Türkiyənin “CNN Türk” telekanalı Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş xüsusi reportaj hazırlayıb.
“İki sahil” xəbər verir ki, aparıcı Fulya Öztürk telekanalın çoxmilyonlu tamaşaçı auditoriyasını ermənilərin Azərbaycanın dinc sakinlərinə qarşı törətdikləri vəhşiliklər barədə məlumatlandırıb.
“613 günahsız Azərbaycan sakini bir gecədə qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər ölüm düşərgəsinə çatdırılaraq, işgəncələrə məruz qalıb”, - deyə tanınmış türkiyəli jurnalist Bakıdakı Xocalı abidəsinin fonunda söyləyib.
Reportajda Türk dünyası tarixinin ən qanlı səhifələrindən biri olan bu faciənin şahidləri danışıb. Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva telekanalın efirində qeyd edib ki, Azərbaycan xalqı Xocalı faciəsinin acısını heç vaxt yaddaşlardan silməyib.
“Xocalı faciəsi gecəsində bütün ümumbəşəri dəyərlər tapdanıb”, - deyə o qeyd edib. Jurnalist vurğulayıb ki, Türkiyə həmişə Azərbaycanın bu ağrısını bölüşüb.
“Bu gün Xocalı erməni işğalçılarından azad olunub. Azərbaycan bayrağı yenidən Qarabağ üzərində dalğalanır”, - deyə reportajda vurğulanıb.