21 oktyabr 2025 01:25
124

Zəfər və Qayıdış

Xankəndi, Ağdərə və Xocalıda 1040 keçmiş məcburi köçkün ailəsi məskunlaşıb, plana əsasən daha 19 yaşayış məntəqəsində əhalinin məskunlaşdırılması istiqamətində işlər davam edir

Azərbaycan Respublikasının dövlətçilik tarixi zəngin və şərəfli səhifələrlə doludur. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində ölkəmizin ərazilərinin bir hissəsi - Qarabağın qədim şəhərləri, kəndləri, rayonları işğal edilmiş, xalqımız ağır sınaqlarla üz-üzə qalmışdır. Lakin Azərbaycan xalqı bu haqsızlıqla heç vaxt barışmamış, öz torpaqlarına qayıdacağı günə hər zaman inanmışdır. Belə ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması bunun bariz nümunəsidir. Bu tarixi qələbələr xalqımızın müasir tarixində yeni mərhələ açdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu Zəfər Azərbaycan dövlətinin gücünü, xalqımızın sarsılmaz birliyini, ordumuzun qəhrəmanlığını və milli iradəmizin möhkəmliyini bütün dünyaya nümayiş etdirdi. 2023-cü il oktyabrın 15-i Azərbaycan tarixində əlamətdar günlərdən birinə çevrildi. Həmin gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu möhtəşəm hadisə Azərbaycan xalqının milli qürurunun və qələbə əzminin ən yüksək təcəssümü idi. Otuz il həsrətlə gözlədiyimiz bayraq qaldırma mərasimləri bir daha sübut etdi ki, haqqın, ədalətin və tarixin səsi həmişə qalib gəlir. Həmçinin 2023-cü il noyabrın 8-də - Vətən müharibəsində Qələbənin üçüncü ildönümündə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndi şəhərində keçirilən hərbi parad müstəqil Azərbaycanın gücünün, ordumuzun qüdrətinin və xalqımızın birliyinin nümayişi idi. Bu parad həm də bütün dünyaya aydın mesaj verdi: Qarabağ əzəli Azərbaycan torpağıdır və burada heç vaxt başqa bir gücün hökmranlığına yol verilməyəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Qarabağ Universitetinin yaradılması azad edilmiş ərazilərin sosial-iqtisadi, elmi-mədəni inkişafında mühüm mərhələdir. Qarabağ Universiteti yalnız bir təhsil müəssisəsi deyil, həm də bölgənin intellektual inkişafının, elmin və biliklərin dirçəlişinin rəmzidir. Eyni zamanda, Azərbaycan Respublikasında Ağdərə rayonunun yaradılması dövlət idarəçiliyinin səmərəliliyini artırmaq, əhalinin rahatlığını təmin etmək və Qarabağ bölgəsinin tarixi simasını bərpa etmək baxımından əhəmiyyətli qərardır. Bu addımlar Qarabağa Böyük Qayıdış Proqramının daha planlı, sistemli və çevik həyata keçirilməsinə geniş imkanlar açır, eləcə də strateji hədəflərinə xidmət edir, gənclərin doğma yurdlarında təhsil alaraq regionun inkişafına töhfə verməsinə şərait yaradır.

Ümumiyyətlə, Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri bərpa-quruculuq işləri ilə tanışlıqla bərabər, yeni sosial obyektlərin açılışı və təmləqoyma mərasimlərinin keçirilməsi, doğma torpaqlarımıza qayıtmış sakinlərlə görüşləri ilə yadda qalır. Dövlətimizin başçısı daim çıxışlarında bildirir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Bütövlükdə, ilin elə bir ayı yoxdur ki, ölkə başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri olmasın. Müzəffər Ali Baş Komandanın Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfərləri də Qarabağın bərpa və inkişaf yolunun əyani göstəricisidir. Dövlət başçısının bu şəhərlərdə Dövlət Bayrağını ucaltması, hərbi paradı qəbul etməsi, yeni layihələrin təməlini qoyması həm tarixi ədalətin bərpası, həm də Böyük Qayıdış prosesinin dövlət səviyyəsində necə strateji yanaşma ilə həyata keçirildiyini nümayiş etdirir. Bunun nəticəsidir ki, bu gün Xankəndi, Ağdərə və Xocalıda 1 040 keçmiş məcburi köçkün ailəsi məskunlaşıb.

Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov şəhərdə keçirilən Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə köç planına əsasən 19 yaşayış məntəqəsində əhalinin məskunlaşdırılması istiqamətində işlər davam edir: “Artıq 1 040 ailə – 4064 nəfər keçmiş məcburi köçkün doğma yurduna qayıdıb. Ümumilikdə bu ərazilərdə 22 mindən çox şəxs məskunlaşıb və bütün sosial xidmətlərlə təmin olunub”. Qeyd olunub ki, hazırda ərazidə 546 sahibkarlıq obyektinin fəaliyyət göstərdiyi yerlərdə 3 mindən artıq şəxsin işlə təmin olunduğu, ümumilikdə 65 milyon manatdan çox investisiyanın həyata keçirildiyi vurğulanıb.

Xatırladaq ki, cari ilin sentyabr ayında Prezident İlham Əliyevin bölgəyə son səfərləri də Qarabağın yenidən qurulmasında yeni mərhələ açmışdır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azad olunması və bu bölgələrdə aparılan bərpa-quruculuq işləri, məcburi köçkünlərin öz doğma torpaqlarına dönməsi, müasir şəhərlərin və kəndlərin salınması, sosial infrastrukturun yaradılması, elm və mədəniyyət ocaqlarının açılması Azərbaycanın güclü dövlətçilik iradəsinin təzahürüdür.

Bir sözlə, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə bu gün Azərbaycanın dövlət suverenliyinin, tarixi ədalətin və milli birliyin təntənəsinə çevrilmişdir. Dövlət Bayrağımızın bu şəhərlərdə dalğalanması, hərbi parad, Qarabağ Universitetinin təsisi, Ağdərə rayonunun yaradılması və Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsi müstəqil Azərbaycanın ən böyük qələbələrinin təcəssümüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ bu gün dirçəlişin, inkişafın və gələcəyə inamın rəmzidir.

Sevinc Azadi, “İki sahil”