13 mart 2025 01:56
102

Türkçülüyün simvolu: Birlik, bərabərlik, tərəqqi!

Ulu Öndər Heydər Əliyevin «İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir» sözləri reallaşır

Bu günlərdə iki qardaş ölkə - Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı genişləndirən İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi böyük səs-səda doğurdu. Dünya ictimaiyyəti bir daha türk birliyinin sarsılmazlığının şahidi oldu. Tarixi köklərə əsaslanan bu birliyin inkişafı üçün öndərliyini göstərən Ulu Öndər Heydər Əliyevin ideyaları şaxələnərək daha geniş coğrafiyanı və istiqamətləri əhatə edir. Torpaqlarımızı işğal etməklə Qarabağ münaqişəsini başlayan Ermənistanın həmin vaxtlar növbəti hədəfinin Naxçıvan olduğu yaddaşlardan silinməyib. Amma Ulu Öndərin qətiyyəti sayəsində ermənilərin Naxçıvan niyyətləri gözlərində qaldı.

Naxçıvan MR Ali Məclisinin Sədri kimi muxtar respublikanı Ermənistanın təcavüzündən qoruyan Ulu Öndər qardaş Türkiyə ilə əlaqələri genişləndirərək daşnak tör-töküntülərinin istəklərinin gerçəkləşməsinə imkan vermədi. Ermənistan tərəfindən blokadaya alınan Naxçıvanın qardaş Türkiyə ilə əlaqələrini genişləndirməklə ata-baba yurdu Naxçıvanı erməni təcavüzündən qorudu. Ümummilli Lider Qardaş ölkə təmsilçilərinin birgə iştirakı ilə inşa olunan müvəqqəti körpünün açılışında ilk addım olan bu yolun gələcəkdə daha geniş imkanlalara malik olacağını bildirərək demişdi: «Biz necə sevinməyək ki, ilk qapı məhz Naxçıvanla Türkiyə arasında açılıb. Hamılıqla çalışmalıyıq ki, bütün sədlər aradan qaldırılsın, bütün qapılar açılsın. Bəsdir bu qapılar bağlı qaldı. Sizin «Həsrət körpüsü» adlandırdığınız körpü bu işdə ilk addımdır. Biz ona «Könül körpüsü» deyirik. İndi ermənilər də bu qapıya can atırlar. Türkiyə ilə Ermənistan arasında körpü salmaq istəyirlər. Lakin Qarsa, Qarabağa, Naxçıvana göz dikən ermənilərlə heç bir əlaqə yaratmaq olmaz. Başqa ölkələrdə türklərə qarşı terrorçuluq edənlərə heç bir rəğbət ola bilməz.»

Sonrakı illərdə bu yolla qardaş ölkədən gələn yardımlar Naxçıvan sakinlərini müvəqqəti də olsa çətinlikdən qurtardı. 24 mart 1992-ci ildə Türkiyə ilə Naxçıvan arasında müqavilənin imzalanması ilə əlaqələr genişləndi. Ankarada keçirilən mərasimdə o zaman Türkiyə Respublikasının Baş naziri olan Süleyman Dəmrəlin «Bilirsiniz ki, Azərbaycanın bir hissəsi olan Naxçıvanla Türkiyə arasında qədimdən bir münasibət var. Əgər Naxçıvanın statusunda hər hansı bir zamanda bir dəyişiklik olarsa, Türkiyə bu sahədə söz sahibidir. Naxçıvan Muxtar Respublikasına qarşı xüsusi bir ehtiramımız var. Bu ehtirama görə müqaviləni imzaladıq» sözləri erməni daşnaklarına əsl türk şilləsi oldu. Qars müqaviləsinin təzələnməsini muxtar respublikanın əbədi olaraq Azərbaycanın ərazisi olduğunu təsdiqləyən müdrik addım adlandıran Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev «Qars, Moskva müqavilələri tarixə daxil olduğu kimi, bu da tarixə daxil olacaq. Bütün bizim gələcək nəsillər, bütün türk dünyası, indi yüksəlməkdə olan türk dünyası, birləşmək arzumunda olan türk dünyası bu sənədi də öz tarixində həmişə araşdıracaq və sənədi imzalayanlara, xüsusilə, hörmətli Süleyman Dəmirələ və bütün türk qardaşlarına daim təşəkkürlərini bildirəcəklər» sözləri ilə sonrakı illərdə söylədiyi «Bir millət, iki dövlət» müdrik kəlamının təməlini qoydu.

1992-ci ilin may ayının 28-də Türkiyə ilə Azərbaycan arasında sərhəd- keçid məntəqəsinin Sədərək-Dilucu arasında inşa olunan «Ümid körpüsü»nün açılışı ilə qardaşlıq telləri daha da möhkəmləndi. Bu gün də fəaliyyət göstərən körpü təkcə ümid deyil, birlik, həmrəylik yolu oldu. 2009-cu ilin oktyabrında Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşü türk həmrəyliyinin möhkəmlənməsinə doğru atılan inamlı addım kimi tarixə yazıldı.

Bütün sahələrdə Ulu Öndər Heydər Əliyevin yolunu inamla davam etdirən Prezident İlham Əliyev türk dünyasının siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə daha sıx birləşməsi üçün genişmiqyaslı fəaliyyət konsepsiyasını inkişaf etdirdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisindən keçməsi üçün siyasi qətiyyət göstərən türk öndərlərindən olan Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyasının sonrakı mərhələlərində də Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev bu yolda inamlı addımlar atdı. Bakı-Tbilisi- Ərzurum qaz kəmərinin davamı olan Cənub Qaz Dəhlizinin, TANAP-ın istifadəyə verilməsi ilə Avropaya qədər uzanan türk dünyasının coğrafiyası genişləndi. Bakı-Tbilisi-Qars dəmir yolu bu birliyin əyilməz polad həlqəsi oldu. Qitələri birləşdirən Orta Dəhlizin mərkəz halqası olan Azərbaycan müasir dövrümüzdə türkçülüyün rəmzi olmaqla İslam həmrəyliyinin sarsılmazlıq simvoluna çevrildi. Bu il martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasiminin keçirilməsi Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Türkiyə-Azərbaycan qardaşlığının növbəti uğuru, Naxçıvan iştahaları küsən ermənilərə göz dağı oldu.

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən tədbir türkçülüyün həyatımıza enerji bəxş edən nur, zəfər çələngi idi. Açılış mərasimdə çıxış edən hər iki dövlət başçısının, digər rəsmilərin sözlərində bir məqam ana xətt kimi diqqət çəkdi: «Türkün türkdən başqa dostu yoxdur.»

Mərasimdəki çıxışında Ulu Öndər Heydər Əliyevin daimi arzusu olan Zəngəzurla bağlı keçmişdə baş verənlərdən bəhs etməklə ölkəmizə qarşı edilən haqsızlığı cinayət adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Birinci Qarabağ savaşı başlayan kimi Qarabağı işğal edən Ermənistan Naxçıvanı da blokadaya aldı. «Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular. Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən «Ümid körpüsü» inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir.» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi.

Bu bir reallıqdır ki, Azərbaycandan Türkiyə ərazisindən gedən qaz kəmərləri bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. İstifadəyə verilən İğdır- Naxçıvanın kəmər isə muxtar respublikanın enerji təhlükəsizliyini təmin edəcək. Beləliklə türk dünyasının öndərlərindən olan Heydər Əliyevin arzuları gerçəkləşdirildi.

Mərasimdəki çıxışındakı «Ölkələrimiz arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Şübhəsiz ki, bu əməkdaşlıqlarımız arasında bir çox layihə ilə taclandırdığımız enerji sektoru başda yer alır» sözləri ilə perspektivdə nəzərdə tutulan layihələrin də uğurla həll olunacağına əminliyini ifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, bölgəmizdə ancaq sülh, əməkdaşlıq, birgə fəaliyyət istəyirik.

Azərbaycanla Türkiyə qardaşlığı bir reallığı əks etdirir: Birlik, bərabərlik, həmrəylik olan yerdə daim inkişaf, yüksəliş, tərəqqi, sabaha böyük inam vardır. Bu birlik türkçülüyə xain nəzərlərlə baxan ermənilərin, daşnak havadarlarının qarşısında monolit sipərdir. Tarixi şəxsiyyət Heydər Əliyevin öndər uzaqgörənliyi ilə söylədiyi «Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir» sözləri türkçülüyə xor baxanlara cavabdır. Bu gün Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışan «yan»lar yaxın gələcəkdə İğdır-Naxçıvan qaz xəttinin istifadəyə verilməsi zamanı keçirdikləri qısqanclıqları təkrar yaşayacaqlar. Çünki Ermənistanda hər kəs bilir ki, Zəngəzur dəhlizi açılacaq. Bu yol təkcə Türkiyə ilə Naxçıvanı deyil, bütün türk dünyasını birləşdirəçək. Müasir dövrün muradyanları, balayanları yenə bütün layihələrdən kənarda qalacaqlar

Xuraman İsmayılqızı, «İki sahil»