Naxçıvan şəhərində də Regional DOST Mərkəzi inşa olunur və cari il ərzində Mərkəz istifadəyə veriləcək. Bu barədə Naxçıvan Muxtar Respublikasında əmək və məşğulluq, sosial müdafiə sahələrində aparılan işlərə və qarşıda duran vəzifələrə dair keçirilən infosessiyada bildirilib.
“İki sahil” xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işlərinin Naxçıvan MR-i də əhatə etdiyini diqqətə çatdırıb. Nazir muxtar respublikanın bütün rayon mərkəzlərində DOST filiallarının yaradılmasının da nəzərdə tutulduğunu, bununla bağlı layihələndirmə işlərinin artıq yekunlaşdığını qeyd edib.
Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2024-cü ildəki fəaliyyətinin nəticələri təqdim olunub. Muxtar respublikada sosial təminat sahəsində aparılan işlər, son bir ildə 2,2 min nəfərin işlə təmin edildiyi, 2 minə yaxın şəxsin özünüməşğulluq proqramına, 210 nəfərin peşə hazırlığına cəlb olunduğu, 1,7 min şəxsə peşəyönümü məsləhət xidməti göstərildiyi diqqətə çatdırılıb.
Keçən il Naxçıvan MR-də əlilliyi olan 600-dən çox şəxsə və 18 yaşadək əlilliyi müəyyən olunmuş 550-yə yaxın şəxsə reabilitasiya xidmətləri, tənha ahıl və əlilliyi olan 257 şəxsə evlərində sosial-məişət xidməti göstərildiyi, əlilliyi olan şəxslərə 2,1 min reabilitasiya vasitəsi verildiyi bildirilib.
Ötən ayın əvvəlindən muxtar respublikada da əlilliyi olan şəxslərin ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq üçün onlara «Rehabus» xidmətinin göstərilməsinə başlandığı qeyd edilib. Naxçıvan MR-də yeni sosial xidmət müəsisələrinin yaradılması üçün aparılan işlər, əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin, proaktiv təyinat mexanizmlərinin tətbiqi sahəsində atılan addımlar diqqətə çatdırılıb.
“ASAN xidmət indeksi” üzrə 2024-cü il qiymətləndirməsinin nəticələrinə əsasən, Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin muxtar respublika üzrə mərkəzi icra hakimiyyəti orqanları arasında 1-ci yeri tutduğu bildirilib.
Naxçıvan MR-də əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.