Rəşad Məcid: Ümid edirəm ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində yaxın aylarda Azərbaycan Prezidenti tərəfindən Əfv Sərəncamının imzalanmasının şahidi olacağıq
Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci ilin ötən dövründə üç iclası keçirilib. Növbəti iclasların keçiriləcəyi nəzərdə tutulur. Humanizmin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğu Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti addımın atılması Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətində humanizm prinsiplərindən qaynaqlanır.
Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid mövzu ilə bağlı “İki sahil” qəzetinin suallarını cavablandırır.
Əfv sərəncamları humanizm və mərhəmət aktıdır
- Əfv Sərəncamı kimlərə tətbiq edilə bilər?
- Əfv məsələləri Azərbaycan Prezidentinin müstəsna səlahiyyətlərindən biridir. Əfv sərəncamları humanizm və mərhəmət aktıdır. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına ünvanlanan müraciətlər Komissiyanın katibliyində araşdırılır. Qanunvericiliyə uyğun olan müraciətlər Komissiyanın müzakirəsinə çıxarılır. Prezident tərəfindən imzalanan Əfv Sərəncamı Azərbaycan məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.
- Məhkum əfv olunmaq üçün Komissiyaya nə vaxt müraciət edə bilər?
- Yüngül cinayətlərdə ittiham olunan məhkumlar həbs müddətinin 3-də bir hissəsi keçdikdən sonra Əfv Məsələləri Komissiyasına müraciət edə bilərlər. Ağır cinayətlərlə ittiham olunan məhkumlar isə həbs müddətinin ən azı yarısı keçdikdən sonra müraciət etmək hüququ qazanırlar. Qanunvericiliyə uyğun olaraq bu məsələlər komissiyanın katibliyində müzakirə olunduqdan sonra müxtəlif qurumlardan, eyni zamanda, cəzaçəkmə müəssisəsindən məhbus haqqında rəylər alınır, sənədlər hazırlanır. Sonra həmin sənədlər Komissiyanın iclasında müzakirə olunur.
Mənfi rəy verilmiş məhkumun müraciətinə müsbət rəy verilə də bilər
- Əgər məhkumun Komissiyanın builki iclaslarında müraciətinə baxılmayıbsa növbəti ildə yenidən baxılırmı?
- Qanunvericiliyin tələblərinə uyğun olaraq Komissiyaya olunan müraciətlərə münasibət bildirilir. Səsvermə yolu ilə qərarlar qəbul olunur. Katiblikdə qanunvericiliyin tələblərinə cavab verməyən, yaxud da müddət məsələsinə görə qalan müraciətlər növbəti illərdə baxılması üçün hazırlana bilər. Eyni zamanda, Komissiyanın mənfi rəy verdiyi müraciətlərə növbəti illərdə məhkumlar yenidən müraciət edə bilmək hüququna malikdirlər. Təcrübədə belə hallar mövcuddur. Məhkumun müraciətinə müxtəlif səbəblərdən Komissiya tərəfindən mənfi rəy verilsə də, amma sonrakı illərdə adıçəkilən qurum tərəfindən baxılıb müsbət qərar verilə bilər.
Ömürlük azadlıqdan məhrum olunan məhkumların da Əfv Komissiyasına müraciət etmək hüququ var
- Yaxud hər hansı məhkum haqqında Komissiya tərəfindən müsbət rəy verilməyibsə həmin şəxs yenidən müraciət edə bilərmi?
- Bəli, edə bilər. Katibliyin və Komissiyanın mənfi rəy verdiyi müraciətə baxmayaraq, məhkum növbəti dəfə müraciət edə bilər. Təkrar müraciətə yenə də komissiyada baxılır. Əvvəlki ildə mənfi rəy verilmiş məhkumun müraciətinə növbəti illərdə müsbət rəy verilə də bilər.
Narkotik, oğurluq, soyğunçuluq, quldurluq, adam oğruluğu…
- Komissiya ümumiyyətlə, hansı məhkumlar haqqında müsbət rəy vermir?
- Əfv məsələləri fərdi müraciətlərə əsaslanır. Hər bir məhkumun fərdi qaydada müraciəti müzakirəyə çıxarılır. Cinayət araşdırılır. Cinayət haqqında məlumat Komissiya üzvlərinə verilir. Müxtəlif qurumların, hüquq-mühafizə orqanlarının rəyi orada öz əksini tapır. Müzakirələr nəticəsində Komissiya münasibətini bildirir. Əsasən adıçəkilən qurumun üzvlərinin ümumiləşmiş fikri olur ki, narkotik, oğruluq, soyğunçuluq, quldurluq, adam oğruluğu məsələlərində ittiham edilən, məhkum olunan şəxslərin müraciətləri çox zaman mənfi rəylə qəbul olunur.
Ömürlük həbsə məhkum edilənlər arasında elə cinayətlər törədənlər olur ki...
- Ömürlük azadlıqdan məhrum edilən məhkum Əfv Komissiyasına müraciət edə bilərmi?
- Ömürlük azadlıqdan məhrum olunan məhkumların da Əfv Komissiyasına müraciət etmək hüququ vardır. Komissiya tərəfindən ötən illərdə belə müraciətlərə çox baxılıb. Bəzi hallarda hətta müsbət rəy verildiyi məqamlar da olub. Ömürlük azadlıqdan məhrum olunan şəxsin cəzası 15, 20 illik həbs cəzası ilə əvəzləndiyi hallar da olub. Ümumiyyətlə, bu barədə Komissiyada hər il müraciətlərə baxılır. Qanunvericilikdə belə məqam var ki, ömürlük cəzası olan dustaqların 20 il həbsdən sonra məhkəməyə müraciət etmək hüququ var. Ali Məhkəmə bu işlərə yenidən baxa bilər. Ömürlük cəzanı 20 ildən sonra 5, 10 ilə dəyişə, yaxud da başqa cəza verə bilər. Fikrimcə, Ali Məhkəmədə ömürlük həbslərə belə müraciətlər əsasında baxılması mümkün ola bilər. Ömürlük həbsə məhkum edilənlər arasında qandonduran cinayət əməlləri törədənlər də olur. Belə məqamlarda humanizm prinsipləri kənarda qalır. Bu məsələlərdə hər hansı güzəştlərdən söhbət getməsi mümkün deyil.
Təəssüf ki, əfv müraciətləri iclaslar başladıqdan sonra yada düşür
- Əfv Komissiyasına müraciətlər yalnız qurumun iclasları zamanı mümkündürmü?
- Əfv Komissiyasına il boyu müraciət etmək olar. Təəssüf ki, bizim bir çox məhkumların yaxınları və qohumları tərəfindən əfv müraciətləri ancaq Əfv Komissiyasının iclasları başladıqdan sonra yada düşür. İl ərzində beş, on müraciət daxil olmadığı halda, iclasların başladığı son bir ayda 20-30-a yaxın müraciət daxil olub. Bu məsələlərdə maarifləndirici məqamlar da vacibdir. Məhkumların yaxınları bilməlidirlər ki, əfv üçün müraciətlər Komissiyanın katibliyində araşdırılır, sonra müvafiq sənədlər hazırlanır. Həmin sənədlər əsasında müxtəlif hüquq-mühafizə orqanlarından rəylər alınır. Bu isə öz növbəsində 2-3 ay çəkən proseslərdir. Ona görə də Komissiyanın iclasları başlananda elə müraciətlər olur ki, icra üçün bu il üçün çatmır. Məhkumların yaxınlarına, qohumlarına bildirmək istəyirəm ki, əfvlə bağlı qanunvericilikdə nəzərdə tutulan tələblər əsasında il ərzində Əfv Komissiyasına müraciət edə bilərlər.
Komissiya öz işini aprel ayının sonlarında yekunlaşdıracaq
- 2024-cü il də daxil olmaqla indiyədək neçə əfv Sərəncamı imzalanıb?
- Azərbaycanın müstəqillik tarixində 70 əfv Sərəncamı imzalanıb. Bu Son illərdə ən çox məhkuma şamil olunan əfv Sərəncamı cənab İlham Əliyev tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində imzalandı. Bu Sərəncam 802 nəfər məhkuma şamil olundu. Bu il də “Konstitusiya və Suverenlik İli”dir. Bu ildə də arzu edərdik ki, imzalanacaq Sərəncam daha çox məhkumu əhatə etsin.
- Bu il təqribən nə qədər məhkum əfv olunmaq üçün müraciət edib? Ötən il olunan müraciətlərə yenidən baxılacaqmı?
- Əfv Komissiyasına həddindən artıq müraciət daxil olmaqdadır. Bu il də bildiyimə görə, 5000-dən artıq müraciət daxil olub. Amma bu müraciətlərin əksəriyyəti qanunvericiliyin tələblərinə uyğun gəlmir. Ona görə də ünvanlanan müraciətləri Komissiyanın katibliyi aydınlaşdırır. Təxminən Əfv Komissiyasına 700-ə yaxın müraciət ünvanlanıb. Komissiya öz işini davam etdirir. Bu həftə Komissiyanın artıq 3-cü iclası keçirildi. Növbəti həftələrdə də Əfv Komissiyasının iclasları keçiriləcək. Çox güman ki, Komissiya öz işini aprel ayının sonlarında yekunlaşdıracaq. Komissiya öz işini bitirdikdən sonra bütün sənədlər toplanaraq cənab Prezidentə təqdim olunacaq. Əfv Sərəncamı ölkə başçısının müstəsna hüququdur. Ümid edirəm ki, yaxın aylarda Azərbaycan Prezidenti tərəfindən Əfv Sərəncamının imzalanmasının şahidi olacağıq.
Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”