SOCAR “Azərikimya” İstehsalat Biriyinin Baş direktoru Elnur Məmmədlinin atası, AMEA-nın Folklor İnstitutunun aşıq yaradıcılığı şöbəsinin müdiri, folklorşünas Elxan Məmmədli bu gün vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə mərhumun dostları məlumat veriblər.
Elxan Məmmədli Azərbaycan ozan - aşıq sənətinin inkişafında xidmətləri olan şəxslərdən idi.
Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının Faxralı kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Elxan Məmmədli bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra Pedaqoji Elmlər İnstitutunda elmi işçi (1976-1979) işləyib və 1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin edilibr. 1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan E.Məmmədli həmin ildən böyük elmi işçi kimi Folklor Elmi-Mədəni Mərkəzinə köçürülüb. 1998-ci ildə “Azərbaycan aşıq yaradıcılığında təcnis” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1969-2009-cu illər ərzində Azərbaycan radio və televiziyasında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə” və “Sarıtel” verilişlərinin müəllifi və aparıcısı olub.
1999-cu ildən AMEA-nın Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri idi.
2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
“Azərikimya” İB-nin kollektivi Elxan Hüseynqulu oğlu Məmmədlinin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!