09 mart 2025 19:37
107

Gia Abaşidze: “Dərin dövlət”in və Sorosun maraqlarına xidmət edən QHT-lər ölkələrinin öz qonşuları ilə münasibətlərinə də zərbə vururlar

İfrat solçuların himayə etdikləri strukturlar, siyasi partiya və qeyri hökumət təşkilatları (QHT) cəmiyyətin maraqlarına deyil, onların himayədarlarına xidmət edirlər.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında gürcü analitik Gia Abaşidze İlon Maskın ABŞ-da QHT-lərin ləğvi tələbinə münasibət bildirərkən söyləyib.

Analitik ABŞ-ın Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri İlon Maskın sosial şəbəkələrdə QHT-lərin ləğvi ilə bağlı yayılan bəyanatını yüksək qiymətləndirib. Bildirib ki, İ.Maskın “amerikalıların problemlərinin 70 faizinin QHT-lərin ləğvi ilə həll olunacağı” barədə fikri gözəl ideyadır.

Abaşidzenin sözlərinə görə, qlobalist, sorosist qüvvələrin maliyyələşdirdiyi QHT-lərin təkcə onlara deyil, amerikalılara da xeyli narahatlıq yaratdığını təsəvvür etmək çətin deyil.

Onun sözlərinə görə, “Dərin dövlət”in və onun qollarının idarə etdiyi onlarca QHT demokratiyanın möhkəmlənməsi istiqamətində dönməz yolda olan Gürcüstanda vətəndaş cəmiyyətinin mahiyyətini tamamilə korlayıb.

“Təsəvvür etmək çətin deyil ki, qlobalist, sorosist qüvvələr tərəfindən maliyyələşdirilən QHT-lər təkcə onlara deyil, amerikalılara da xeyli narahatlıq yaradıb. ABŞ-da QHT-lərin ləğvi tələbi, sadəcə, İ.Maskın şıltaqlığı deyil. Çünki ifrat solçuların himayə etdikləri strukturlar cəmiyyətin maraqlarına deyil, onların himayədarlarına xidmət edir”, - deyə Abaşidze vurğulayıb.

Analitik deyib: “Dərin dövlət”in, Sorosun maraqlarına xidmət edən QHT-lər öz ölkələrinin hətta qonşu dövlətlərlə münasibətlərinə də zərbə vururlar. Hətta bəzən onlar bunu gizlətmir, öz ağalarının diktəsi ilə açıq-aşkar çıxışlar edir, bəzi zəif qüvvələri də öz arxalarınca aparırlar”.