27 fevral 2025 00:29
104

İnvestisiyaların əhatə dairəsinin genişlənməsi üçün daha cəlbedici biznes mühiti yaratmalıyıq - Günümüzün əsas çağırışı

Prezident İlham Əliyevin bu günlərdə təsdiqlədiyi «Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında» Qanuna edilən dəyişiklik bir daha dövlətin iqtisadi siyasətində sahibkarlara diqqətin prioritetliyini nümayiş etdirir

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hazırda başlıca hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» yaxın gələcəkdə inkişaf konsepsiyamızın əsasını təşkil edir. Davamlı güclənən rəqabətqabiliyyətli iqtisadiyyatın, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması, ölkəmizin rəqabətli insan kapitalına söykənən müasir innovasiyalar məkanına və «yaşıl artım» ölkəsinə çevrilməsi, işğaldan azad edilmiş ərazilərimizin yenidən məskunlaşdırılması qarşımızda duran əsas prioritetlərdir. Bu milli prioritetlərin hər biri qarşılıqlı və əlaqəli şəkildə icra edildikdə yüksək nəticələr verəcəkdir.

Təbii ki, hər bir sahə ilə bağlı müəyyənləşdirilən hədəflər mövcud imkanların təqdimatında öz sözünü deyir. Azərbaycan istər yerli, istərsə də xarici investorlar üçün çox cəlbedicidir. Özlüyündə yaranan «Nəyə görə» sualına cavab olaraq qeyd edə bilərik ki, təkcə yaxşı investisiya iqliminin olması şərt deyil. Bu sualı cavablandırmaq üçün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illərində ölkəmizdə mövcud ictimai-siyasi vəziyyətə və bunun fonunda xarici iş adamlarının tərəddüdlərinə diqqət yetirmək kifayətdir. O zaman Azərbaycandakı ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Bu fakt da hər kəsə məlumdur ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Bu marağın müxtəlif dövrlərdə fərqli olması də inkaredilməzdir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin, normal biznes mühitinin yaradılması investorlarda bu tərəddüdlərin aradan qalxmasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider bildirirdi ki, ölkəmizin qapısı bura xoş niyyətlə ayaq basan hər bir xarici iş adamının üzünə açıqdır. İnvestorlar yatıracaqları vəsaitin təhlükəsizliyinə tam əmin ola bilərlər. Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Bu inam da səsləndirilir ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək. Təbii ki, bunu şərtləndirən amillər var. Azərbaycanın işğal altında olan torpaqları azadlığa qovuşub. Hər bir ərazimiz özünəməxsus potensiala malikdir. Onlardan səmərəli istifadə etmək məqsədilə həm Prezidentin müvafiq Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü həyata keçirildi, həm də «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Artıq işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensial imkanlardan istifadə etmək imkanlarına malikik. Tezliklə Qarabağımızın, Şərqi Zəngəzurumuzun böyük investisiyalar məkanına çevriləcəyi şəksizdir.  

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə artan diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun, sosial-iqtisadi sahədə davamlı inkişaf gerçəkləşdirilsin. Dövlət başçısı İlham Əliyev bu ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində ötən ilin sosial-iqtisadi göstəricilərinin təhlili əsasında bu mühüm məqamı xüsusi qeyd etdi ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Ümumi daxili məhsul 4 faizdən çox artıb. Nəzərə alsaq ki, artıq uzun illər iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır. Ötən il ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və hazırda bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir. Adambaşına düşən ehtiyatlara görə Azərbaycan dünyada aparıcı ölkələr sırasındadır. Xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7,2 faizini təşkil edir. Büdcə parametrləri də hər bir ölkənin iqtisadi potensialını əks etdirir. Bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan, icmal büdcə isə 48 milyard manatdan çoxdur. Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Bütün bu amilləri sadalamaqla bir daha təsdiqləyirik ki, yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə nail olmuşuq. Hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. İqtisadi, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, müstəqil siyasət apara bilərsən.

Nəticələrdən də göründüyü kimi, qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahənin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqillik, iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir: «Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır.» Dövlət başçısı bu məqamı da xüsusi qeyd edir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?

Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir. ÜDM-də özəl bölmənin payı 85 faiz təşkil edir. Ötən 21 ildən artıq dövr ərzində iki milyondan artıq yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Hazırda Azərbaycan kredit reytinqinin səviyyəsinə görə MDB məkanında ən irəlidə gedən ölkələrdəndir. Dünya İqtisadi Forumu inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı, bu reallığı da diqqətə çatdırır ki, uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Hər bir ölkənin öz inkişaf strategiyası olduğunu nəzərə alsaq, səylərin birləşdirilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi daha qabarıq şəkildə özünü büruzə verər. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq ölkə kimi təqdim etməyin vacibliyini bildirir.

Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahib çıxan Azərbaycan dövlət büdcəsi ilə regionun ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir. Bu fikir hər zaman qeyd olunur ki, əgər biz doğrudan da inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, hər sahədə şəffaflığın yüksək səviyyədə qorunmasına nail olmalıyıq. O da məlumdur ki, ölkəmiz 2011-ci ildə şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verməsi üçün Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur.

Məhz bu uğurlarımızın fonunda dövlət başçısı İlham Əliyev Azərbaycan-Pakistan biznes forumunda bu hədəfi açıqladı ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq. Bu hədəf hələ Prezident İlham Əliyevin ötən ilin yayında Pakistana səfəri zamanı bildirilmişdir. Dövlət başçısı biznes forumda bu əminliyi ifadə etdi ki, Novruz bayramından sonra artıq əhəmiyyətli nailiyyətlər görəcəyik.

Hər zaman qeyd etdiyimizi kimi, keçirilən biznes forumlar ölkələrin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. İqtisadi sahədə əməkdaşlıqda əsas istiqamətlərdən biri enerji sektorudur. Azərbaycan-Pakistan biznes forumunda da bu sahə geniş müzakirə edildi. Təsadüfi deyil ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlər arasında enerji sektoru xüsusi yer tutdu. İki ölkənin enerji şirkətləri bir sıra sənədlər imzaladı ki, bu da cənab İlham Əliyevin qeyd etdiyi kimi, praktik əməkdaşlıq elementinə çevriləcək. Enerji sahəsində əməkdaşlıq daha da genişlənəcək və növbəti sahələri əhatə edəcək.

Həmçinin nəqliyyat sektorunda mövcud imkanlar geniş təhlil edildi. Azərbaycan öz ərazisində iki mühüm beynəlxalq dəhlizi təşviq edir – Şərq-Qərb və Şimal-Cənub. Azərbaycan hər iki dəhlizin marşrutu üzərində yerləşir, fəal üzvdür və bağlantı nöqtələrini yaratmaqla daha geniş imkanlar təqdim edə biləcəyik.

Ölkəmizə on milyardlarla dollar həcmində birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi, hal-hazırda isə investisiya bərpaolunan enerji sahəsini də əhatə edir. Enerji sektoru ənənəvi olaraq iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcəkdir.

Qısa təhlil əsasında bu fikri xüsusi qeyd edə bilərik ki, ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın qarşısında geniş imkanlar açır. Şaxələndirmə siyasətinin uğurlu nəticələri göz önündədir. Dövlətimiz sahibkarlığın inkişafına xüsusi diqqət göstərərək bütün zəruri olan şəraiti yaradır. Prezident İlham Əliyevin fevralın 17-də təsdiqlədiyi “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” Qanuna edilən dəyişiklik də bunun bariz nümunəsidir. Bu sənədə əsasən, ölkəmizdə sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırıldı. Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılır. Qanuna bu dəyişiklik 2025-ci il yanvarın 1-dən tətbiq edilir.Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Digər regionlarımız kimi, bu ərazilərdə də infrastruktur layihələrinin icrası sahibkarlıq üçün gözəl imkanlar yaradacaq. Dövlət başçısı İlham Əliyev bu torpaqlara səfər etdiyi ilk vaxtlardan bu çağırışı etdi ki, Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik. Dövlət öz tərəfindən lazımi addımları atır və atacaq, özəl sektorun nümayəndələri də bu işlərdə fəal olmalıdırlar. Ölkə Prezidenti, həmçinin xarici şirkətləri də ölkəyə dəvət edir, onların biznes fəaliyyətinə təminat verildiyini xüsusi vurğulayır.

Dövlət investisiyaları ilə yanaşı, yerli və xarici sərmayələrin cəlb edilməsi ilə işğaldan azad olunan ərazilərdə iqtisadi və sosial infrastrukturun yenidən qurulması, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində işlərin həyata keçirilməsi prioritetdir. Ekspertlər qeyd edirlər ki, işğaldan azad edilmiş ərazilərin böyük iqtisadi potensialı və təbii ehtiyatları var. Bu da həmin ərazilərə yerli və xarici investisiyaların cəlbi, bunun fonunda əhalinin məşğulluğunun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

O da məlumdur ki, 2021-ci ilin sonunda Prezident İlham Əliyev «İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» Sərəncam imzaladı. Həmin il, həmçinin «Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında» Fərman imzalandı. İqtisadiyyatın qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmə sisteminin optimallaşdırılması və səmərəliliyinin yüksəldilməsi, əlaqələndirmənin gücləndirilməsi, bu sahədə şəffaflığın və sahibkar məmnunluğunun daha da artırılması məqsədilə imzalanan bu sənədə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki «Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu» publik hüquqi şəxsin və «Azərbaycan İnvestisiya Şirkəti» Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyində «Azərbaycan Biznesinin İnkişafı Fondu» yaradıldı. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması məqsədilə imzalanan birinci sənəddə isə qeyd edildiyi kimi, zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət-özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmin olunması ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə vəhdətdə olan tədbirlərlə dəstəklənməlidir.

Azad olunan ərazilərə yerli investisiyaları cəlb etmək üçün çoxşaxəli güzəşt və imtiyazlar tətbiq edilir. Bu güzəştlər xarici investorların da həmin ərazilərə gəlməsini stimullaşdırır. Məqsəd azad olunan əraziləri təkcə bərpa etmək deyil, həm də oradakı iqtisadiyyatın ölkə iqtisadiyyatına inteqrasiyasına nail olmaqdır. Buna görə də stimullaşdırıcı addımların atılması vacib məqamlardandır.

Sahibkarlar üçün işğaldan azad olunmuş ərazilərdə tikinti, turizm, istehsal, kənd təsərrüfatı məhsulları tədarükü, eyni zamanda emalı, həmçinin ticarət və müxtəlif növ xidmət sahələrində biznes qurmaq və fəaliyyət göstərmək imkanları var. Prezidentin müvafiq fərmanları ilə Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, həmçinin Ağdam Sənaye Parkı yaradılıb. Təkcə azad edilmiş ərazilərimizdə yox, ümumiyyətlə, ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun, regionların və sahibkarlığın inkişafı ilə bağlı görülmüş işlər sərmayədarlar üçün yeni biznes və investisiya imkanları açır. Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirirlər. Bu mühüm məqamı da xüsusi qeyd edək ki, dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yax­şılaşdırmaq, maliyyə resurslarının, habelə xarici borcların cəlb olunmasını səmərəli meyarlar əsasında idarə etmək məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan İnvestisiya Holdinqi yara­dıldı. Azərbaycana investisiya qoyulu­şuna marağın getdikcə artması, həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla bərabər, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial möv­cuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, regionda iqtisadi dayanıqlığın təmin olunması, investisiyaların əhatə dairəsinin daha da genişlənməsi üçün biz daha cəlbedici biznes və vergi mühiti yaratmalıyıq. Sahibkarlara güclü dəstək verilməlidir, süni maneələr aradan qaldırılmalıdır. Dövlətin tənzimləyici qurumlarının əsas vəzifəsi ölkədə biznesin genişlənməsinə, büdcəyə vergi ödəyən güclü orta və iri sahibkarlar təbəqəsinin formalaşmasına istiqamətlənməlidir.

Yeganə Əliyeva, «İki sahil»