KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2024-cü ildə təşkil edilmiş iki müsabiqə çərçivəsində 41 layihəyə 714 min manat həcmində qrant ayrılıb.
“İki sahil” xəbər verir ki, hər bir layihə üzrə təqdim edilmiş maliyyə vəsaitinin həcmi 20 min manata qədərdir. Qrant almış şəxslər arasında gənclər və innovativ layihələr xüsusi çəkiyə malikdir. Qrant vəsaiti daha çox biznes yönümlü tədqiqat işlərinin aparılmasına, bu məqsədlə laboratoriya xərclərinin qarşılanmasına, prototiplərin hazırlanmasına, istehsal avadanlıqlarının əldə edilməsinə, yeni həll yollarının tətbiqinə, rəqəmsal platformalarının hazırlanmasına və s. istiqamətlərə yönəldilib.
İndiyədək isə KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək üçün 6 qrant müsabiqəsi təşkil edilib. Bu müsabiqələrə təqdim edilmiş layihələrdən 99-u 1,7 milyon manat həcmində maliyyələşdirilib.
Növbəti, 7-ci qrant müsabiqəsinin 2025-ci ilin birinci yarısında keçirilməsi nəzərdə tutulur.
Qrant müsabiqələrinin keçirilməsi, layihələrin ekspertizası, maliyyələşdirilməsi, monitorinq və hesabatlılıq məsələləri Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, həyata keçirilir. Qaydaya əsasən, müsabiqəyə təqdim olunan layihələr müxtəlif dövlət və özəl qurumları təmsil edən 7 nəfərdən ibarət Ekspert Komissiyası tərəfindən 14 meyara (layihənin mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər) uyğun olaraq qiymətləndirilir. Müsabiqənin nəticələri, o cümlədən qalib gəlmiş KOB subyekti, onun layihəsi və ayrılmış qrant barədə məlumatlar Agentliyin saytında yerləşdirilir.