Boz ayın dörd çərşənbəsi. Tarixi yüzminillər bundan əvvəllərə gedib çıxan xalqımızın yaşam boyu qoruyub saxladığı adət-ənənələr, inanc sistemləri, şifahi xalq ədəbiyyatı nümunələri bu gün də uzaq keçmişlərdən xəbər verən mənbələrdən biridir. Hər hansı bir xalqın mifik dünyagörüşü, keçmiş zamanlara dayanan yaşayış tərzi, müdrikliyi onun folklor nümunələrində, etnoqrafik materiallarında hifz olunmuşdur.
Xalqımızın şüuraltı yaddaşında saxlanan milli kimlik kodu ən kiçik folklor nümunəsindən tutmuş təmtəraqla qeyd olunan mərasimində belə özünə yer etmişdir. Hələ Novruz bayramından əvvəl qışın ilk vaxtlarında, qışın girdiyi gündən başlayaraq 40 gün müddətində Böyük çillə, ondan sonrakı 20 günlük zaman kəsimində Kiçik çillə (qışın oğlan çağı) adlandırılan təqvim, sonrakı dövrdə öz yerini Boz aya təhvil vermişdir. Boz ay xalq arasında həm də “alaçalpov”, “çillə beçə”, “ağlar-gülər” və s. adlarla bilinməkdədir. Kiçik çillə ilə Novruz arasındakı Boz ay qışdan yaza keçid dövrünü əks etdirir. Xalq arasında Boz aya bayram ayı da deyilməkdədir. Müxtəlif adlarla bilinən Boz ayın dörd çərşənbəsi çillə çıxartmanı əhatə edir. Qədim adətlərə görə, bu ayın dörd çərşənbəsi müqəddəs sayılmış və təbiətin dəyişməsində dörd ünsür: su, od, yel (hava) və torpaq mühüm rol oynamışdır. Bu çərşənbələrin hər biri öz mərasim və ayinlərinin zəngin və təmtəraqlı olması ilə seçilmişdir.
su-od-yel-torpaq
Dörd ünsürün hər biri ayrı-ayrılıqda insanın yaradılışı prosesiylə, təbiətin oyanması, canlanması prosesiylə birbaşa bağlılığı vardır.
Təbii ki, ulu əcdadlarımız yaradılışın bu dörd ünsürünü özünün ilkin ibtidai düşüncə sistemindən keçirərək onu simvollaşdırmış, mifik dünyagörüşü sistemində öz təxəyyüllərinə uyğun olaraq ardıcıllıq prinsipinə əsaslanaraq şifahi mətnlər, dastanlar yaratmışlar.
Boz ayın ilk müqəddəs çərşənbəsi xalq arasında “Əzəl çərşənbə”, “Gözəl çərşənbə”, “Yalançı çərşənbə” kimi tanınan “Su çərşənbə”sidir. Bu çərşənbədə “çilləni qovmaq” anlamında havaya atəş açarlar. Xalq bu çərşənbədə baş verəcək dəyişikliklərə inanmamış, buna görə də onu yalançı adlandırmışdır.
İnanca görə, yazın nəfəsi öncə suya toxunur. Xalq arasında deyilir ki, bu gündən sulara ixtiyar verilir. Buna görə də, bu çərşənbə suyun təzələnməsi ilə əlaqədardır. İnama görə, həmin çərşənbədə su oyanır, saflaşır, təzələnir. Elə ki, cəmrə suya düşdü sular coşmağa, qızmağa, dəyişməyə başlayır. İnanca görə bundan sonra quyuların suyu çoxalmağa başlayır, suların donuşuğu aradan qalxır, “Quyruqdoğdu”da kəsərdən düşmüş, tərkibi dəyişilmiş mineral sular (şor sular) müalicəvi xüsusiyyətlərini bərpa edir.
Toplanmış etnoqrafik materiallara söykənərək demək olar ki, “Su çərşənbə”sində su üstə gedərlər, ancaq su gətirməzlər. Su üstə gedib oradan su götürmək adətinə ilin axır çərşənbəsinin səhəri əməl edərlər. El-obada su çərşənbəsi ərəfəsində su arxlarını təmizləyər, bulaqların, çeşmələrin gözü açılar, ovdanlar, hovuzlar təmizlənər, bərpa işləri aparılardı.
Bir məsələni də qeyd edək ki, xalqımız ta qədim zamanlardan suya kult kimi baxmış, ona inanmış, ona tapınmışdır. Xalqımızın ən qədim andı su ilə bağlı olmuşdur. And içəndə belə deyiblər: “Su haqqı”, “Axar suya kor baxım”, “Bu su üstümdə tapılmasın”.
Boz ayın ikinci çərşənbəsi “Od çərşənbə”sidir. Buna xalq arasında bəzən “Üsgü çərşənbə”, “İkinci çərşənbə”, “Xəbər çərşənbə”, “Külə çərşənbə” də deyilir. İkinci çərşənbədə havaların isinməsi, yazın əlaməti olan bəzi çiçəklərin açması baş verir ki, bu “Xəbər çərşənbə” adlanır. Bundan əlavə bu çərşənbəyə həm də külə çərşənbə deyilmişdir. Yəni bu çərşənbə tam deyil, yarımçıqdır, yəni külədir. “Od çərşənbəsi” əski görüşlərlə bağlı olub Günəşə, oda, odu qoruyub saxlamaq inamına tapınma, od kultu ilə əlaqəli yaranmışdır. Hələ çox-çox əvvəllər insanlar təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki rəmzi olan odu təsəvvürlərində müqəddəsləşdirmişlər. Əski zamanlarda insanlarda belə bir inam yaranmışdır ki, onlar odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez qızınar, isinər, adamlara xoşbəxtlik gətirər. Günəşi əzizləmə mənasında Herodot yazır ki, qədim türk tayfalarından olan massagetlər Günəşi yeganə Allah hesab etməklə ona qurban kəsərdilər.
Od çərşənbəsi ümumilikdə Günəş, od, atəş inamı ilə bağlı yaddaşlarda qalan bir çox nəğmə, etiqad, mərasim, bir sıra rəvayətlərin mənbəyidir. Od xalqımızın and yeri, inanc yeri olmuşdur. “Od haqqı”, “ocaq haqqı”, “ocağa and olsun”, “ocağın nurlu olsun” demiş babalarımız, ağbirçək nənələrimiz. Düşməni qarğıyanda ilk öncə ocağına üz tutmuş, “ocağın sönsün”, “ocağın dağılsın”, “içinə od düşsün” demişlər. Evə, ailəyə bədbəxtlik üz verəndə “ocağı qaraldı”, “ocağı söndü” deyərlər. Bundan əlavə naxələf adama “Baba ocağını kor qoydu” deyərlər. Elimizdə, obamızda qədim ibadət yerlərini də “ocaq” saymışlar. Bəzi ağsaqqallara “ocaq kimi adam” demişlər ulularımız. Od Azərbaycanımızın döyünən ürəyi olmuş, yanan qəlbinə çevrilmişdi. Yurdumuzun adı da “Odlar yurdu” kim adlandırılmışdır.
Boz ayın üçüncü çərşənbəsi “Külək çərşənbə” və ya “Yel çərşənbə”sidir. “Külək çərşənbə”sində küləklər əsməyə başlayır və gün ərzində bir neçə dəfə dəyişir. Bu dəyişikliklər havanın təmizlənməsi kimi qəbul edilir. Bu dövrdə əsən küləyə “vədə yeli” deyilir. Ustad Şəhriyar bayram yeli ilə bağlı demişdir:
Bayram yeli çardaxları yıxanda,
Novruz gülü, qar çiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eyləyən sağ olsun,
Dərdlərimiz qoy dikəlsin, dağ olsun.
Bəzi tədqiqatçılar yazır ki, bu külək ilin müəyyən dövründə müntəzəm əsdiyindən vədə (yəni gözlənilən vaxtda əsən) küləyi adını almışdır. Xalq arasında vədə yelinə həm də “ələyəz yeli” (“ələyəz” ot adıdır), “ağ yel” deyilir. Bir deyimə görə, “ələyəz yeli” qalxdısa, yaz gələr. Ələyəz yelinin hansı istiqamətə əsdiyi bilinməz. Buna uyğun olaraq Naxçıvan bölgəsində sözü, fikri, əqidəsi bilinməyən adama (ələyəz yelidir, hərdən bir tərəfə əyilir) deyirlər.
Digər bir deyimə görə, “vədə yeli” yazın yelidir. Elə ki, əsməyə başladı, ağacların oyanmasına, köçəri quşların gəlməsinə köməklik göstərər. Köçəri quşlar (leylək, durna, qaranquş) yazın ilk müjdəçiləri hesab edilir. Bu quşların gəlməsi ilə əsl yaz başlayar.
Boz ayın dördüncü, sonuncu çərşənbəsi xalq arasında “ilin axır çərşənbə”si, “axırıncı çərşənbə”, “baca-baca”, “yeddiləvin” kimi bilinən “Torpaq çərşənbə”sidir.
Bu çərşənbədə torpaq oyanır, artıq əkinə hazır olduğunu göstərir. El arasıda deyərlər ki, “Cəmrə torpağa düşür”. Qədim dövrdən günümüzədək torpaqla bağlı el arasında müxtəlif deyimlər olubdur: “Torpağa xor baxsan, sənə kor baxar”, “Torpaq deyər sən mənə tər ver, mən sənə zər”, “Torpaq deyər öldür məni, dirildim səni”, “Torpağın qarası üz ağardar” və s.
“İlaxır” özündən əvvəlki üç çərşənbədən yüksəkdə duran, ən təmtəraqlı qeyd edilən mərasimlərdən biridir. Axır çərşənbəyə hazırlıq Kiçik çillədən sonra başlanır. İlk növbədə həyət-baca təmizlənir, evlər səliqə-sahmana salınır. El arasında buna “külə-külə” də deyərlər. Həmin gün yaxın qohumlar yaslı olan qohumların evlərinə gedib, ağbirçəklərdən icazə alıb onların evlərini təmizləyər, əyinlərindəki yas paltarlarını çıxarıb, bayram libası geyindirərlər. Bu cür evlərdə bütün əşyaların yeri dəyişdirilməlidir ki, evdə “kəsavət” qalmasın. Bayram ayında bir sıra işlərlə yanaşı yaz-tarla işlərinə də hazırlıq görülür. Xalq arasında olan inama görə, axır çərşənbə Novruz ilə üst-üstə düşərsə, həmin il uğurlu olar.
İlaxırda əsas adətlərdən biri həmin gün od (tonqal) qalanmasıdır. El dili ilə desək “qaş qaralan vaxtı” damların üstündə, evlərin həyətində tonqal qalanar, bütün ailə odun ətrafında toplaşar. İlaxır çərşənbəsində yandırılan tonqalın tüstüsü arana gedərsə aranda, dağlıq tərəfə gedərsə dağlıq ərazidə, əgər düz yuxarı qalxarsa, hər tərəfdə həmin il bolluq olacağına inanırlar. Axır çərşənbədə hər bir ailə çalışır ki, yandırdığı tonqalın alovu hündürə qalxsın. Bunun ailəyə uğur gətirəcəyinə inanırlar.
Bu çərşənbə axşamı qohumlar, qonşular yaslı evlərə gedib onlar üçün də “çərşənbə odu”nu yandırar, beləcə onları yasdan çıxararlar. Çünki, yeni ilə yaslı girmək uğurlu sayılmaz.
Axır çərşənbədə hər kəsin evində plov süzülür, ləziz yeməklər hazırlanır, xonça bəzədilir. Bu bayram masasının üzərində səməni olan xonçanın olması vacib amillərdəndir. Bayramda süfrələri paxlavasız, halvasız, şəkərburasız, badamburasız təsəvvür etmək mümkün deyil. “Qarabayram” keçirməli olan evlərdə isə şorqoğalı, umac halvası hazırlayarlar. Axır çərşənbə yeməyini bir az erkən bişirirlər, çünki bəzi yaxın adamlara, əsasən ailənin evli qız və oğlanlarına pay göndərirlər.
Bayram ayından başlayaraq keçirilən axır çərşənbədə ən kuliminasiya nöqtəsinə çatan adətlərdən biri də yumurta döyüşdürülməsidir. Yumurta döyüşdürülməsi zamanı kimin yumurtası qırılarsa o, öz yumurtasını qarşı tərəfə verər. Əsas maraqlı adətlərdən biri də həmin gündə yumurtaların qırmızı rəngə boyanması, insanların bir-birini boyanmış qırmızı yumurta ilə təbrik etməsidir.
Axır çəşənbədə od yandırdıqdan sonra hər kəs süfrə başında əyləşir. Xalq arasında olan inama görə, həmin gün evində olmayan yeddi il evində olmaz. Axşam düşdükdə oğlan uşaqları evlərə papaq, torba atar, qızlar isə “qulaq falı”na çıxar, niyyət edib qapı pusarlar. Ev yiyələri də çalışarlar ki, həmin günü xoş sözlər danışsınlar.
Xalq arasında keçirilən ən maraqlı adətlərdən biri də “axır çərşənbə”nin səhəri günü Günəş çıxmamışdan “su üstə” getmək adətidir. Bəzi bölgələrdə bu adət “novbaşı” adlanır. İlk növbədə insanlar səhər tezdən bulaq kənarına, nov başına gedər, suyun üstündən “ağırlığım odlara, dərdim-bəlam bu suya tökülsün” deyib tullanarlar. Su üstündən tullananda “Allahım ruzimizi bol eylə” deyib, suya buğda atarlar. Şahbuz bölgəsinin bəzi kəndlərində isə “İlahi, qohumların, ailəmizin ağzını şirin eylə” deyib suya kişmiş atarlar. Əl-üzlərini yuyar, sudan bir az da içərlər. İnama görə, bu su dərdlərin dərmanıdır, içən xəstələr şəfa tapar. “Çərşənbə suyun”dan insanlar arasında bir-birinin üstünə çiləmə adəti də (çiləşmə) icra olunur.
Axır çərşənbədə belə bir adət də var ki, bulaq üstünə gedən qız-gəlinlər bulağın gözündən əl atıb yeddi daş götürərlər. Götürülən daşları yağ küpələrinə, unluqlara, pul kisələrinə qoyardılar ki, bərəkətli olsun. Başqa bir adətə görə isə, çör-çöp yığıb mal-qaranın, bişirilən südün altında yandırardılar ki, ruzi-bərəkətli olsun.
Bir məsələni də vurğulamaq istərdik ki, bu gün biz bu adətlərin bəzilərini Şuşada Cıdır düzündə qeyd ediriksək bunu Vətən müharibəsində qanı ilə, canı ilə tarix yazan igid qəhrəmanlarımıza borcluyuq.
Bu adətlərdə əcdadlarımızın su, od, külək, torpaq kultuna tapınmasının izləri açıq-aydın görünür. Axır çərşənbələrdə əzizlənən bu müqəddəs ünsürlərə Azərbaycan xalqının və bütün türk dünyası qədimdən etiqad etmiş və inanmışlar.
Asəf ORUCOV,
Ali Məclisin deputatı