Hər qarışı Naxçıvanın qədim, zəngin dövlətçilik tarixindən danışan Əcəmi Seyrəngahı baharın gəlişini qonaq-qaralı qarşılayır. Martın 18-dən etibarən hər gün səhərin erkən saatlarından böyükdən-kiçiyə insanlar Bahar festivalına (“Baharfest”) tamaşa edib, yazın gəlişini, Novruz bayramını milliliyimizə xas, adət-ənənələrə uyğun qeyd etmək üçün yolunu bu ünvandan salır. Şərqdə qadının şərəfinə ucaldılan ilk tarixi abidə - Möminə xatın türbəsinin, Açıq Səma Altında Muzeyin, Xan Sarayının önündə, qocaman çinarların əhatəsində yazın təravətli nəfəsi insanı özünə çəkir...
"İki sahil" AZƏRTAC-ın muxtar respublikada keçirilən Bahar festivalından hazırladığı reportajı təqdim edir:
Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təbliğ olunduğu Bahar festivalının keçirildiyi qədim, tarixi məkandayıq. Bizi Novruzun personajları Səməni, Kosa, Keçəl və Bahar qız qarşılayırlar. Burada muxtar respublikanın özünəməxsus bayram təmtərağını, süfrəsini, mətbəx nümunələrini, naz-nemətini görmək olur. Milli geyimli qız-gəlinlər kündə açıb şəkərbura, paxlava, kətə hazırlayır, oğlanlar rəqs edir, yallı gedir, uşaqlar oynayır, əylənirlər. Teatr kollektivlərinin tamaşaları, səhnəcikləri, rəssamların, sənətkarların əl işləri, dekorativ-tətbiqi sənət nümunələri insanlara nostalji duyğular bəxş edir, yaddan çıxmayacaq xoş xatirələr yaşadır.
Muxtar respublikanın mədəniyyət kollektivləri, tanınmış müğənnilər, rəqqaslar tərəfindən təqdim olunan mahnı, musiqi və rəqs nömrələri festivalı daha da əyləncəli, könüloxşayan edir. “Baharfest”də diqqətçəkici əsas məqamlardan biri burada milliliyimizin təbliğinə geniş yer verilməsidir. Müxtəlif sənət sahələri üzrə hazırlanmış əl işlərinin sərgiləndiyi stendlər məhz buna xidmət edir. Festivala 100-dən artıq əl işi çıxaran Füzuli Xəlilov bildirir ki, bayram günlərinin özünəxas ab-havada keçməsinə vəsilə olan bu gözəl məkanda sənətkarlıq nümunələrinə də xüsusi yer ayrılması sənət adamlarını çox sevindirir. Burada xalq yaradıcılığının tərkib hissəsi olan ağacoyma işlərinin və Naxçıvan duzundan hazırladığı hədiyyəlik suvenirlərin sərgi-satışı təşkil edilib. Stendlərdə zövqlə düzülən Naxçıvanın tarixi abidələrinin maketləri, nərdtaxta, şahmat taxtası və başqa əl işləri qonaqların böyük marağına səbəb olur.
Füzuli Xəlilov 35 ildir ki, bu sahə ilə məşğuldur. Xan Sarayında emalatxanası var və bir-birindən gözəl işlərini məhz orada hazırlayır. Əsas məqsədi qədim sənətkarlıq sahəsi olan ağac üzərində oymanı yaşadaraq gələcək nəsillərə ötürməkdir. Hazırda həm də Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində məktəblilərə bu sənəti aşıladığını nəzərə alsaq, məqsədinə qismən nail olduğunu deyə bilərik.
Ramiz Gülmalıyev isə əslən Şahbuz rayonunun Daylaqlı kəndindəndir. Naxçıvan şəhərində yaşayır. Hazırda ehtiyatda olan polkovnik-leytenant Ramiz Gülmalıyev I Qarabağ müharibəsi dövründə Sədərək istiqamətində gedən qızğın döyüşlərdə komandir kimi iştirak edib. Artıq bir neçə ildir ki, onun da qəlbi fərəhlənib, qürurlanıb, çünki bir vaxtlar uğrunda döyüşdüyü ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Baharın gəlişini isə dostu Qabil Nəzərovla birgə Əcəmi Seyrəngahındakı qocaman çinarların kölgəsində əyləşərək möhtəşəm festivala tamaşa edə-edə qarşılayır. “Artıq beşinci ildir Novruzun, baharın gəlişi daha gözəl, daha könülaçan olub. Bu, bütün Azərbaycan xalqı kimi, mənim üçün də ikiqat bayram ab-havası yaradır. Çünki müzəffər Ordumuz işğal altındakı bütün torpaqları azad edib. Ehtiyatda olan hərbiçi, müharibə veteranı kimi oğullarımızın şücaəti, qəhrəmanlığı ilə qürur hissi keçirir, fəxr edirəm ki, onlar 30 ildir davam edən haqq, ədalət mübarizəmizi qalibiyyətlə tamamladılar. Bu gün Ali Baş Komandanımızın rəhbərliyi ilə qədim Qarabağ elinə əbədi bahar gəlib, başdan-başa dəyişilir, yeni görkəminə qovuşur el-obamız. Fəxr edirik ki, Novruz tonqallarımız Şuşada, Xocalıda, Xankəndidə qalanır. Xalqımıza, burada bayramı mənimlə birgə qeyd edən həmvətənlərimə yaxın vaxtlarda Naxçıvanla ölkəmizin digər ərazisini birləşdirəcək Zəngəzur dəhlizinin reallaşmasını görməyi arzulayıram. Bu gün Əcəmi Seyrəngahında keçirilən Bahar festivalı olduqca maraqlı və yaddaqalandır. Burada əylənən uşaqların sevincini izləmək nəyə desəniz dəyər. Xalqımızı milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan bu əziz bayram münasibətilə təbrik edirəm”, - deyə Ramiz Gülmalıyev təəssüratlarını bölüşür, xoş arzularını dilə gətirir.
Naxçıvan şəhər sakini Türkan İsmayılova övladı ilə birgə baharı şən əhvali-ruhiyyədə qarşılamaq üçün buraya üz tutub: “Naxçıvanda hər il Novruz bayramı yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Əcəmi Seyrəngahı isə baharın təravətli nəfəsinin ən çox duyulduğu məkanlardan biri kimi festivalı daha maraqlı, yaddaqalan edir. Burada rahat gəzmək, təamların dadına baxmaq, xalq, bəstəkar mahnılarından zövq almaq insanlara mədəni istirahət bəxş edir. Balaca qızımla birgə burada baharı qarşılayırıq. Festivalın təşkilatçılarına təşəkkürümü bildirirəm. Bayramınız mübarək”.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Bahar festivalı martın 23-dək davam edəcək. Festival hər gün fərqli, maraqlı proqramı və sevimli müğənnilərin konsertləri ilə iştirakçıların, qonaqların görüşünə gəlməkdədir.