19 fevral 2025 00:44
292

"Mülki missiya" Cənubi Qafqazda əbədi lövbər salmaq niyyətindədir?

Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının mandatı daha iki il müddətinə uzadılandan sonra onun fəaliyyətində canlanma yaranıb. Belə ki, fevral ayında bu missiyanın üzvləri atəşkəsə nəzarət adı altında Azərbaycanla şərti həmsərhəd ərazilərdə müşahidələrini davam etidirməkdə, müəyyən qeydiyyatlar, həmçinin foto və video çəkilişlər aparmaqdadırlar. Mülki missiyanın bütün təxribatçı fəaliyyəti vizual və texniki vasitələrlə sərhədçilərimiz tərəfindən qeydə alınıb.

Şübhəsiz, missiya bu cür "monitorinq”lərlə bölmələrimizin dislokasiya yerləri və döyüş mövqelərimizin yerləşməsi barədə kəşfiyyat məlumatları toplamağa çalışır. Bu məlumatlar da erməni hərbçilərinə ötürülür. Bu da əsasən alman polislərindən və fransız jandarmeriyasının təmsilçilərindən, bir sözlə, təcrübəli hərbçilərdən ibarət avropalı casusların növbəti təxribat konturlarını cızmalarından,  regionda gərginliyi artırmaq niyyətlərindən xəbər verir. Bütün bunlar bir daha sübut edir ki, Aİ-nin mülki missiyası Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olunmasında əsla maraqlı deyil. Xatırladaq ki, missiya 2023-cü ilin əvvəlindən fəaliyyət göstərsə də, indiyə qədər heç bir müsbət nəticə əldə olunmayıb. Rəsmi Bakı bu missiya ilə bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, bütün bunlar sülhdən ağızdolusu danışan Ermənistanın “sülhpərvər patrullar”dan əl çəkmək niyyətində olmadığını göstərir: “Hətta Ermənistan XİN-i artıq bu “sülhpərvər patrulların  iki ölkə arasında  şərti sərhədin tam delimitasiyasına qədər monitorinqi davam etdirəcəyini elan edib. Aİ də   Cənubi Qafqaz regionunda nüfuzunu artırmaq məqsədilə bu fürsətdən yararlanmağa çalışır. Bununla da Ermənistan regionu ciddi təhlükə qarşısında qoyur, onu fəlakətə sürükləyir.  Şübhəsiz, bu, həm də həmin missiyanın təcavüzkar ölkənin əli ilə Cənubi Qafqazda əbədi lövbər salmaq niyyətindən xəbər verir”. 

Həmsöhbətimiz xatırladıb ki, Aİ-nin Ermənistana göndərdiyi müşahidəçi missiyasının “sülhpərvər patruıları” öz işinə başlayandan bir gün sonra - 2023 cü il fevralın 21-də Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdən atəşə tutulub: “Sonrakı dövrələrdə də eyni ssenari davam etdirilib. Aİ “Azərbaycanla bağlı vəziyyətin həllinə kömək etməli” olan mülki missiyasının müddətinin yekunlaşmasına az qalmış sərhəddə gərginlik fonu yaradıb. Bununla İrəvan Ermənistan-Azərbaycan şərti sərhədində hansısa bir prosesin getdiyi görüntüsü yaratmaqla missiyanın büdcəsini və mandatını genişləndirmək məqsədi güdüb. Nəticədə təcavüzkar ölkə öz havadarları, xüsusilə Fransanın sayəsində istəyinə nail olub. Aİ müşahidə missiyasına bu dövr üçün 44 milyon avrodan çox büdcə ayırıb. Halbuki, 44 milyonluq vəsaiti Aİ-nin daxili vergi ödəyicilərinin hesabına Ermənistanın müdafiə sənayesinə hədiyyə edilmiş sərmayə kimi dəyərləndirmək daha doğrudur”.

Müsahibimizin sözlərinə görə, hazırda Ermənistanda sosial durum olduqca acınacaqlıdır. Amma məğlubiyyətdən nəticə çıxarmayan təcavüzkar ölkə bölgədə möhkəmlənmək istəyən, bu məqsədlə dəridən-qabıqdan çıxan Fransanın məkrli niyyətlərinə uyaraq silahlanmağından da qalmır: “Yaxşı olardı ki, Ermənistan silaha sərf etdiyi vəsaiti sosial məqsədlərə yönəldəydi. Bir məsələni də vurğulayaq. Hayastan 2021-ci ildə 600 milyon dollarlıq hərbi büdcəsini 2024-cü ildə 1 milyard 700 milyon dollardan yuxarı qaldırıb. Amma haylar nə qədər silahlansalar da, heç bir ölkənin torpağında gözü olmayan Azərbaycan öz haqq yolundan çəkilməyəcək. Hazırda Ermənistanın yeganə çıxış yolu irəli sürülən şərtlər əsasında Azərbaycanla sülh müqaviləsi imzalamaqdır. Başqa sözlə desək, rəsmi Bakının sülhə və əməkdaşlığa uzatdığı əlini sıxmaqdır. Bu, məğlub ölkənin gələcəyi üçün də məqsədəuyğundur”.

Qvami Məhəbbətoğlu, “İki sahil”