«Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər»
Prezident İlham Əliyev
«Harada türk gördün öldür!» ideyası ilə 1905-1907-ci, 1918-1920- ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədən, soydaşlarımızı amansızcasına qətlə yetirən daşnaklar 1918-ci ilin 30-31 mart hadisələrində təkcə Bakıda 30 min dinc əhalini xüsusi qəddarlıqla öldürmüşlər. Kütləvi qırğın o dərəcədə dəhşətli olub ki, daşnakların ən qəddar ideoloqu, soyqırımının iştirakçısı Stepan Şaumyanın özü belə ermənilərdən ibarət polkun «xidmətlərindən» məmnunluğunu «yuxarılara» «Bizim üçün döyüşün nəticələri çox yaxşı olmuşdur» sözləri ilə ifadə etmişdir. Eyni qəddarlığı «Azərbaycanlılarsız Ermənistan» ideyası ilə davam etdirən, etnik təmizləmə siyasəti həyata keçirən, 1948- 1953-cü illərdə minlərlə soydaşımızı ata-baba yurdu Qərbi Azərbaycandan zorla çıxaran hayların həyata keçirdikləri deportasiyalar nəticəsində yurd həsrətinə dözməyən minlərlə soydaşımız dünyasını dəyişmişdir.
Əvvəlki qətliamlarda olduğu kimi, 1988-ci ildən başlayan bədnam «miatsum» hərəkatı zamanı öldürülən günahsız azərbaycanlıların harayı eşidilmədi, dünya birliyi 20 Yanvar faciəsini də sükutla izlədi. Sovet imperiyasının müxtəlif illərdə Vilnüsdə, Tbilisidə, Alma-Atada tərətdiyi hadisələri pisləyən beynəlxalq ictimaiyyət Bakı qırğınını SSRİ-nin daxili işi kimi qiymətləndirərək susdu. Ötən əsrin ən qanlı qətliamı- Xocalı soyqırımını da səssizcə izləyən Qərb bir gecədə erməni vəhşiləri tərəfindən yandırılan, külə döndərilən Xocalının harayını eşitmədi. Ermənilərin qana boyadıqları qocaların, uşaqların, qadınların faciəsinə, tonqallara atılan, süngülərə keçirilən körpələrə biganə qaldılar, susdular.
Bu cür «səssizlikdən», baş tumarlamalardan quduran ermənilər daha da azğınlaşırdılar. Erməni vəhşiliyinin qanlı cinayətlərinin sayı isə artırdı. 1988-1993-cü illərdəqondarma Qarabağ münaqişəsi ilə bağlı hadisələrdə 20 min soydaşımız ermənilər tərəfindən qətlə yetirilmiş, 100 min dinc azərbaycanlı yaralanmış, 50 min nəfər əlil olmuşdur. Münaqişə illərində 4.853 nəfər itkin düşmüş, onlardan 1357-si azad olunmuş, 439 nəfəri ermənilərin vəhşiliklərinə tab gətirməyərək həyatdan köçmüşlər. İki əsrdə azərbaycanlılara ağlagəlməyən fəlakətlər gətirən, insanlığa məxsus dəyərləri belə qan rəngində görən erməni terror təşkilatı «ASALA»nın vəhşi qaniçənləri soydaşlarımıza qarşı ən dəhşətli vəhşiliklər törətmişlər.
1988-ci ildə Xankəndidə «miatsum» bağırtıları ilə təşkil olunan aksiyalarda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi kimi əsassız tələblərə etiraz edən soydaşlarımıza qarşı növbəti qırğınlar törədildi. «Böyük Ermənistan» xülyası ilə yaşayan və soydaşlarımıza qarşı hər cür vəhşiliyə əl atan daşnakların Xocalıda törətdikləri soyqırımı insanlıqdan kənar vəhşiliklər idi. Bu gün dünya tarixində qanlı izləri ilə xatırlanan Xatın, Ruanda, Serebrenitsa, Sonqmi, Liditşe, Babi Yar kimi qətliamlarla müqayisədə 26 fevral 1992-ci ildə ermənilər tərəfindən törədilən Xocalı soyqırımı ağlasığmaz dəhşətləri ilə seçilir.
Rusiyanın 366-cı motoatıcı alayının sərxoş əsgər və zabitləri ermənilərlə birlikdə Xocalıda qana hərislik xislətlərini bir daha göstərdilər. Əsgəranda, Ağdamda, artıq tarixin arxivinə atılmış Qarabağ ərazisindəki azərbaycanlıların yaşadıqları Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərində də «etnik təmizləmə» siyasətlərini həyata keçirdilər. Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlını qətlə yetirən ermənilər qaniçənliklərini sonrakı illərdə Goranboy rayonunun Ballıqaya, Kəlbəcərin Başlıbel kəndlərində davam etdirdilər. Bir gecədə yandırılan Xocalıda 106-ı qadın, 63-ü uşaq, 70 nəfəri ahıl olmaqla 613 sakin misli görünməmiş qəddarlıqla qətlə yetirildi. 487 nəfər şikəst oldu, 1275 nəfər ermənilər tərəfindən əsir götürüldü, onların 150 nəfərinin taleyi barədə bu günədək xəbər yoxdur. 24 uşaq hər iki valideynindən, 130 körpə isə bir valideynindən məhrum oldu. Soyqırımı qurbanlarından 56 nəfərini amansız vəhşiliklə qətlə yetirən ermənilər bu əməllərindən xüsusi zövq aldıqlarını etiraf edirdilər.
Qəhrəman Azərbaycan xalqı ermənilərin bu əməllərini cavabsız qoymadı. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər erməni qaniçənlərinin Xocalı soyqırımına cavabı idi. Qisası qiyamətə qoymayan Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək düşmənə layiq olduğu cavabı döyüş meydanında verdi. Xankəndidə Dövlət Bayrağımızı dalğalandırmaqla erməni separatizminin , faşizminin kökünü kəsən, suverenliyimizi tam bərpa edən Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi xalqımızın yurd həsrətinə əbədilik son qoydu.
Ötən il fevralın 26-da Xocalıda soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq Soyqırımı Memorial Kompleksinin təməlini qoyan, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev « Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq» sözlərini əməli ilə təsdiqlədi.
O ölümsaçan günlərdən 33 il keçsə də Xocalı soyqırımı isə heç vaxt yaddaşımızdan silinməyəcək xalqımız bu qanlı cinayəti unutmayacaq. Otuz üç il bundan əvvəl erməni vəhşilərinin törətdikləri bu qanlı cinayəti beynəlxalq ictimaiyyətə çatdırmaqla haqlı olaraq dünyadan ədalət tələb edən Heydər Əliyev Fondunun xətti ilə davam etdirilən «Xocalıya ədalət!» kampaniyası dünyanın müxtəlif yerlərində səsləndirilsə də, bir çox tədbirlər, təqdimatlar həyata keçirilsə də Xocalı qurbanlarının, torpaq uğrunda həlak olmuş şəhidlərimizin qisasını xalıqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək almışdır. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. «Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı» söyləyən Prezident İlham Əliyev xalqımızın nəyə qadir olduğunu göstərdi. Torpaqlarından qovulmuş Xocalı sakinlərinə diqqət artırıldı. Onlar üçün ilk köçkün qəsəbəsi Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Ağcakənd qəsəbəsində salınmışdı. Ulu Öndərin tələbi bu idi ki, birlikdə olub, ağır vəziyyətdə yaşayanlara dayaq olmalıyıq.
İkinci Qarabağ müharibəsindən və 23 saatlıq antiterror tədbirlərindən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən Xocalıya da pay düşdü. Burada aparılan bərpa- quruculuq işləri sayəsində Xocalının da siması dəyişib. Ermənilər tərəfəndən dağıdılan evlər bərpa olunur. «Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Yenə də deyirəm, biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq, onları məhv etdik, Ermənistan ordusunu məhv etdik və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdik. Biz onlardan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu hər kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir» söyləyən Prezident İlham Əliyev haqlı olaraq bildirir ki, soyqırımından neçə il keçsə də, erməni vəhşilikləri yaddan çıxmayacaq.
Bu ilin fevral ayının 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olan, sonra kəndə köçən bir qrup sakinlərlə görüşən Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq doğma yurda dönən 460 keçmiş köçkünün rahat yaşaması üçün lazımi şərait yaradılıb. 137 fərdi mənzil istifadəyə verilib. Təqribən 60-a yaxın ev də bərpa olunacaq. «Təbii olaraq Ali Baş Komandan kimi bütün əməliyyatlara özüm rəhbərlik etmişəm və yenə də deyirəm, mənim üçün Prezident kimi bu vəzifədən daha ümdə vəzifə olmayıb heç vaxt. Bütün prezidentlik dövrümü də buna həsr etmişəm ki, biz torpaqlarımızı azad edək, işğalçıları torpağımızdan qovaq, haqq-ədaləti və milli ləyaqətimizi bərpa edək. Buna da nail olduq» sözləri ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mövcud olduğu illərdə azərbaycanlılara, türkçülüyə nifrət hissindən yaranan erməni vəhşiliyinin qurbanlarını da xatırladı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə erməni milliyyətçilərinin apardıqları mənfur siyasətinin qarşısının dərhal alındığını diqqətə çatdırdı. « Ulu Öndər çalışırdı ki, burada yaşayan azərbaycanlıların hüquqları təmin edilsin. Ancaq o, 1980-ci illərin sonlarında siyasi səhnədən gedəndən sonra bizim başımıza bu bəla gəldi. Yəni, o, istefa verəndən iki həftə sonra erməni separatçıları baş qaldırıb bizə qarşı ərazi iddiası ilə çıxış etmişdilər. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi bu məsələyə laqeyd yanaşdı. Faktiki olaraq fəaliyyətsiz idi və separatçılar daha geniş imkanlara malik oldular. Mərkəz, yəni Sovet İttifaqının rəhbərliyi onların tərəfində idi, ovaxtkı Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün bütün çirkin əməllərindən də çəkinmirdi. Burada xüsusi komitə yaradıldı və o komitə faktiki olaraq Qarabağı Azərbaycandan ayırmaq üçün bir vasitə idi» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqilliyimiz elan olunandan dörd ay sonra Xocalı soyqırımının törədilməsi erməni məkrinin, vəhşiliyinin, barbarlığının nəticəsi idi. Qeyd olunduğu kimi, əgər Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə vaxtında hakimiyyətə gəlməsəydi və o vaxt müharibə dayanmasaydı, bəlkə də daha da böyük ərazilər işğal altına düşərdi.
Artıq işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri Böyük Qayıdış Proqramında əks olunan mərhələlər üzrə davam etdirilir. Ən əsası odur ki, quruculuq konsepsiyası Azərbaycanın öz gücü, daxili imkanları hesabına həyata keçirilir. Ballıca kəndi bərpa olunan və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Hətta bu yerləri görməyən gənclərin, uşaqların doğma torpaqlarına həvəslə qayıtmaları xalqımıza məxsus torpağa bağlılıqdan, mənəvi keyfiyyətlərimizə sadiqlikdən qaynaqlanır. Xocalı faciəsi heç vaxt qaysaqlanmayan yaramız olsa da, torpaqlarımızın işğaldan azad edilməsi erməni qatillərinə verilən layiqli cavab xalqımıza təskinlik, şəhidlərimizin ruhuna hörmətdir.
Prezident İlham Əliyevin «Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər» sözləri də reallaşıb. Xocalılılara ən böyük təskinlik isə soyqırımını törədən vəhşilərin, qaniçənlərin, quldurların törətdikləri cinayətlərə görə Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab vermələridir. Necə deyərlər, «Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə.»
Xuraman İsmayılqızı, «İki sahil»