12 sentyabr 2026 17:00
94

H.Hacıyev: Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian çox yaxşı bir ənənənin təməlini qoyublar

Azərbaycan və İran prezidentlərinin Bişkekdə İstisu içməsi ilə bağlı formalaşmış ənənə Kəlbəcərdəki "İstisu" zavodunda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu tərəfindən davam etdirilib.

“İki sahil” xəbər verir ki, diplomatik korpus nümayəndələrinin Kəlbəcərdəki "İstisu" zavoduna ziyarəti zamanı Prezidentin köməkçisi Hikmət Hacıyev və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bu ənənənin davamı olaraq "İstisu" məhsulundan içiblər. H.Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian çox yaxşı bir ənənənin təməlini qoyublar: "Başqa sözlə desək, bu ənənə ilə biz də qərara gəldik ki, İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə "İstisu" içək. Qardaş İran xalqına da "İstisu" suyunun çatdırılması yolunu birlikdə fikirləşəcəyik, əminik ki, onlar da bu dadı möhtəşəm qiymətləndirəcəklər".

Xatırladaq ki, avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında maraqlı dialoq yaşanıb.

Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti çərçivəsində keçirilən görüş zamanı dövlət başçısı iranlı həmkarına Azərbaycandan gətirdiyi "İstisu" mineral suyunun dadına baxmağı təklif edib. Daha sonra Prezident İlham Əliyev həm Məsud Pezeşkian bu sudan içiblər.