İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədov "İki sahil"ə bildirib ki, “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqram”nın təsdiq edilməsi ölkəmizin nəqliyyat-tranzit imkanlarını daha da artıracaq, Azərbaycanı həm də hava daşınmaları HUB-ına çevirəcək. Bu proqram qeyd olunan sahədə nəzarət və icra prosedurlarının beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması, kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsinə səbəb olacaq.
Aqil Əsədovun sözlərinə görə, Dövlət Proqramının həyata keçirilməsi nəticəsində hava daşımaları üzrə proseslər asanlaşdırılacaq və əməliyyatların səmərəliliyinin artırılmasına nail olunacaq, sərhədlərin təhlükəsizliyi gücləndiriləcək, ticarət və turizmin inkişafına, bununla da iqtisadi inkişafa və məşğulluğa töhfə veriləcək, keyfiyyətli aviasiya xidmətlərinin əlçatanlığı təmin olunacaq.
Ümumilikdə on məqsədi və on hədəfi əhatə edən Proqram qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq infrastruktur təminatının təkmilləşdirilməsi ilə reyslərin sayının artırılmasını və daşıma coğrafiyasının genişləndirilməsini də təmin edəcək. Dövlət Proqramı həm də mülki aviasiya daşımaları ilə bağlı mühüm qlobal əhəmiyyətə malik, 1944-cü ildə qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın tələblərindən irəli gələn məsələləri özündə cəmləşdirir.
Ümumilikdə, hava daşımalarının sadələşdirilməsi sərhəd nəzarəti ilə bağlı proseslərin səmərəli idarə edilməsində və beynəlxalq hava daşımalarının sürətləndirilməsində mühüm rol oynayır. Proqram ölkəmizin hava nəqliyyatında təmin edilmiş dinamikanı daha da sürətləndirəcək, daşınmaları daha da intensivləşdirəcək.
Prezident İlham Əliyevin rəhbərliyi ilə 2013-cü ildən ötən 11 il ərzində ölkəmizdə beynəlxalq aeroportların sayı 8-ə çatıb, Laçın şəhərində tikilən 9-cu isə tamamlanmaq üzrədir. Yeni Dövlət Proqramının icrası isə rəsmiyyətin sadələşdirilməsi, yükün, baqajın, poçt daşımalarının hərəkətinin asanlaşdırılması, gecikmələrin qarşısının alınması, hava əlaqələrinin sürətləndirilməsi, sərnişinlərin rahatlığının və sərnişin məmnunluğunun artırılması ilə ölkəmizin bütün hava limanlarının aktivliyini yüksəldəcək, hava daşımaları HUB-ı kimi Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək.
Orxan Vahidoğlu, "İki sahil"