Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə dialoqa və münasibətlərin normallaşmasına hazır olması barədə bəyanatları İrəvanın atdığı real addımlara uyğun gəlmir. Bölgədə dialoq qurmaq səylərinə təkcə Ermənistanın özündə gedən daxili siyasi proseslər deyil, həm də erməni diasporunun müqaviməti, həmçinin Paşinyan administrasiyasının sülh və sabitlik məsələsində konkret addımlarının olmaması da təsir edir.
“İki sahil” xəbər verir ki, bu fikri Ankaradakı Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) analitiki Hazel Çağan Elbir bildirib.
O xatırladıb ki, Nikol Paşinyanın Türkiyəyə ünvanladığı “konstruktiv mesajlar” İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın baş nazirinin Ankaranı “soyqırımı siyasətini davam etdirməkdə” açıq şəkildə ittiham etdiyi bəyanatlarından kəskin şəkildə fərqlənir. “44 günlük müharibədə məğlubiyyətdən sonra Paşinyanın ritorikası “dəyişdi”. Bunun səbəbi çox güman ki, ənənəvi müttəfiqi Rusiya ilə əlaqələri kəsmək istəyidir ki, bu da İrəvanın Qərbdə, NATO və Aİ-də cazibəsini artırıb”, - deyə Elbir qeyd edib.
Onun sözlərinə görə, Ankara-İrəvan dialoqu həm də beynəlxalq aləmdə psevdo-soyqırımı isterikasını qızışdıran erməni diasporunun hərəkətləri ilə də “zəhərlənir”.
Bundan başqa, Ermənistanın Müstəqillik Bəyannaməsi və bir sıra digər rəsmi sənədlərdə hələ də açıq şəkildə Türkiyənin ünvanına ərazi iddiaları yer alır, - deyə türkiyəli ekspert vurğulayıb.
Ankara mərkəzinin analitiki diqqəti Türkiyənin xarici siyasət prioritetlərinə yönəldərək bildirib ki, bu prioritetlər regionda uzunmüddətli sabitliyə, inkişafa və sülhə, Azərbaycanla həmrəyliyə və tarixi hadisələrin siyasiləşdirilməsinin yolverilməzliyinə yönəlib.
AVİM eksperti qeyd edib ki, Türkiyənin Ermənistanla sərhədlərinin açılması regional ticarətə və yeni regional layihələrə təkan versə də, Ermənistandakı siyasi qüvvələrin və erməni diasporunun müqaviməti riski, eləcə də Paşinyanın kursunda qeyri-sabitlik probleminin qalması ondan xəbər verir ki, “Ermənistanla münasibətlərin normallaşması hələ çox vaxt tələb edəcək”.