Tarix boyu qadınlar cəmiyyətin inkişafında mühüm rol oynayıb, ictimai-siyasi proseslərdə fəal iştirak ediblər. Azərbaycan qadınlarının müxtəlif sahələrdə uğurlu fəaliyyəti hər zaman müsbət dəyərləndirilib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar Şərqdə ilk dəfə seçib-seçilmək hüququ əldə etmişdir. Bu hadisə qadınların ölkənin ictimai-siyasi həyatında rolunun gücləndirilməsinə mühüm töhfə vermişdir. Maarifçilik hərəkatı nəticəsində qadınlar təhsil almağa başlayaraq, milli dəyərlərə sadiq qalmaqla mədəni və intellektual inkişafın təbliğatını aparmışdır.
Ümummilli Lider Heydər Əliyev qadınların cəmiyyətdə rolunu hər zaman yüksək dəyərləndirərək, onların uğurlu fəaliyyətinin təmin olunması üçün geniş imkanlar yaratmışdır. Ulu Öndərin rəhbərliyi dövründə qadınların hüquqları yüksək səviyyədə qorunmuş, onların müxtəlif sahələrdə iştirakına dəstək verilmişdir. Heydər Əliyev, eyni zamanda, qadınların təhsil alması və sosial həyatın hər bir sahəsində söz sahibi olmaları üçün ardıcıl siyasət həyata keçirmişdir. Bu siyasət qadınların mövqeyinin gücləndirilməsinə və cəmiyyətdə bərabərhüquqlu yer tutmalarına şərait yaratmışdır. Qadınların dövlət quruculuğunda və siyasi proseslərdə iştirakı Dahi Liderin inkişaf konsepsiyasının ayrılmaz hissəsinə çevrilmişdir.
Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. 1998-ci il sentyabrın 25-də Azərbaycan qadınlarının ilk qurultayının keçirilməsi dövlət gender siyasətində mühüm mərhələ olmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişilərin hüquq bərabərliyini təsbit edir. Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul edən Azərbaycan qadınların siyasi-iqtisadi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mütərəqqi addımlar atmışdır. Bu proses gender siyasətinin daha da təkmilləşdirilməsi və qadınların cəmiyyətdə fəal rol oynaması ilə nəticələnmişdir.
Ulu Öndərin gender siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə qoymuşdur. Dövlət başçısının 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri genişləndirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi statusunu almışdır. Bu komitə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 2006-cı ildə qəbul edilən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və 2010-cu ildə qəbul edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qadın hüquqlarının qorunması ilə bağlı fəaliyyət istiqamətlərini daha da genişləndirmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak edərək cəmiyyətin dinamik inkişafına mühüm töhfələr vermiş, Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində əvəzsiz xidmətlər göstərmiş, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstək nümayiş etdirmişdir. O, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Azərbaycan qadınlarının rolunu gücləndirən tarixi şəxsiyyətdir.
Milli Məclisdə qadın deputatların sayının artması, dövlət idarəçiliyində, təhsil, səhiyyə və digər sahələrdə qadınların fəal iştirakı onların vətəndaş cəmiyyəti quruculuğunda mühüm rol oynadığını sübut edir. Eyni zamanda, Azərbaycan qadınları ordu sıralarında da yer alaraq, ölkəmizin ərazi bütövlüyünün qorunmasında fəal iştirak edirlər. Hərbi tibb, mühəndislik və digər sahələrdə çalışan qadınlar Vətən qarşısında borclarını şərəflə yerinə yetirirlər.
Qadınlar tarixən milli irsin qoruyucusu, dövlətçiliyin dayağı və cəmiyyətin ayrılmaz hissəsi olmuşdur. Bu gün də onlar dövlət siyasətinə əhəmiyyətli dəstək verərək bütün sahələrdə uğurlu fəaliyyətləri ilə fərqlənirlər. Gender bərabərliyinin təmin edilməsi, qadınların hüquqlarının qorunması və onların cəmiyyətdə fəal iştirakına şərait yaradılması Azərbaycanın inkişaf strategiyasının vacib istiqamətlərindəndir.
Heydər Əsədov,
Milli Məclisin deputatı