20 fevral 2025 11:18
150

Ötən ay 129 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib

2025-ci ilin yanvar ayı ərzində 1.307 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 90,1 faizi (1178 qurum) yerli investisiyalı, 9,9 faizi (129 qurum) xarici investisiyalı qurumlardır.

Bu barədə “İki sahil" İqtisadiyyat Nazirliyi yanında Dövləət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, Kommersiya qurumlarının 87,5 faizi elektron qaydada qeydiyyata alınıb. Yanvar ayında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,5 faiz təşkil edib.

Bildirilib ki, 2025-ci ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1.604.938 vergi ödəyicisinin 87 faizi fiziki şəxslər, 13 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,4 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,1 faiz, hüquqi şəxslərin sayı isə 7,6 faiz artıb. Fevral ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq 191.643 vahid təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 40.901 vahid təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkil edib. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,5 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.