7 mart 2025-ci il tarixində “SOCAR Tower”də SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında (BFB) tədavülünə başlanması ilə bağlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, eləcə də BFB, MDM, bank, sığorta və investisiya şirkətlərinin rəhbərləri və akademik dairələrin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra SOCAR istiqrazlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə edilən çıxışlarda dünya miqyasında bərpa olunan enerjiyə artan tələbat və ekoloji məsələlərə həssas yanaşmanın daha da yüksəlməsi fonunda Azərbaycanın strateji hədəflərindən, bu istiqamətdə ölkəmizin atdığı addımlardan bəhs olunub.
SOCAR-ın strateji hədəfləri çərçivəsində bərpa olunan enerji sahəsində reallaşdırılan və nəzərdə tutulan layihələr barədə məlumat verilib, bu xüsusda, “yaşıl istiqrazlar”ın SOCAR-ın dayanıqlı inkişaf hədəflərinə uyğun şəkildə daxili kapital bazarlarına qazandırdığı yenilik və səmərəlilik xüsusilə vurğulanıb.
Bununla yanaşı, 2016-cı ildən buraxılmağa başlanan SOCAR İstiqrazlarının yerli kapital bazarlarında formalaşdırdığı müsbət dinamika, investorların uzunmüddətli inam və marağının qazanılması, eləcə də bu istiqrazların son illər ərzində yaratdığı iqtisadi dəyər xüsusi qeyd edilib. SOCAR-ın “yaşıl istiqraz”larının bazara çıxarılmasının ekoloji cəhətdən daha dayanıqlı investisiya alətlərinin genişlənməsi baxımından strateji əhəmiyyət kəsb etdiyi və yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirildiyi diqqətə çatdırılıb.
Tədbirdə rəmzi “açılış zəngi”nin çalınması ilə SOCAR-ın “yaşıl istiqraz”larının BFB-də təkrar bazar əməliyyatlarına start verilib.
Daha sonra rəmzi istiqraz vərəqəsi imzalanıb və xatirə şəkili çəkdirilib.
SOCAR-ın “yaşıl istiqraz”ları kapital bazarlarında şirkətin strateji mövqeyini daha da möhkəmləndirməklə bərabər, SOCAR-ın ekoloji dəyərlərə sadiqliyini və dayanıqlı inkişaf prioritetlərini də özündə əks etdirir.