Azərbaycan coğrafi mövqeyi, strateji tranzit məntəqələri və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə regionda liderdir
Xəbər verildiyi kimi, bir neçə gün öncə Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında Fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil ediləcək. Hazırda nəqliyyat və tranzit məsələsi isə ölkə üçün xüsusi əhəmiyyətə malikdir. Hökumətin əsas hədəfi indiki 6 milyon ton illik tranzit yükdaşımalarının həcmini 30 milyon tona çatdırmaq, yəni ölkədən keçən tranzit yüklərin həcmini 5 dəfə artırmaqdır. Bu, ilk növbədə ölkənin strateji əhəmiyyətini daha da artırması deməkdir. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan üzərindən tranzit daşımaların həcmində artım müşahidə olunur. Azərbaycan üzərindən tranzit daşımaların əsas “onurğa sütunu”nu isə dəmir yolları təşkil edir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatında deyilir ki, 2022-ci ildən etibarən dəmir yolu ilə tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. “2024-cü ilin 12 ayında ADY tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb. 2023-cü illə müqayisədə 2024-cü ilin analoji dövründə daşınmış tranzit yüklərin həcmi 5,7 faiz artaraq 7,3 milyon ton, idxal yükləri isə 10 faiz artaraq 5,2 milyon ton olub. Əsas tranzit istiqaməti olan Şərq-Qərb marşrutu üzrə il ərzində 3,2 milyon tondan çox yük daşınıb. Tranzit rejimdə daşınmış yüklər arasında neft və neft məhsulları 2,8 milyon tonu keçib və 2023-cü ilin göstəricilərini 11 faiz üstələyib. Əsas yüklərdən olan metal filizləri və metal sənayesi məhsullarında 8 faiz, ağac, sellüloz, kağız məhsullarında isə 26 faiz artım qeydə alınıb. Neft və neft məhsulları idxal rejimdə də ən böyük paya sahib olaraq 2023-cü illə müqayisədə 89 faiz, kimya sənayesi məhsulları 12 faiz, daş kömür və digər yanacaq məhsulları 52 faiz artım göstərib”, məlumatda qeyd edilir.
Qeyd edək ki, Azərbaycan üçün əsas strateji əhəmiyyətli tranzit dəhlizi Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhliz hesab olunur. 2024-cü ilin mart ayında Çinin Sian şəhərindən Orta Dəhlizlə Bakıya cəmi 11 günə çatan ilk konteyner blok-qatarı ölkəmizin tranzit potensialında yeni mərhələ açıb. Ötən il Çindən Azərbaycana 358 konteyner blok-qatarı (artıq onlardan 287-si qəbul edilib) göndərilib ki, bu da Orta Dəhlizlə yükdaşıma həcminin artdığını və Azərbaycanın beynəlxalq nəqliyyat sistemindəki rolunun daha da gücləndiyini göstərir. 2024-cü il ərzində bu dəhlizlə Çindən daşınan yüklərin həcmi 27 min konteyneri keçib. Bu, 2023-cü ilin göstəricilərini 25 dəfədən çox üstələyir. İnfrastruktur imkanlarımız bu il 1000 və 1000-dən artıq blok-qatarın Azərbaycan ərazisi ilə daşınmasına imkan verir. 2024-cü ilin noyabr ayında Bakıdan dəmir yolu ilə ilk ixrac yükü Çinə göndərilib. Bununla yanaşı, 2024-cü ildə Bakı–Tbilisi–Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.
2024-cü ilin iyun ayından Sian limanı ilə yanaşı, Çinin şərqdəki ən böyük limanlarından olan Lianyunqanqdan yüklərin test rejimində göndərilməsinə başlanılıb. ADY-in məlumatına görə, Şimal-Cənub dəhlizi 2024-cü ildə əhəmiyyətli dərəcədə genişləndirilib. Bu dəhliz ilə Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcmi 2024-cü ildə 814 min ton təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 faizdən çoxdur. ADY hesab edir ki, 2030-cu ilədək tranzit daşımaların illik həcmi 2-4 dəfə artırılacaq.
Ümumiyyətlə, Çinlə Avropa İttifaqı ölkələri, Böyük Britaniya və İsveçrə də daxil olmaqla ticarət dövriyyəsi 900 milyard ABŞ dollarına yaxındır. Bu yüklərin böyük əksəriyyəti dəniz üzərindən daşınsa da, son zamanlar qlobal təhdid və təhlükələri nəzərə alaraq quru yollarla, əsasən də dəmir yolları ilə yükdaşımalara maraq kəskin artıb. Bu kontekstdə ADY-nin yeni müqavilələri, yükdaşımaların təşkilində innovativ və ədalətli sistemin təsis edilməsi böyük logistik bazardan ciddi pay almağa imkan yaradır. Azərbaycan logistik potensialı artırmaq və regional inteqrasiyanı gücləndirmək üçün əhəmiyyətli imkanlar təqdim edir. Azərbaycan Dəmir Yolları bu məqsədlərə çatmaq üçün modernləşdirmə və inkişaf layihələrinə önəm verir və bu sahədə mühüm addımlar atır. Görülən bu işlər Azərbaycanın beynəlxalq yük daşımalarında mühüm rolunun daha da gücləndirməsini təmin edəcək. Orta Dəhliz layihəsinin yenidən gündəmə gəlməsi ilə Azərbaycana özünün geostrateji əhəmiyyətini yenidən vurğulamaq imkanı yaranıb. Bu, əsasən, rəsmi Bakıya həm Avropa, həm də Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı münasibətlərdə yeni mərhələyə qədəm qoymağa imkan verəcək. Azərbaycan növbəti illərdə də strateji əhəmiyyətli nəqliyyat infrastrukturu layihələrinə investisiyaları davam etdirmək və Orta Dəhlizi dünyanın əsas ticarət arteriyasına çevirmək niyyətindədir.
Sevinc Azadi, “İki sahil”