27 fevral 2025 17:53
164

Qışın təkcə cəfasını deyil, səfasını çəkmək də mümkündür, əgər…

...Qışa hazırlıq yüksək səviyyədə təşkil olunubsa

Hər fəslin öz gözəlliyi var deyiblər. Əgər yazın gözəlliyi, təbiətin oyanışı və hər tərəfin yaşıllığa bürünmüşdürsə, yayın gözəlliyi təbiət qoynunda, mənzərəli yerlərdə istirahətdirsə,  payızın gözəlliyi xəzan küləyi ilə ağacların yapaq tökümüdürsə, qışın füsunkarlığı isə çöllərin bəmbəyaz qarla örtülməsi, insanların soyuq, ancaq təmiz havada əylənməsidir. Düzdür, bəzən qış sərt keçəndə problemlər də yaşana bilir. Məsələn, yollar buz bağlayır, nəqliyyatın hərəkəti qismən məhdudlaşır, təbii qazın təzyiqi aşağı düşür, enerji və su təminatında fasilələr yananır. Lakin yerli icra strukturları qışa ciddi hazırlaşanda bu problemlərin öhdəsindən gəlmək olur.

 Bu il sərt qışa hazırlıq yüksək səviyyədə təşkil olunub

Qeyd edək ki, son bir həftədir ki, ölkəmizdə, o cümlədən paytaxt Bakımızda qış öz sərt üzünü göstərməkdədir. Az qala hər gün qar yağır, Bakıda temperatur mənfi 3-4, rayonlarda 10-12 dərəcəyədək enir. Ancaq bütün bunlara rəğmən ölkəmiz, xüsusilə də Bakı əhalisi ciddi qış problemləri yaşamır. Çünki Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) kommunal və nəqliyyat qurumları ilə  mütəmadi  müşavirələr keçirərək  yarana biləcək problemlərin qarşısını dərhal almaq üçün tapşırıqlar verir. Eyni zamanda, rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri üzərlərinə düşən vəzifələri tam şəkildə yerinə yetirmələri üçün ciddi səfərbər olublar.  Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alətin, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Qışa hazırlığın diqqət mərkəzində saxlanılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin hər bir rayona təyin etdiyi cavabdeh şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə yerlərdə qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini, eyni zamanda, qarşıda duran vəzifələri müəyyənləşdirirlər

Xüsusi vurğulamaq lazımdır ki, ölkəmizin, o cümlədən paytaxtımızın qışa hazırlığı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Belə ki,  2024-cü ilin  dekabrın 28-də dövlətimizin rəhbəri qışa hazırlıqla bağlı Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına nəqliyyat vasitələrinin texniki göstəriciləri və imkanları barədə məlumat verib. Bildirilib ki, burada «İVECO» və «Dong Feng» şirkətlərinin istehsalı olan müxtəlif kommunal işlər üçün nəzərdə tutulan nəqliyyat vasitələri və texnikalar var. Nəqliyyat vasitələrinin əksəriyyəti tam elektrikli olmaqla, ekoloji cəhətdən ətraf mühitə ziyan vurmadan çalışır.

Qeyd edək ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın hər bir bölgəsində, o cümlədən Bakıda ardıcıl olaraq yenidənqurma və abadlaşdırma işləri aparılır, digər şəhərlərimizdə olduğu kimi, paytaxtda da ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Bütün bunlar həm şəhər sakinləri, həm də paytaxtımızın qonaqları tərəfindən böyük məmnunluqla qarşılanır. Təsadüfi deyil ki, Bakıya gələn turistlər paytaxtımızın dünyanın ən təmiz və gözəl şəhərlərindən biri olduğunu qeyd edirlər.

Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin mətbuata açıqlamasında bildirilib ki, hava şəraitinin dəyişməsi ilə əlaqədar İcra Hakimiyyətində 24 saat fəaliyyət göstərən qərargah fəaliyyət göstərir. Əgər paytaxtda qarın yağması intensivləşərsə, dərhal nəqliyyat vasitələri ilə yollara səpilməsi nəzərdə tutulan duz təyinat nöqtələrinə çatdırılır. Həmçinin 70-dən çox xüsusi nəqliyyat vasitələri hesab edilən qarkürüyən və duzsəpən nəqliyyat vasitələri mövcuddur. 6 min tondan çox xam duz ehtiyatı var.

Qeyd edək ki, qarlı havada Azərbaycan polisi də gücləndirilmiş iş rejimində işləyib. Xüsusilə avtomobillərin hərəkətinin çətinləşməsindən sonra paytaxtın əsas yollarında sürət həddi endirilib. Eləcə də bütün tablolarda «buzlu yol» işarəsi qoyulub və sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri tövsiyə edilir. Hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaşayış məntəqələrini birləşdirən magistrallarla yanaşı, məhəlləarası yollarda da yaranan problemlərin aradan qaldırılması istiqamətində yerindəcə operativ tədbirlər görülür.

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, Agentlik tərəfindən yol texnikası maşın və mexanizmlərin yanacaqla təmin edilməsi üçün lazımi qədər yanacaq- sürtgü materialları ehtiyatı toplanıb: «Bu qarlı şaxtalı günlərdə yol qurğularının normal istismarının, hərəkətinin təhlükəsizliyinin və fasiləsizliyinin təmin edilməsi üçün AAYDA tərəfindən körpülərinin requlyasiyalarının və dağılmış hissələrinin bərpası işləri görülür. Yol nişanlarının və yol avadanlıqlarının, siqnal dirəklərinin texniki vəziyyətinə baxışın keçirilməsi, avtomobil yollaırının cari təmiri, çiyinlərin bərkidilməsi, soyuducu borulara giriş-çıxış hissələrinin təmizlənməsi işləri davam etdirilir».

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən isə bildirilib ki, hava şəraitinin dəyişməsi ilə əlaqədar çağırışların artacağını nəzərə alaraq təcili tibbi yardım briqadalarının xəttə maksimum sayda çıxması nəzərdə tutulur. Bütün bölmələr müvafiq sərfiyyat və ləvazimatlarla təchiz olunub. Hazırda bütün avtomobillərdə istilik qaydasındadır. Avtomobillərdə qış rejiminə uyğun xüsusi şinlərdən istifadə edilir. Yollar buzlu olduqda Yasamal, Əhmədli kimi dağlıq ərazilərdə yerləşən bölmələrdə qoşa diferli avtomobillər xəttə buraxılır.

SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin sözçüçsü Eldəniz Vəliyev «İki sahil»ə açıqlamasında birmənalı olaraq bildirib ki, qarlı- şaxtalı günlərdə istər Bakıda, istərsə də regionlarda təbii qazla bağlı ciddi problemlər yaşanmayıb. Əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışırlar. Qazın təzyiqi  qış rejiminə uyğun qorunub saxlanır».

«Azərişıq» ASC-nin rəsmisi isə bildirib ki, havanın soyuması ilə əlaqədar yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik verilişi xətlərinin qış mövsümünə uyğun rejimdə fəaliyyəti üçün işlər davam etdirilir.

 «Azərenerji» ASC-nin mətbuat katibi Teymur Abdullayev isə deyib ki, qurum fəaliyyətini soyuq günlərdə sistemli və bir qədər gücləndirilmiş formada həyata keçirir: «İstehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün elektrik stansiyaları və sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilir. Yüksəkgərginlikli ötürmə xətləri təkrar yoxlanılır».

Bütün bunlara rəğmən, o cümlədən özümüzün son bir neçə gündə Bakı küçələrində və öz şəxsi məişət həyatımızda müşahidə etdiyimiz müsbət tendensiyalara rəğmən tam əminliklə demək olar ki, ölkəmizdə qışa hazırlıq yaxşı təşkil olunub. Yəni, yolların qardan dərhal təmizlənməsi, əhalinin qaz, su və enerji ilə fasiləsiz təmin olunması, qışın sərtliyini insanların yaşam tərzində hiss etdirməyib. Məhz bu səbəbdən də  qışın sərtliyindən çəkinməyərək ondan zövq almaq, yüksək əhval -ruhiyyə də olmaq Bakımıza yaraşıq, insanlarımıza isə mənəvi rahatlıq gətirir. Bir sözlə, bu gün paytaxt sakinləri dövlətimizin sərt qışa qarşı ciddi hazırlıqlı olmasından məmnundurlar.

 Elçin Zaman, "İki sahil"