18 mart 2025 01:26
161

Amerika və Vyetnam şirkətləri enerji müqavilələri imzalayıblar

Amerika və Vyetnam şirkətləri bu həftə enerji və minerallar sektorunda dəyəri 4,15 milyard dollar olan bir neçə müqavilə imzalayıblar. Bu cənub-Şərqi Asiya ölkəsi ABŞ tariflərindən yayınmağa və ABŞ firmaları ilə əməkdaşlığı gücləndirməyə çalışır.

Vyetnamın ticarət naziri Nguyen Honq Dien bu həftə ABŞ-a səfər edib. O, ikitərəfli iqtisadi və ticarət əməkdaşlığını inkişaf etdirmək üçün ABŞ-ın ticarət nümayəndəsi Ceymison L. Qrir ilə danışıqlar aparıb.

"Vyetnamın ardıcıl siyasəti ABŞ ilə ahəngdar, davamlı, sabit və qarşılıqlı faydalı iqtisadi və ticarət əlaqələri qurmaqdır", -deyə vyetnamlı nazir bildirib.

"Vyetnam ABŞ-ın işçilərinə, iqtisadi və milli təhlükəsizliyinə zərər verə biləcək hər hansı maneə yaratmaq niyyətində deyil", - o bildirib.

“Viet Nam News” xəbər verir ki, ABŞ-Vyetnam razılaşmalarına “PetroVietnam” qaz korporasiyasının “Conoco Phillips” və “Excelerate Energy” ilə uzunmüddətli LNG müqavilələri imzalaması daxildir.

Digər sövdələşmələr arasında aviasiya yanacağı tədarükü, qazla işləyən elektrik stansiyası avadanlıqları ilə bağlı Anlaşma Memorandumu (MoU) var.

Bundan əlavə, dərin mineral emalı layihələrinə maliyyə dəstəyi üçün Memorandum da imzalayıb.

İki ölkənin şirkətləri arasında bioyanacaq ticarəti də nəzərdə tutulur.

“PetroVietnam Power” şirkətinin “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, sazişlərin dəyəri 4,15 milyard dollar təşkil edir.

Vyetnam, həmçinin iqtisadiyyatının “bazar iqtisadiyyatı” kimi tanımasına və “qeyri-bazar iqtisadiyyatı” statusunu aradan qaldırmağa çalışır.

"Vyetnam bazarını daha da açmaq və ölkələrimiz arasında ticarət balansını yaxşılaşdırmaq üçün daha güclü tədbirlər görməlidir", -deyə ABŞ ticarət nümayəndəsi Qrir bildirib.

Nubar Süleymanova, “İki sahil”