18 fevral 2025 11:18
310

Mərkəzi Azəri 20 yaşını qeyd edir

Azəri-Çıraq-Günəşli (AÇG) yatağında Çıraqdan sonra ikinci hasilat platforması olan Mərkəzi Azəridən ilk neftin əldə olumasının 20 illiyi qeyd edilir.

“İki sahil” xəbər verir ki, bu barədə "BP Azerbaijan" şirkətindən bildirilib.

18 fevral 2005-ci ildə Prezident İlham Əliyev yeni inşa olunmuş Mərkəzi Azəri hasilat, qazma və yaşayış platformasına səfər edərək AÇG-nin tammiqyaslı işlənməsinin başlandığını bildirən ilk neftin əldə olunmasını rəsmi tədbirlə qeyd edib.

O vaxtdan Mərkəzi Azəri AÇG-nin hasilat səlnaməsinin aparıcısıdır və yataqdakı bütün platformalar arasında ən yüksək hasilat göstəcisi ümumilikdə 152 milyon ton (1,1 milyard barel) neft olmaqla ona məxsusdur.

Ötən il də Mərkəzi Azəri bütün əməliyyatlarına təhlükəsiz və etibarlı şəkildə davam edərək il ərzində gündəlik 97 000 barel orta hasilat göstəricisi ilə AÇG platformaları arasında liderliyini saxlayıb.

Mərkəzi Azəri hasilat, qazma və yaşayış platforması ona körpü ilə birləşmiş texniki platforma olan kompressor və suvurma qurğusu ilə birlikdə Xəzərdə ən böyük dəniz komplekslərindən biridir. Bu kompleks AÇG-dəki digər platformalara və qurğulara vacib əməliyyatlar mərkəzi kimi də xidmət edir və öz qabaqcıl texniki imkanları sayəsində bütün yataqda əməliyyatların təhlükəsiz və etibarlı aparılmasını təmin edir.

Hazırda bu kompleksdə 210-a yaxın işçi çalışır ki, onların da 96%-i, platformanın növbəli çalışan iki rəhbərindən biri olan Cavid İsgəndərli də daxil olmaqla, Azərbaycanlı mütəxəssislərdir. Cavid Azərbaycanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə iki il öncə SOCAR-ın Fəxri Fərmanına layiq görülüb.

Platformada hazırda ümumilikdə 43 quyu istismardadır - bunlardan 28-i hasilat, 9-u qaz injector quyusu, 5-i suvurma və biri isə şlamların laylara vurulması üçün quyudur.