2024-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin bölgələrdə keçirdiyi Aqrar Biznes Festivallarında ümumi dəyəri 6 milyon manatdan çox olan məhsul satılıb.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzin direktoru Anar Cəfərov Bakıda “Gənc Aqrosahibkarlar” layihəsinin bağlanış mərasimində bildirib.
Onun sözlərinə görə, ötən il 12 iqtisadi rayonunu əhatə edən 33 rayonda keçirilmiş Aqrar Biznes Festivallarında 56 rayondan 17 171 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçısı və emalçısı iştirak edib.
Direktor qeyd edib ki, festivalların keçirilməsi bu il də davam etdiriləcək: "Bu festivallar fermerlərin, kiçik və orta sahibkarların, kənd təsərrüfatı məhsullarının və avadanlıqlarının istehsalı ilə məşğul olan yerli və xarici şirkətlərin, eləcə də dövlət qurumlarının iştirakı ilə müxtəlif xidmət təklifi, innovativ məhsul və avadanlıqların əyani nümayişi şəklində həyata keçiriləcək. Bu il festivallar ölkənin aparıcı banklarının tərəfdaşlığı ilə təşkil olunacaq".