17 fevral 2025 18:08
187

Naxçıvanda sahibkarlıq subyektləri çoxalır, yeni iş yerləri artır

Naxçıvan Muxtar Respublikasında biznes mühiti sürətlə inkişaf edir. Bu, yeni vergi ödəyicilərinin sayında da özünü göstərir. 2023-cü ildə muxtar respublikada 6263 yeni Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) qeydiyyata alınıbsa, 2024-cü ildə bu göstərici 6682-yə çatıb. Bu isə əvvəlki illə müqayisədə 419 yeni VÖEN və ya 6,7% artım deməkdir.

“İki sahil” xəbər verir ki,  vergi ödəyicilərinin sayının artması Naxçıvanda iqtisadi aktivliyin yüksəldiyini göstərir. Xüsusilə kiçik və orta biznesin inkişafına yönəlmiş tədbirlər, sahibkarlara verilən güzəştlər və dövlət dəstəyi bu artımda mühüm rol oynayır.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən muxtar respublikada ticarət, kənd təsərrüfatı, xidmət və istehsalat sahələrində yeni sahibkarlıq subyektlərinin yaranması ümumi iqtisadi inkişafın göstəricilərindən biridir. Bunun nəticəsi olaraq, qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayında 01.01.2025 tarıxinə əvvəlki dövrlə müqaisədə 72,8% artım qeydə alınıb ki, əvvəlki ilə nisbətən bu da yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyət kəsb edir.

2023-cü illə müqayisədə qeydiyyatda olan VÖEN-lərin sayı 32,3%, aktiv VÖEN-lərin sayı 71,4%, aktiv obyektlərin sayı isə 19,7% artıb.

Bu dinamika Naxçıvanda biznes mühitinin yaxşılaşdığını və sahibkarlıq fəaliyyətinin genişləndiyini göstərir. Yeni açılan müəssisələr və artan vergi ödəyiciləri həm məşğulluğun artmasına, həm də əhalinin rifah halının yüksəlməsinə müsbət təsir edir.