09 mart 2025 23:56
110

Üç güləşçimiz Avropa çempionatının finalına vəsiqə qazanıb

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U23 Avropa çempionatı davam edir.

“İki sahil” xəbər verir ki, qitə birinciliyində ilk medalçılar müəyyənləşib. Azərbaycanın sərbəst güləşçiləri turnirə 2 gümüş və 2 bürünc medalla start verib.

Rəhman İmanov (57 kiloqram) təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Stefan Şterjova tam üstünlüklə (11:0) qalib gəlib. Həmyerlimiz axşam seansında ukraynalı Vladislav Abramovu da üstələyərək (8:6) bürünc medala sahib çıxıb.

Murad Haqverdiyev (65 kiloqram) ukraynalı Mikita Qonçarovla gərgin mübarizə şəraitində keçən təsəlliverici görüşdən qalib ayrılıb – 5:4. Gəncə güləş məktəbinin yetirməsi həlledici qarşılaşmada moldovalı Fyodor Keavdari üzərində isə 9:6 hesablı qələbə qazanaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Kənan Heybətov (70 kiloqram) finalda rusiyalı Maqomed Eltemirovla qarşılaşıb. Finala qədər bütün rəqiblərinə tam üstünlüklə qalib gələn Kənan son qarşılaşmada istənilən güləşi nümayiş etdirə bilməyib – 0:11. Beləliklə, Heybətov ardıcıl 2-ci dəfə analoji yarışı gümüş medalla başa vurub.

Fərid Cabbarov (79 kiloqram) da finalda Rusiya təmsilçisi ilə üz-üzə gəlib. Arsen Balayana 1:5 hesabı ilə məğlub olan Fərid gümüş medalla kifayətlənib.