12 mart 2025 11:22
109

“Professor Gül” gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-in “Professor Gül” gəmi-bərəsinin tərsanə təmiri yekunlaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Qeyd edilib ki, təmir işləri "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.

Gəmi üzrə gövdə qaynaq, avtomatika və boru işləri görülüb, müxtəlif təyinatlı nasoslar təmir olunub. Bərənin sualtı və suüstü hissəsi təmizlənərək rənglənib. Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün kayutlarda lazımi işlər görülüb.

Gəmidə nasaz vəziyyətdə olan rabitə və elektroradionaviqasiya avadanlıqları da yenilənib. Həmçinin gəmi-bərədə müasir tip “Inmarsat-C” peyk rabitə terminalları, orta və qısa dalğalı radiostansiya, stasionar ultraqısa dalğalı radiostansiyalar, qəza radiomayakı, qəza-xilasetmə radiostansiyalar və vericilər, Avtomatik İdentifikasiya Sistemi (AIS), radiolokasiya stansiyası, girokompas quraşdırılıb.

Təmir işləri başa çatdıqdan sonra gəmi-bərə yenidən istismara qaytarılıb.

Uzunluğu 154,5 metr, eni 18,3 metr olan “Professor Gül” gəmi-bərəsinin maksimal sürəti 15 uzeldir.