Antalyada COP31-in Enerji və Nəqliyyat Günü çərçivəsində Azərbaycan, Türkiyə, Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) birgə təşkilatçılığı ilə “Elektrik enerjisi dövrünün enerji təminatı: COP31 baxışının reallaşdırılması üçün COP29-un Elektrik Şəbəkələri və Enerji Saxlancı Vədinin icrası” mövzusunda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Energetika naziri Pərviz Şahbazov artan təmiz enerji istehsalının onu saxlaya və istehlakçıya çatdıra bilən infrastrukturla birlikdə inkişafının vacibliyinə diqqət yetirib.
Nazir deyib ki, elektrikləşmə, sənaye və şəhərlərin inkişafı, süni intellekt və məlumat mərkəzlərinin genişlənməsi elektrik təchizatının etibarlılığına tələbləri artırır. İndiyədək 74 ölkənin qoşulduğu və 2030-cu ilədək qlobal enerji saxlanc gücünün altı dəfə artırılaraq 1500 QVt-a çatdırılmasını, 25 milyon kilometr elektrik şəbəkəsinin yaradılmasını və ya modernləşdirilməsini, 2040-cı ilədək isə əlavə 65 milyon kilometr şəbəkənin qurulmasını və ya yenilənməsini nəzərdə tutan “COP29 Qlobal Enerji Saxlancı və Şəbəkələr Vədi”nin bu çağırışlara cavab verdiyi qeyd edilib.
Azərbaycanın COP29 təşəbbüsünü konkret layihələrlə dəstəklədiyi diqqətə çatdırılıb. Azərbaycanın milli şəbəkə və saxlanc imkanlarını Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən regional elektrik enerjisi bağlantıları ilə tamamladığı bildirilib: “Bu dəhlizlərlə COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk”- deyə nazir əlavə edib.
Nazirin çıxışında COP təşəbbüslərinin həyata keçirilməsini sürətləndirmək üçün istehsal, elektrikləşmə və şəbəkə planlarının uzlaşdırılması, şəbəkə və saxlancın iqtisadi faydalarını nəzərə alan maliyyələşdirmə, regional layihələrdə ortaq qərarların və maliyyə dəstəyinin təmini prioritet istiqamətlər kimi diqqətə çatdırılıb.