17 mart 2025 23:58
168

Şəhidlik elə bir uca zirvədir...

Vətən torpaqlarının azadlığı uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan Elsevər Qardaşzadənin 21 yaşı tamam oldu. Lənkəran elinin qəhrəman oğlu Elsevər indi cismən aramızda olmasa da, mənən qəlblərdə yaşayır, hər dəfə onun adı çəkiləndə bütün Azərbaycan qürur hissi keçirtdir. Elsevərin ömür yolu çox qısa, qaldı ki, şərəfli oldu. Çünki o, Vətən, xalq üçün yaşadıldı. Elsevər kimi qəhrəmanlar hər cür sevgi və məhəbbətə layiqdirlər.

Şəhid Elsevərin xatirəsinə ehtiram əlaməti olaraq doğum günü məzarı önündə qeyd edildi. Mövlud tədbirində Lənkəran şəhər Şağlakücə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Rza Ağayev başda olmaqla idarə və müəssisə rəhbərləri şəhidin ailə üzvləri, yaxınları, şəhid ailələri, qazi və veteranlar, kənd sakinləri ölməz Vətən sevdalısının uyduğu müqəddəs torpağı ziyarət etdilər, məzarı önünə gül dəstələri düzdülər. Bildirildi ki, şəhidlik ən müqəddəs, uca bir zirvədir. Vətən, torpaq uğrunda canından keçən hər bir insan şəhiddir. Şəhidlər heç vaxt ölmürlər. Onlar xalqın şərəf, qürur yerinə dönüb ürəklərdə yaşayırlar. Bizim Elsevərdə belə. Qərinələr keçsə də Elsevər unudulmaz, onun həyat yolu gələn nəsillərə də örnək olacaq.

Məlumat üçün deyək ki, Elsevər Rakif oğlu Qardaşzadə 2004-cü il fevral ayının 23-də Lənkəran rayonu, Şağlakücə kəndində dünyaya göz açıb. Doğma kəndində orta məktəbi bitirdikdən sonra ordu sıralarına gedib. Qısa müddətdə cəsurluğu, çevikliyi, vətənpərvərliyi, yoldaşa sədaqəti ona dərin hörmət qazandırıb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam istiqamətində gedən döyüşlərdə şəhadətə yetib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərib, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elsevər Qardaşzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü