Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasında 2024-cü il ərzində qarşıya qoyulmuş məqsədlərə nail olunması istiqamətində müvafiq tədbirlər icra edilib.
“İki sahil” xəbər verir ki, Müdafiə Nazirliyinin fəaliyyəti barədə ictimaiyyətə dəqiq, dolğun və operativ məlumatların verilməsi məqsədilə 2024-cü il ərzində nazirliyin rəsmi internet səhifəsində (www.mod.gov.az) Azərbaycan, rus və ingilis dillərində 800-dən artıq məlumat yerləşdirilib.
Eyni zamanda, nazirliyin rəsmi feysbuk səhifəsində 1400-dək, teleqramda 1100-dək, instaqramda 1400-dək, "X"-də 1600-dək paylaşım edilib.
Nazirliyin rəsmi internet səhifəsində hərbi-vətənpərvərlik və digər mövzularda keçirilən tədbirlərlə bağlı 4700-dən artıq foto və 340-dan artıq video material yerləşdirilib.
Bundan başqa, media vasitələrindən Azərbaycan, rus və ingilis dillərində daxil olan 35-dən artıq sorğu cavablandırılıb.
Müvafiq dövrdə mediadan çəkilişlə bağlı daxil olan 223-dək müraciət araşdırılıb və çəkilişlərin təşkil edilməsi üçün zəruri köməklik göstərilib. Media nümayəndələrinin nazirliyin müvafiq strukturlarının maddi-texniki, eləcə də maddi-tədris bazasından istifadə edilməklə 3 tədbiri təşkil olunub.
Hesabat dövründə ictimaiyyətin geniş məlumatlandırılması və media ilə işin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinə, nazirliyin idarə və xidmət, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə, işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrə və döyüş mövqelərinə ümumilikdə 15 media-tur təşkil olunub. Media-turlar çərçivəsində jurnalistlər hərbi qulluqçularla görüşüb, onlardan müsahibələr alıb, şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin təşkili, eləcə də sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə tanış olublar.
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanının tələblərinə uyğun olaraq Müdafiə Nazirliyinin rəsmi saytının müraciətlər bölməsinə, eləcə də elekton poçt ünvanına daxil olan 26300-dək müraciət müvafiq qaydada istiqamətlər üzrə yönəldilib və cavablandırılması təmin edilib.
Kommunikasiya sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə media araşdırmaları institutları ilə müvafiq işçi görüşləri keçirilib və 11 hərbi və dövlət qulluqçusu xarici ölkələrdə beynəlxalq tədbirlərdə iştirak edib.
Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq, müvafiq tədbirlərin planlı şəkildə həyata keçirilməsi cari ildə də davam etdirilir.