Texniki və istehsal potensialı yüksək olan aqroparklar bu işin öhdəsindən gələ biləcəklərmi?
Azərbaycanda fəaliyyət göstərən aqroparklar ölkəmizin ərzaq təhlükəsizliyində və kənd təsərrüfatının inkişafında xüsusi çəkiyə malikdir. Belə ki, bu gün regionlarda 32 rayon üzrə 240 312 hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 50-dən çox aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Bu kənd təsərrüfatı müəssisələrinin 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, biri heyvandarlıq, ikisi isə emal sənayesi üzrə ixtisaslaşıb. Bu aqroparkların 44-ü artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və tikinti işləri aparılır.
Bu gün həmin aqroparklardan 3-ü Qarabağda və Şərqi Zəngəzurda fəaliyyət göstərir. O da məlumdur ki, Azərbaycanın ən məhsuldar torpaqları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir. Məhz bu səbəbdən işğaldan azad olunmuş rayonlarda da yeni aqroparkların yaradılması, oradakı ənənəvi kənd təsərrüfatı sahələrini bərpa etmək dövlətimizin qarşısında duran mühüm məsələdir. Prezident İlham Əliyev bildirib ki, bütövlükdə azad edilmiş bölgələrin iqtisadi, kənd təsərrüfatı və turizm potensialı çox böyükdür: « Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq».
Qeyd edək ki, ölkəmizdə aqroparklar 2014-cü ildən etibarən Prezident İlham Əliyevin tapşırığına əsasən, ərzaq təhlükəsizliyinin təmin edilməsi, regionlarda işsiziliyin aradan qaldırılması və idxaldan asılılığın azaldılması məqsədilə yaradılıb. Həmin qurumların fəaliyyətinə nəzarəti isə İqtisadiyyat Nazirliyinin nəzdində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirməyə başlayıb. Adıçəkilən agentlik ölkədə fəaliyyət göstərən sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 22 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılıb. İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən qeydiyyata alınan aqroparklar tərəfindən 2024-cü ildə 42,5 min hektar torpaq sahəsində əkin işləri həyata keçirilib. Bunun da 35,7 min hektarı suvarılan ərazilərdir. Məlum olduğu kimi, aqroparklar digər kənd təsərrüfatı müəssisələri kimi vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanır. Bununla yanaşı, dövlət tərəfindən də bu sahədə mühüm dəstək tədbirləri həyata keçirilir.
2024-cü ildə aqroparklarda 150 milyon manatlıq məhsul yetişdirilib
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Seymur Adıgözəlovun sözlərinə görə, ötən müddətdə ölkədə aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 158,9 milyon manat dövlət dəstəyi göstərilib. Bununla yanaşı, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb. Eyni zamanda, investisiya təşviqi sənədi almış 17 aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt əldə edib. Aqroparklarda istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətləri formalaşdırılır ki, bu da kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə olunmasına imkan yaradır. Bu müəssisələr aqrar sahədə inkişafı sürətləndirməklə yanaşı, idxaldan asılılığın azaldılmasına, eləcə də ölkənin ixrac potensialının artırılmasına və milli brendlərin yaradılmasına mühüm töhfələr verir.
Agentlik rəhbəri 2024-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildimişdi ki, il ərzində aqroparklarda 34,1 min ton buğda, 25,5 min ton arpa, 91,8 min ton dən və silos qarğıdalı, 49,7 min ton şəkər çuğunduru, 22,4 min ton pambıq, 17,3 min ton kartof, 11,6 min ton yonca, 1,1 min ton soya, 3,5 min ton tərəvəz məhsulları, 14 min ton qüvvəli yem istehsal olunub, 18,1 min ton qarışıq meyvə yığılıb və 606 min ədəd ting əkilib. Bununla yanaşı, heyvandarlıq üzrə ixtisaslaşmış 6 aqroparkda 32,4 min ton süd və 1,3 min ton ət istehsal olunub. Bütövlükdə isə, il ərzində aqroparklarda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 150 milyon manat təşkil edib.
Xatırladaq ki, Azərbaycanda kiçik və orta fermerlərin cəlb olunması ilə təşkil edilən ilk aqropark Yevlax rayonunda yaradılıb. Ümumi ərazisi 2 min 807 hektar olan Yevlax Pilot Aqroparkının 2 min 280 hektar sahəsi üzrə 34 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən, ümumilikdə, 55,2 milyon manatadək özəl investisiyanın yatırılması ilə 331 nəfər üçün daimi iş yerinin yaradılması nəzərdə tutulur. Sözügedən müəssisədə intensiv meyvə bağları salınacaq, heyvandarlıq və quşçuluq təsərrüfatları, eləcə də emal sahələri yaradılacaq. Artıq rezidentlər tərəfindən 44 milyon manat investisiya qoyulmaqla burada 121 daimi və 457 mövsümi iş yeri açılıb. 21 rezident tərəfindən indiyədək parkın ərazisində 1199 hektar sahədə əkin işləri aparılıb, 412,5 hektar intensiv və superintensiv meyvə bağları salınıb. Ötən müddətdə aqroparkda 1,1 min ton buğda, 0,6 min ton arpa, 0,4 min ton pambıq və 660 min ədəd ting istehsal olunub. 2024-cü ildə parkın ərazisində ilk dəfə yığım da həyata keçirilib. Yeni salınmış bağlardan, ümumilikdə, 44 ton çəyirdəkli (şaftalı, ərik, nektarin, alça və s.) meyvə yığılıb.
Fermerlər dövlət dəstəyindən səmərəli istifadə edirlərmi?
Bütün bunlar bir daha aydın şəkildə göstərir ki, bu gün Azərbaycan dövlətinin aqrar sahəyə diqqət və qayğısı bu istiqamətdə yüksək nəticələrin olacağına zəmanət verir. Xüsusilə 2023-cü ildən etibarən fermerlərə 5 il müddətində ərzaqlıq buğda istehsalına görə subsidiyaların verilməsi ölkənin taxıl ehtiyatlarını, ərzaq məhsullarını artırmaq istiqamətində önəmli addımdır. Eyni zamanda, fermerlərə ərzaq bolluğunun yaradılması istiqamətində göstərilən dövlət dəstəyi də hər il artırılır. Xüsusilə ölkəmizdə 3 il əvvəl tətbiqinə başlanılan aqrar sığortanın əhatə dairəsi davamlı olaraq genişləndirilir. Belə ki, son bir ildə Aqrar Sığorta Fondunun fermerlərə ödənişləri xeyli artıb. Fermerlər ötən il adı çəkilən fonddan 4 milyon manat həcmində sığorta ödənişi alıblar ki, bu da 2021–2022-ci illərdəki vəsaitdən 2 dəfə çox olub.
Bundan başqa, son illər kənd təsərrüfatı məhsullarının ciddi artımına nail olmaq üçün tətbiq olunan güzəştlərin həcmi genişlənib. Bu güzəştlər çərçivəsində bir sıra texnika və texnoloji avadanlıqlar idxal rüsumundan azad edilib, satışı subsidiyalaşdırılıb. Məsələn, fermer tərəfindən texnikanın ilkin dəyərinin 20 faizi ödənildikdə, büdcə vəsaiti hesabına idxal dəyərinin 40 faizi həcmində güzəşt edilir. Eləcə də müasir suvarma sistemləri dəsti və avadanlığının, soyuducu anbar və avadanlıqlarının alışına dövlət büdcəsi hesabına 40 faiz güzəşt olunur.
Elçin Zaman, «İki sahil»