İkinci Qarabağ müharibəsində Azərbaycandan aldığı sarsıdıcı məğlubiyyətdən sonra İrəvan yeni hərbi strategiyalar hazırlamağa çalışır, bunun üçün də NATO və Pentaqon ilə birbaşa əlaqələr qurur.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” xəbər kanalının Cənubi Qafqazdakı vəziyyətə həsr olunmuş reportajında deyilir. Qeyd edilir ki, Ermənistanın baş qərargah rəisi Edvard Asryanın Pentaqonun nümayəndələri ilə təmaslarından qısa müddət sonra baş qərargah rəisinin müavini Artur Eroyanın başçılıq etdiyi erməni nümayəndə heyəti hazırda Ştutqarta Amerika hərbçiləri ilə görüşə yollanıb. “ABŞ-ın Avropa Komandanlığının (USAREUR) mənzil-qərargahında keçirilən danışıqlar bağlı qapılar arxasında olub və Ermənistan hakimiyyətinin ABŞ-dan hərbi sahədə dəstək almaq cəhdlərində növbəti həlqədir”, - deyə bildirilib.
Reportajda ABŞ-ın Avropa və Afrikada Quru qoşunlarının və Kanzas Milli Qvardiyasının şəxsi heyətinin İrəvanda keçirilən “Eagle Partner 24” birgə təlimlərində iştirakı, həmçinin Ermənistan baş qərargah rəisinin yanvarda NATO-nun mənzil-qərargahında, o cümlədən Yunanıstan, Fransa və İsveç nümayəndələri ilə görüşləri xatırladılır. “HaberGlobal” Qərb ölkələrindəki hərbi mənbələrə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri ilə USAREUR arasında hərbi sahədə əməkdaşlığa dair ümumi strategiyanın formalaşdırılması məqsədi ilə artıq ikinci ildir ki, danışıqlar təşkil olunur.
Telekanal Türkiyənin “Strasam” analitik mərkəzinin rəhbəri, Hərbi Hava Qüvvələrinin istefada olan briqada generalı Hüseyn Fazlının mövqeyinə istinad edərək bildirir ki, İrəvan ABŞ-la təmaslar yolu ilə Azərbaycan və Türkiyəyə “tək olmadığı” və Qərbin dəstəyini ala bildiyi mesajını ötürməyə çalışır. “Ermənistan Vaşinqtondan hərbi texnologiya, texnika və avadanlıq əldə etməyə can atır”, - deyən Fazlı ABŞ-ın Ermənistandan İrana təzyiq göstərmək üçün yeni baza yaratmaq üçün istifadə edə biləcəyini istisna etmir.
“Ermənistan Qarabağ müharibəsindəki məğlubiyyət şokundan hələ də çıxa bilmir, yeni hərbi strategiyalar formalaşdırmağa çalışır. Bu baxımdan Azərbaycan və Türkiyə arasında hərbi və strateji əməkdaşlığın artırılması çox vacibdir”, - deyə “Strasam” rəhbəri vurğulayır.