09 mart 2025 14:46
140

Zaqatalada, Balakəndə və Qaxda buraxılış imtahanı 10 mərkəzdə aparılıb

Martın 9-da Dövlət İmtahan Mərkəzinin (DİM) Şəki regional bölməsinin əhatə etdiyi Zaqatala, Balakən və Qax rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.

“İki sahil” xəbər verir ki, imtahanların keçirilməsi üçün Zaqatala rayonunda 5, Balakəndə 3, Qaxda isə 2 mərkəz olmaqla, ümumilikdə 10 bina ayrılıb. Buraxılış imtahanları Zaqatala şəhər 1, 2, 3 nömrəli və Qazangül qəsəbə tam orta məktəblərdə, Zərifə Əliyeva adına Texniki təmayüllü liseydə, Balakən şəhər 1, 3 nömrəli və Hənifə kənd tam orta məktəblərdə, həmçinin Qax şəhər 2 nömrəli orta məktəb-lisey və 5 nömrəli tam orta məktəbdə təşkil olunub.

İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

DİM-in regional bölməsindən verilən məlumata görə, Zaqatalada keçirilən və ümumilikdə 1150 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 109 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 91 zal ayrılıb.

Balakəndə keçirilən buraxılış imtahanında 713 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 11 imtahan rəhbəri və 70 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 59 zal ayrılıb.

Qax rayonunda keçirilən və 536 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına isə 7 imtahan rəhbəri və 50 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 42 zal ayrılıb.

AZƏRTAC-ın bölgə müxbiri Qax şəhərindəki 2 nömrəli orta məktəb-liseydə keçirilən buraxılış imtahanının gedişi ilə tanış olub. Məktəbdəki imtahan zallarında şagirdlər üçün zəruri şərait yaradılıb. Ümumi imtahan rəhbəri İqrar Məmmədli bildirib ki, 285 şagirdin iştirak etdiyi imtahanın idarə olunmasına 3 rəhbər və 25 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün binada 21 zal ayrılıb.

Regional bölmənin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, bütün imtahan mərkəzlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusu qeydə alınmayıb.