27 fevral 2025 18:25
105

ADU-nun iki tələbəsi Milli Qəhrəmanın adına təsis olunmuş təqaüdə layiq görülüb

Fevralın 27-də Azərbaycan Dillər Universitetində (ADU) İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin və Şərq ölkələri üzrə regionşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov adına təqaüdün verilməsi ilə bağlı tədbir keçirilib.

ADU-dan “İki sahil”ə bildirilib ki, “Azərbaycan Dağ Yəhudiləri” Dini İcmasının sədri Milix Yevdayevin təşəbbüsü ilə ayrılan təqaüd akademik göstəriciləri yüksək olan və ictimai işlərdə fəallıq göstərən iki tələbəyə təqdim edilib.

Tədbirdə ADU-nun rektoru akademik Kamal Abdulla Azərbaycan-İsrail münasibətlərindən söz açıb. Qeyd olunub ki, hər iki ölkə arasında sıx dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur. Bu münasibətlər özünü siyasi, iqtisadi, elmi və mədəni sahələrdə də göstərməkdədir: “Bu gün əlamətdar bir gündür. Tələbələrimiz Azərbaycanın Milli Qəhrəmanı, əslən yəhudi olan, Birinci Qarabağ müharibəsi şəhidi Albert Aqarunovun adına təsis olunmuş təqaüdə layiq görülüb. Bu çox önəmli bir hadisədir. Azərbaycan və İsrail xalqları uzun illərdir ki, multikultural dəyərlərə hörmət və ehtiram içərisində yaşayır. Azərbaycanda hökm sürən multikultural ab-hava bütün dünya üçün örnək olmalıdır”.

“Azərbaycan Dağ Yəhudiləri” Dini İcmasının sədri Milix Yevdayev çıxışında təsis olunan təqaüdün ADU tələbələrinə əlavə stimul və motivasiya olacağını söyləyib. Vurğulayıb ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov adına təqaüd həm də birliyimizin, dostluğumuzun və tərəfdaşlığımızın bir nümunəsidir.

Beynəlxalq əlaqələr üzrə prorektor dosent Jalə Qəribova qeyd edib ki, tələbələrin elmi bacarıqlarının artırılması və inkişafı baxımından belə təqaüdlərin təsis olunması olduqca əhəmiyyətlidir.

Daha sonra Albert Aqarunov adına təqaüd israilşünaslıq ixtisasının ikinci kurs tələbəsi Rauf Ağazadəyə və israilşünaslıq ixtisasının üçüncü kurs tələbəsi Şahnəzər Zeynalova təqdim olunub.