14 mart 2025 16:26
72

Ötən il kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Ötən il kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12995,2 mln. manat təşkil edib ki, bunun da 6162,3 mln. manatı bitkiçilik, 6832,9 mln. manatı isə heyvandarlıq məhsullarının payına düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 1,5%, o cümlədən, bitkiçilik məhsulları üzrə 1,1%, heyvandarlıq məhsulları üzrə isə 1,7% artıb. 2024-cü ildə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda yaradılan əlavə dəyərin ölkənin ümumi daxili məhsul istehsalında payı 5,7% olub.

Hesabat ilində əkin və çoxillik əkmələrin sahəsi əvvəlki illə müqayisədə 6,5% artaraq 1,52 mln. hektar, o cümlədən, dənli və dənli-paxlalıların əkin sahəsi 7,7% artaraq 1021 min hektar təşkil edib. 2023-cü illə müqayisədə buğdanın əkin sahəsi 0,6% artaraq 546,3 min hektar, kartofun əkin sahəsi 5,5% azalaraq 46,7 min hektar, arpanın əkin sahəsi 17,9% artaraq 420,6 min hektar, qarğıdalının əkin sahəsi 2,1% artaraq 29,2 min hektar, dən üçün günəbaxanın əkin sahəsi 38,4% artaraq 13,7 min hektar, bostan bitkilərinin əkin sahəsi 12,8% artaraq 19,4 min hektar, pambığın əkin sahəsi 9,7% artaraq 102,8 min hektar təşkil edib.

Qeyd olunan dövr ərzində arpa, qarğıdalı, pambıq, günəbaxan, şəkər çuğunduru, tütün, tərəvəz, bostan bitkiləri, meyvə və giləmeyvələrin istehsalında artım müşahidə olunub.