Kiberhücumlardan qorunmaq üçün ən son texnologiyalardan istifadə etməliyik. Eyni zamanda, informasiyanı daha yaxşı ayırd edə bilmək bacarığımız olmalıdır, çünki sosial media artıq real bir aktora çevrilib. Siz sosial media məkanında müharibəyə qarşı çıxaraq onu qazana bilməzsiniz.
“İki sahil” xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Sülhə gedən yol" adlı panel iclasında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci Sessiyasının sədri, Slovakiyanın sabiq xarici işlər naziri, Aİ-nin Belqrad-Priştina Dialoqu və digər Qərbi Balkan regional problemləri üzrə keçmiş xüsusi nümayəndəsi Miroslav Layçak deyib.
O bildirib ki, hər şeydən əvvəl əgər davamlı və ədalətli sülh istəyiriksə, bu sülh beynəlxalq hüquqa əsaslanmalıdır. Bu isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının və Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını əhatə edir. Yəni, biz BMT-ni həllin bir hissəsi kimi görməliyik, çünki bu təşkilat bizə hüquqi çərçivəni təqdim edir.