Azərbaycan brendi kimi tanınan «ASAN xidmət»in əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığı beynəlxalq səviyyədə təqdir edilir
Azərbaycanın bugünkü uğurları dövlət başçısı İlham Əliyevin «Biz zamanı qabaqlamalıyıq» çağırışının reallıqda öz əksini tapmasıdır. «Mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur» söyləyən dövlətimizin başçısı onu da bildirir ki, uğurlarla kifayətlənməyib, daim irəliyə baxmaq davamlı inkişafda böyük rol oynayır. Yeni idarəetmə strukturunun olması dövrün tələbidir.
Ölkə Prezidenti İlham Əliyevin dövlət orqanlarının və qurumlarının fəaliyyətinin daha səmərəli və düzgün təşkili, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, eyni və ya oxşar səlahiyyətlərin daha optimal həcmdə resurs sərf edilməklə həyata keçirilməsi məqsədilə həmin dövlət orqanlarının və qurumlarının sayının, saxlanma xərclərinin və işçilərinin say həddinin optimallaşdırılmasına xidmət edən sərəncamları bir daha bu reallığı ortaya qoydu ki, idarəetmə sisteminin təkmilləşdirilməsi dövrün, zamanın tələbidir. Bu təkmilləşmə davamlı olaraq həyata keçirildikdə sosial-iqtisadi göstəricilərimiz daha böyük rəqəmlərlə ifadə olunur, Azərbaycan ən islahatçı ölkə imicinə yeni əlavələr edir.
Hər sahədə təcrübəsi nümunə olan Azərbaycanın uğurları yeni-yeni hədəflərin müəyyənləşdirilməsini bir tələbə çevirir. Eyni zamanda, uğurlu başlanğıc davamlı nailiyyətlər üçün əsasdır. Atılan addımlar, eyni zamanda, günümüzün əsas çağırışlarından biri kimi sahibkarlığın inkişafına geniş yol açır. Həyata keçirdiyi siyasətin önündə yeniləşməni, modernləşməni əsas amil kimi önə çəkən Azərbaycan hər zaman ilklərə imza atan ölkə kimi tanınır və nüfuz qazanır. Azərbaycan brendi kimi dünyaya səs salan «ASAN xidmət» ABAD, DOST layihələri də şəffaflığın artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. Dövlət başçısı İlham Əliyev bu günlərdə ölkəmizdə səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmud ilə mətbuata birgə bəyanatında Azərbaycan brendi olan «ASAN xidmət»dən bəhs etdi. Qeyd edək ki, iki ölkə arasında imzalanan 4 sənəddən biri məhz «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu» oldu. Cənab İlham Əliyev bildirdi ki, Azərbaycanda artıq uğurla işləyən sistem – ASAN dövlət xidmətləri sistemi bir çox beynəlxalq mükafatlara layiq görülüb. Ən mühüm mükafat isə Azərbaycan xalqının verdiyi qiymətdir. Çünki Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır: «Bu, həqiqətən göstərir ki, həmin xidmət insanların həyatını daha da asanlaşdırır. Bilirəm ki, Prezidentin proqramında həmin xidmət mərkəzlərindən birinə səfər var və əgər siz qərar qəbul etsəniz, bəyənsəniz, biz sizin ölkədə oxşar sistemi qura bilərik.»
Somalidə «ASAN xidmət» təcrübəsi tətbiq ediləcək. Hazırda Azərbaycanın intellektual brendi 20-dən çox ölkəyə ixrac edilir. Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud səfər çərçivəsində "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış oldu. Hasan Şeyx Mahmud Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in onda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğuladı. Həmçinin o, “ASAN xidmət”in dövlət xidmətlərinin göstərilməsi sahəsində ən yüksək peşəkarlıq və səmərəlilik səviyyəsi olduğunu, burada vətəndaşların işlərini sürətləndirmək üçün yaxşı imkanların yaradıldığını bildirdi. Somali Prezidenti Azərbaycan təcrübəsi əsasında ölkəsində dövlət xidmətləri mexanizminin yenilənməsinə və bununla bağlı verilən dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə etdi. Ali qonağa, eyni zamanda, «INNOLAND» İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verildi.
Azərbaycanın yeniliyə, təkmilləşməyə maraq göstərməsi və bunu atdığı addımlarda təsdiqləməsi beynəlxalq səviyyədə təqdir edilir. İdarəçilik sistemində zamanın tələblərinə uyğun olaraq təkmilləşmə diqqətdən kənarda qalmır. Müasir dövrün əsas çağırışlarından olan yoxsulluqla mübarizə sahəsində daim Azərbaycanın təcrübəsini yüksək qiymətləndirən xarici qonaqlar bu fikri bildirirlər ki, yoxsul yox, yaxşı idarə olunmayan ölkə var. Azərbaycanın idarəçilik sistemində həyata keçirdiyi təkmil islahatlar uğurların davamlılığında əhəmiyyətli rol oynayır. Bu baxımdan «ASAN xidmət» dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir. Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir. Bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində cənab İlham Əliyevin diqqət yönəltdiyi məsələlərdən biri məhz idarəetmə sistemi ilə bağlı oldu. «Dünyamız dəyişir, şəhərlərimiz dəyişir, təbii ki, idarəetmə sistemi də dəyişir. Azərbaycan da dünyanın bir parçasıdır və təbii ki, bu proseslərdən kənarda qalmır. Misal üçün, icra hakimiyyəti başçılarını Prezidentin xüsusi nümayəndələri əvəz edir və yaxud da böyük təşkilatları, fərdi təşkilatları vahid platformadan idarə edən holdinqlər yaradılır və sair. Sualım Sizin Sərəncamınızla bağlıdır. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması nəyə xidmət edir və ümumiyyətlə, bu təsisatdan bizim gözləntilərimiz nədən ibarətdir» sualını cavablandırarkən dövlət başçısı İlham Əliyev bildirdi ki, son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modeli tətbiq olunmağa başlanmışdır. İdarə heyətləri yaradıldı, idarə heyətlərinin rəhbərləri vəzifəsinə dövlət məmurları təyin edildi və beləliklə, dövlət şirkətlərindəki problemlər tam açıldı. Uzun illər dövlət şirkətləri təkcə təbii inhisarçı deyil, eyni zamanda, zərərlə işləyən şirkətlər idi. Bunun bir çox səbəbləri var. Əsas səbəb idarəetmədə olan qüsurlar və pozuntular idi. Buna son qoymaq üçün artıq bütün şirkətlərdə, haradasa 10-a yaxın dövlət şirkətində yeni idarəetmə modeli yaradıldı. Bunun müsbət tərəflərini dərhal görməyə başlamışıq: «Yəni, uzun illər ərzində zərərlə işləyən, hər dəfə dövlət büdcəsinə, necə deyərlər, müraciət edən SOCAR, məsəl üçün, indi gəlirlə işləyir. Uzun illər ərzində zərərlə işləyən və hər dəfə dövlətdən dotasiya alan “Azərbaycan Hava Yolları” gəlirlə işləyir… O ki qaldı, ASKON qurumuna, bunun da məqsədi nəqliyyat sektorunu vahid çətir altında bir platforma kimi yaratmaqdır. Çünki baxmayaraq ki, idarəetmədə dediyim müsbət dəyişikliklər baş verdi, ancaq nəqliyyat qurumları arasındakı koordinasiya zəif idi və nəzərə alsaq ki, bundan sonrakı illərdə bizim həm əsas gəlir mənbəyimiz, həm siyasi çəkimizi gücləndirən amillərdən biri nəqliyyat və bağlantılar olacaq, əlbəttə ki, burada biz tam şəffaf və koordinasiya şəklində işlək mexanizm yaratmalı idik.»
Dövlətimizin başçısı bu əminliyi də ifadə etdi ki, formalaşmaqda olan bu qurum tezliklə öz səmərəliliyini göstərəcək. Bununla paralel olaraq, şəhər nəqliyyatı problemləri də göz önündədir. Vaxtilə şəhər nəqliyyatını yüngülləşdirmək və tıxacları azaltmaq üçün bir çox böyük layihələr icra edilib. Dövlət başçısı İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bu məsələləri ətraflı şəkildə diqqətə çatdırdı. Bir çox tunellər, yol qovşaqları inşa edildi. Prezident İlham Əliyevin Sərəncamı ilə «Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı» təsdiqləndi.
Son dörd ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması prioritet olsa da, digər regionlarımızın da dayanıqlı inkişafının təmin edilməsi üçün davamlı addımlar atılır. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırır. Hava nəqliyyatına gəldikdə isə Heydər Əliyev Beynəlxalq Aeroportu MDB məkanında birinci yerdədir. «Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir» söyləyən cənab İlham Əliyev diqqəti işğaldan azad edilmiş ərazilərimizdə tikilən Beynəlxalq Hava limanlarına yönəldir. Artıq 2021-ci ildə Füzuli, 2022-ci ildə isə Zəngilan Beynəlxalq Hava limanlarının açılışı oldu. Üçüncü Beynəlxalq Hava Limanı isə Laçın rayonu ərazisindədir və 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bu Beynəlxalq Hava limanları Azərbaycanın dünya birliyində roluna, möhkəmlənən mövqeyinə aydınlıq gətirir. Beynəlxalq status almış bu hava limanları işğaldan azad edilmiş ərazilərimizin turizm imkanlarından istifadəyə geniş imkanlar açacaq.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilib. Qarşıdakı illərdə həyatımızın bütün sahələrinə bələdçilik edəcək sənəddə qüdrətli dövlət, yüksək rifah cəmiyyətinin inkişafı naminə müəyyənləşdirilən vəzifələr elmi cəhətdən təhlil edilir. İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma qaydalarına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla, nəzərdə tutulan vəzifələrin həlli Azərbaycanın inkişafına böyük təkan verəcək.
Göründüyü kimi, idarəetmə sistemində yeniləşmə, təkmilləşmə davamlı uğurları şərtləndirir. Azərbaycan daim yeniliyə maraq göstərir. Hazırda işğaldan azad edilmiş ərazilərdə də müasir idarəçilik sistemi tətbiq edilir. Bu ərazilərdə Prezidentin şəxsi nümayəndəliyinin yaradılması işin səmərəliliyinin artırılmasında öz sözünü deyir. Bu sistemin gələcəkdə digər bölgələrimizdə də tətbiqi əsas hədəflər sırasındadır. Yeni dövlət idarəçiliyinin tələblərinə cavab verən islahatlarla bağlı qətiyyətli mövqe ortaya qoyan Prezident İlham Əliyevin kadr siyasətinin əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara uyğunlaşmanı təmin etməkdir.
Yeganə Əliyeva, «İki sahil»