ləğv olunacaq. Ondan sonra bu dəhlizin əhəmiyyəti daha da artacaq. Düşünürəm ki, Azərbaycan bu imkanlardan geniş şəkildə istifadə etməlidir. Bunun üçün Rusiya Federasiyası sərhədindən İran sərhədinə qədər mövcud olan infrastruktur daha da yaxşılaşdırılmalıdır. Bundan əlavə, Şərqi Zəngəzurla Naxçıvan arasında Zəgəzur dəhlizinin açılması Şimal-Cənub nəqliyyat dəhlizinin şaxələndirilməsinə gətirib çıxara bilər. Bu nəqliyyat dəhlizinin potensialından istifadə olunması Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq, iqtisadi imkanlarını daha da yaxşılaşdıracaq, ölkə daxilində iqtisadiyyatın bir qolu olan nəqliyyat sektorunun inkişafına təkan verəcək, o cümlədən ölkədaxili yükdaşımaların da həcmini artıracaq.” 

Orxan Vahidoğlu, “İki sahil”