14 mart 2025 13:44
155

Qəza durması edən avtomobil qəzaya səbəb oldu: ŞABRANDA YÜK AVTOMOBİLİ İKİ YERƏ BÖLÜNDÜ

Nasaz avtomobil ağır qəzaya səbəb oldu. Hadisə Bakı-Quba-Rusiya Federasiyası sərhədi magistral avtomobil yolunun 121-ci kilometrliyində, Şabran şəhəri ərazisində qeydə alınıb.

“KamAZ”ın sürücüsü yanacağın bitməsi və avtomobilin nasazlığı  səbəbi ilə nəqliyyat vasitəsini yolun sağ hərəkət zolağında saxlayıb. Bu zaman arxadan gələn “Mercedes” markalı yük maşını hərəkətdə olarkən ona çırpılıb. Qəza zamanı “Mercedes” markalı yük avtomobili iki yerə bölünüb, kabinə hissəsi parçalanıb. Qusara mişar daşı aparan “Kamaz”ın yükü isə, yola dağılıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Qəza zamanı Bakı-Quba yolunda tıxac yaranıb, qısa müddətdə nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub. 

KamAZ"ın sürücüsü Mahir Cəbrayılov bildirib: "Hava çəkirdi, motorda problem var idi.  Maşın xarab olub yolun kənarında saxlamışdım. Gəlib o biri maşın qəflətən çırpıldı".

Faktla bağlı araşdırma aparılır.

Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün