19 mart 2025 12:23
90

DSX-nin Xüsusi Məktəbində bayram tədbiri keçirilib

Məktəblilər hərbi vətənpərvərlik ruhunun və sərhədçi peşəsinə marağın artırılması məqsədilə Novruz bayramı ərəfəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində keçirilən tədbirə dəvət olunublar.

DSX-nin mətbuat mərkəzindən "İki sahil"ə bildirilib ki, əvvəlcə şagirdlər kursantlarla ünsiyyət quraraq məktəbin fəaliyyəti ilə yaxından tanış olub, onlar üçün yaradılan şərait barədə ətraflı məlumat əldə ediblər.

Xüsusi Məktəbin təlim-tədris prosesi, sinif otaqları, laboratoriyaları və digər inzibati binaları ilə tanış olan şagirdlərə kursantların gündəlik rejimi və sərhədçi kimi formalaşmaları üçün həyata keçirilən tədbirlər barədə məlumat verilib, Vətənin müdafiəsində sərhədçilərin rolundan danışılıb. Dövlət sərhədinin mühafizəsi işini şərəflə yerinə yetirən peşəkar kadrların hazırlanmasında məktəbin əhəmiyyətindən, kursantların qarşısında duran əsas vəzifələrdən bəhs olunub.

Sonra məktəblilər və kursantlar birgə nahar edib, bayram tədbiri keçiriblər.

Tədbirdə Xüsusi Məktəbin şəxsi heyətinə DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin Novruz bayramı münasibətilə təbriki çatdırılıb, kursantlar və qonaqlar üçün maraqlı konsert proqramı təşkil olunub, müxtəlif musiqi nömrələri, şeirlər, səhnəciklər təqdim edilib.