15 mart 2025 10:33
125

Təhlükəsiz gələcəyin yol xəritəsi təqdim olundu

Azərbaycanın beynəlxalq nüfuzunun əsas göstəricilərindən olan ev sahibliyi etdiyi tədbirlər bu gün də ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Bu baxımdan martın 13-15 tarixlərində keçirilən, “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu müzakirəyə çıxardığı məsələlərlə, həmçinin beynəlxalq əhəmiyyəti ilə diqqətdədir. Tədbirdə təhlükəsiz gələcəyin yol xəritəsi təqdim olundu. Bu günümüzün əsas məsələsi həmin yol xəritəsinə uyğun olaraq real addımları atmaqdır. Azərbaycan dövləti daim səylərin birləşdirilməsinə, təcrübə mübadiləsinin aparılmasına çağırışlar edib. Dövlət başçısı İlham Əliyev Forumda, həmçinin ötən ilin mühüm hadisəsi olan COP29 iqlim konfransına diqqəti yönəldərək hər zaman aktuallığını qoruyan enerji təhlükəsizliyi məsələsindən də bəhs etdi. “Azərbaycanda COP29-u təşkil etmək qərarı Azərbaycanın öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlir” söyləyən cənab İlham Əliyev onu da qeyd etdi ki, ölkəmiz enerji təchizatı baxımından qıtlıqla üzləşmir. Bu gün Azərbaycan ondan artıq ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Onların 12-si Azərbaycandan təbii qaz alır. Bu 12 ölkədən 10-u Avropa ölkəsidir. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır. Buna yaşıl enerji mənbələrimizi, o cümlədən Azərbaycandan Avropaya gedən, qismən Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini əlavə etsək, bu, məsuliyyətimizin digər təzahürü və bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimizin nümayişidir: “Təkcə enerji sərvətlərinin olması kifayət deyil. Siz gərək qonşularınızla, onların qonşuları ilə yaxşı münasibətdə olasınız ki, enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə biləsiniz. Bağlantı məsələlərinə gəldikdə, demək istəyirəm ki, son geosiyasi dəyişikliklərdən irəli gələrək Azərbaycandan keçən yüklərin daşınması həcmi kəskin şəkildə artmışdır. Bunun üçün yaxşı hazırıq, çünki üzərimizə düşən işi artıq icra etmişik. İndi isə, sadəcə, dəniz limanı, dəmiryolu infrastrukturunun buraxılış qabiliyyətini artırmalıyıq ki, son illər ərzində Azərbaycana istiqamətləndirilmiş bütün yükləri qəbul edə bilək. Beləliklə, əlbəttə ki, bölgəmizin - Cənubi Qafqaz bölgəsinin geosiyasi əhəmiyyəti artır və həmin bölgədə sülhün bərqərar olunması üçün hələ də çalışırıq”.

Qeyd edək ki, bu gün Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqabiləsi”nin imzalanmasından öncə  Ulu Öndər Heydər Əliyev dünya təcrübəsinə əsasən bu çağırışı etmişdir ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqviləsi”nin uğurları bugünkü reallıqlarda, Azərbaycanın enerji diplomatiyasının davamlı uğurlarında özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyev Forumdakı çıxışında təkcə son illərdə Azərbaycanın enerji sahəsində əməkdaşlığına işıq salan sənədlərə diqqəti yönəldərək bildirdi ki, biz Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir.

Forumda müzakirə olunan hər bir məsələ Azərbaycanın real yanaşmasının təqdimatı oldu. Ölkəmiz daim birliyə, həmrəyliyə, əməkdaşlığa çağırışlar edir. Bu çağırışların özündə ehtiva etdiyi əsas ümid isə dayanıqlı sülhün təmin edilməsi əsasında regionun davamlı inkişafına nail olmaqdır. Hazırkı dövr işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə xarakterizə edilir. Tezliklə Böyük Qayıdış proqramı uğurla başa çatacaq, bu torpaqlarımızda həyat canlanacaq, malik olduqları iqtisadi potensialdan səmərəli istifadə etməklə Azərbaycanın dayanıqlı inkişafına töhfələr veriləcək.

Hazırkı dövrün əsas çağırışlarından biri bölgədə sülhün, təhlükəsizliyin dayanıqlılığını təmin etməkdir. Cənab İlham Əliyev Forum zamanı “Euronews” televiziyasına müsahibə verərək bir daha bu çağırışları diqqətə çatdırdı. Gələcəklə bağlı baxışlarını açıqlayan dövlətimizin başçısı İlham Əliyev “Bu qlobal sabitliyin yekunda haraya gedəcəyini görürsünüz? Sizcə, biz buna nail olacağıq” sualını cavablandırdı. “Bu məsələdə mən o qədər də nikbin deyiləm. Mən realist olmağa üstünlük verirəm. Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm” söyləyərək vurğuladı ki,  Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində bizdə - Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu, müharibənin sona çatması demək deyildi. Sadəcə, transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir: “Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq. Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir”.

Göründüyü kimi, Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən bir ölkə kimi rolunu artırır. Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir.

Fəxrəddin Vəliyev,

YAP Şəmkir rayon təşkilatının sədri