20 fevral 2025 01:25
176

İraq 800 milyon dollarlıq müqavilə imzalayıb

Layihə ölkənin gündəlik emal gücünü 70 min barel artıracaq

İraq Baş nazirinin ofisindən verilən açıqlamaya görə, İraq Əl-Divaniya şəhərində neft emalı zavodunun genişləndirilməsi üçün 800 milyon dollar dəyərində müqavilə imzalayıb.

Baş nazir Məhəmməd Əl-Sudaninin sözlərinə görə, layihəyə sutkada 70 min barel gücü olan atmosfer distillə qurğusunun əlavə edilməsi və ümumi istehsal gücünü 90 min barelə çatdırmaq daxildir.

O, həmçinin hidrokrekinq qurğularını, benzinin təkmilləşdirilməsi, izomerləşdirmə və digər vacib xidmət bölmələrini özündə birləşdirir.

Əl-Sudani bildirib ki, layihə hökumətin neft sənayesinin modernləşdirilməsi, məhsulun keyfiyyətinin yüksəldilməsi və istehsal gücünün artırılması səylərinin bir hissəsidir.

Əl-Sudaninin sözlərinə görə, layihə üçün vəsait təmin edilib və layihə podratçısı bir neçə gün ərzində fəaliyyətə başlamalıdır.

 Xatırladaq ki, keçən ay İraq, Şərqi Bağdadın cənubundakı yataqlar qrupunda ölkənin neft ehtiyatlarına 2 milyard barel orta və yüngül xam neft əlavə edə biləcək yeni neft yatağının kəşf edildiyini elan etmişdi.

Dövlətə məxsus “Midland Oil” şirkəti yeni kəşfin Çinin “ZhenHua Oil” şirkətinin yerli törəmə şirkəti olan “EBS” ilə əməkdaşlıqda edildiyini bildirib.

Kəşf İraqın neft naziri Hayan Əbdül-Qani tərəfindən bir il əvvəl elan edilmiş İraqın neft ehtiyatlarını 2028-ci ilə qədər 160 milyard barrelə çatdırmaq planını dəstəkləyir.

Nubar Süleymanova, “İki sahil”