16 fevral 2025 10:57
176

FHN Ucardakı ağır yol qəzası ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Qulubənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 14 ədəd avtomobilin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən dörd nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.