21 fevral 2025 16:24
131

Sığortalanan əkin sahələri 6 faiz artıb

Aqrar Sığorta Fondu 2024-cü ilin nəticələrini açıqlayıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "İki sahil"ə bildirilib ki, aqrar sığortadan istifadə edən fermerlərin sayı artır, sığortalanan əkin sahələri genişlənir. Aqrar Sığorta Fondunun məlumatına görə, 2024-cü ildə ölkə ərazisində sığortalanan əkin sahələri 447 min hektara çatıb. 2023-cü illə müqayisədə sığortalanan əkin sahələrində 25 min hektar və ya 6 faiz artım qeydə alınıb.

Əkin sahələri və təsərrüfatların sığortalanmasına maraq artmaqdadır. Belə ki, 2024-cü ildə ölkədə əkin sahələrinin sığortalanması üzrə aqrar sığorta müqavilələrinin sayı 56 min 662-yə yüksəlib. Bu, əvvəlki illə müqayisədə 6 min müqavilə və ya 11 faiz çoxdur. Qeyd edək ki, 2022-ci ildə əkin sahələri üzrə 46 min 828 müqavilə, 2023-cü ildə isə 50 min 970 müqavilə bağlanılıb.

Ölkə üzrə ən çox sığortalanan buğda və arpa sahələri olub. 2024-cü ilin sonuna olan vəziyyətə, sığortalanmış payızlıq buğda sahələri 246 min hektar, payızlıq arpa sahələri 116 min hektar təşkil edib. 2024-cü ildə əkin sahələrinin sığortası üzrə 12,3 milyon manat aqrar sığorta haqqı toplanılıb və bu əkinlərə, ümumilikdə, 513 milyon manat sığorta təminatı verilib.

Ötən il Aqrar Sığorta Fondu bəzi bitkiləri ilk dəfə olaraq sığortalayıb. Bunlar nektarin, qarpız, albalı, yemiş və tütün bitkiləridir. Qeyd edək ki, 2024-cü ildə qarpız sahəsinin sığortalanması ilə yanaşı, bu əkin sahəsində baş vermiş hadisə ilə əlaqədar olaraq böyük məbləğdə – 94 min 500 manatlıq sığorta ödənişi həyata keçirilib.

2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən 3 276 baş iribuynuzlu mal-qara sığortalanıb. Bu müqavilələr üzrə 1,9 milyon manat sığorta haqqı toplanıb və sığortalanan heyvandarlıq təsərrüfatlarına 20 milyon manat məbləğində sığorta təminatı verilib.