13 mart 2025 15:38
94

Qlobal neft təklifi fevral ayında 240 min barel artıb

Beynəlxalq Enerji Agentliyinin (BEA) fevral ayı üçün neft bazarı hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft tədarükü ötən ay gündəlik təxminən 40 min barel artaraq 27 milyon 460 min barelə çatıb.

“İki sahil” BEA-nın saytına istinadla xəbər verir ki, həmin dövrdə OPEC-in xam neftdən başqa qeyri-ənənəvi ehtiyatların hasilatı gündəlik 5 milyon 570 min barel olaraq qeydə alınıb. Belə ki, OPEC-in ümumi neft tədarükü ötən ay gündəlik 33 milyon 30 min barel olub. Bu, əvvəlki ayın səviyyəsindən gündəlik təxminən 50 min barel çoxdur.

OPEC-ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı sözügedən dövrdə gündəlik təxminən 190 min barel artaraq 70 milyon 220 min barelə çatıb. Beləliklə, qlobal neft təklifi fevral ayında əvvəlki ayla müqayisədə gündəlik təxminən 240 min barel artaraq 103 milyon 250 min barelə çatıb.

Hesabata görə, qlobal neft tədarükü artımının böyük hissəsi OPEC+ qrupunun payına düşüb. Qazaxıstan özünün “Tengiz” yatağından rekord səviyyədə neft hasil edir, İran və Venesuela isə sərt sanksiyalar ərəfəsində hasilatı daha da artırıb.

Hesabat dövründə OPEC+ qrupunun xam neft hasilatı sutkada 210 min barel artaraq son 6 ayın ən yüksək səviyyəsinə - 41 milyon 780 min barelə çatıb. Qrupun gündəlik 8 milyon 270 min barel olan xam neftdən başqa qeyri-ənənəvi qaynaq hasilatı da əlavə olunduqda, ümumi neft tədarükü gündə təxminən 50 milyon 50 min barelə çatıb.