İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Belçika nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə "İki sahil"ə AZPROMO-dan məlumat verilib.
Məlumata görə, görüş zamanı tərəflər arasında ticarət və investisiya tərəfdaşlığının gücləndirilməsi məqsədilə birgə fəaliyyətin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı layihələr barədə məlumat verərək bu təşəbbüslərdə Belçika şirkətlərinin iştirak perspektivlərinə toxunub. Həmçinin Azərbaycanın ixrac potensialı və Belçika bazarına çıxış imkanları da qeyd edilib.
Belçikanın Azərbaycandakı səfiri Culyen de Frepo və Belçika-Azərbaycan Ticarət Palatasının sədri Stef Qoris Belçikada Azərbaycan biznesi üçün əlverişli şərait yaratmaq, iş adamları arasında əlaqələri gücləndirmək və investisiya qoyuluşunu təşviq etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirildiyini bildiriblər.
Görüşün sonunda tərəflər qarşılıqlı səfərlərin və işgüzar missiyaların təşkil olunmasının əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından vacib olduğunu vurğulayıblar.