Ayların şahı Ramazan, gecələrin şahı isə Qədr gecəsidir
İlahiyyatçı hacı Gülağa İsmayılov: Fitrə zəkatı sübh vaxtı bayram namazını qılmazdan öncə verilməlidir
Qədr gecəsində oyaq qalmağın fəlsəfəsi nədir?
Hansı şəxsin fitrə verməsi vacib deyil?
Məlum olduğu kimi, bütün İslam dünyası “on bir ayın sultanı” mübarək Ramazan ayını yaşayır. Ramazan ayının orucunu tutmaq hər bir insanın həyatında dönüş nöqtəsinə çevrilir. İnsanın ruhu və cismi üçün son dərəcə böyük əhəmiyyəti olan orucluq mənəviyyata müsbət təsir göstərən İlahi gücə malikdir. Ramazanın gecələrinin birində İslamın müqəddəs kitabı “Qurani-Kərim”in nazil olduğu ehtimal edilir. Həmin gecə “Qədr gecəsi” və ya “Əhya gecəsi” adları ilə də tanınır. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni martın 18-dən 19-na keçən gecəyə təsadüf edir. Qədr gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.
Fitir bayramı Ramazan ayının ən gözəl anlarından, İslam dinində özünəməxsus yer tutan bayramlardan biridir. Günahların bağışlandığı, duaların qəbul olunduğu 11 ayın sultanı olan Ramazan ayı fitrə zəkatı kimi vacib əməllə başa çatır. Maddi baxımdan imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir.
Sumqayıt Cümə məscidinin imamı, ilahiyyatçı Hacı Gülağa İsmayılov hər iki mövzu ilə bağlı “İki sahil”in suallarını cavablandırıb.
Müqəddəs kitabımızın yer üzünə eniş gecəsi
- Hacı, Qədr gecəsinin digər günlərdən fərqi nədir?
- Allah dərgahında ayların şahı Ramazan, günlərin şahı cümə günü, gecələrin şahı isə Qədr gecəsidir. Qiyamətə qədər bütün insanlara, dünyaya və axirətdə rəhbər olan bir kitabın yer üzünə eniş gecəsidir. Müqəddəs kitabımız Qurani-Kərimin Ramazan ayında və həmin ayın son on gününün gecələrinin birində nazil olmasını Uca Rəbbimiz özü aydın şəkildə bəyan etmişdir.
“…İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir”, – (“Bəqərə” surəsi, 2/185)
Qurani-Kərimdə Qədr gecəsi ilə bağlı müstəqil surə vardır. Bu surə Məkkədə nazil olub, beş ayədən ibarətdir. Adı ilk ayədə keçən Qədr, yəni “Qədr gecəsi” sözündən götürmüşdür.
“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” (Qədr surəsi, ayə 1)
Min aydan daha xeyirli
- Qədr sözünün mənası nədir?
- Qədr sözü “məqam, şərəf, dəyər, əzəmət” mənalarına gəlir. Bu surə Quranın nazil olmasından, gecənin böyük fəzilət və bərəkətindən, o gecə kainatı bürüyən ilahi mərhəmətdən bəhs edir:
1. Sən Qədir gecəsi nədir, bilirsən?!
2. Qədir gecəsi min aydan daha xeyirlidir!
3. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
4. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır).
Quranın Qədr gecəsində hansı şəkildə nazil olması barədə əsas iki rəy vardır:
1. Qədr gecəsi Qurani-Kərim Lövhi-məhfuzdan dünya səmasına bütöv şəkildə nazil edilmişdir. Sora isə 23 il müddətində Həzrəti Peyğəmbərə (s) ehtiyac duyulduqca dünya səmasından Cəbrayil-Əmin vasitəsi ilə gətirilmişdir.
2. Qədr gecəsi Quran-Kərim bütünlüklə Lövhi məhfuzdan Həzrəti Peyğəmbərin (s) mübarək qəlbinə nazil olmuşdur.
Bütün dünya müsəlmanları bu gecə ibadət, itaət, zikir, dua münacatla oyaq qalaraq bəşəriyyəti zülmətdən nura çıxaran, ölmüş qəlblərə həyat verən, hidayət kitabı, İlahi vəhyin gəlişini qarşılayırlar. Elə bir kitab ki, səmanın mələklərinin müşayiəti ilə Kainatın ən şərəflisi, Allahın sevimlisi Həzrəti Muhəmməd Əl-Mustafaya (s) nazil olur.
Bu gecələrdə bizlər Allahın əmrinə tabe olaraq, Rəsulunun vəsiyyətinə sadiq qalaraq böyük sevinclə Müqəddəs kitabımızı başımızın üstündə tutaraq İlahi vəhyin gəlişini bayram edir, ona öz məhəbbət və ehtiramımızı nümayiş etdirərək müxtəlif məkanlarda, xüsusən məscidlərdə cəm şəkildə sevincimizi ifadə edirik.
Allahla daha yaxın olmaq, dua və ibadət etmək
- Qədr gecəsində oyaq qalmağın fəlsəfəsi nədir?
- Qədr gecəsində oyaq qalmağın fəlsəfəsi bu gecənin xüsusi bir mənəvi və ruhani əhəmiyyət daşıması ilə bağlıdır. Qədr gecəsi (Laylat al-Qadr), İslamda ən möhtəşəm gecələrdən biri sayılır və Ramazan ayının son on gecəsindən birində, xüsusilə tək gecələrinin birində olduğu qəbul edilir. Bu gecənin fəziləti, Quranda belə ifadə olunmuşdur: "Qədr gecəsi min aydan daha xeyirlidir."
Bu gecənin əhəmiyyəti və oyaq qalmağın fəlsəfəsi, bir çox dərin mənalar və məqsədlərlə əlaqəlidir. Qədr gecəsi Allahın rəhmətinin bol olduğu, ibadətlərin qəbul olunduğu, dualara cavab verildiyi və möminlərin bağışlanması üçün xüsusi bir gecədir. Qədr gecəsində oyaq qalmağın fəlsəfəsi Allahla daha yaxın olmaq, dua və ibadət etmək, keçmiş günahların bağışlanmasını istəmək və nəfsin təmizlənməsi üçün möhtəşəm bir fürsətdir. Bu gecənin fəziləti insanın həm mənəvi, həm də sosial həyatda daha yaxşı bir şəxsiyyətə sahib olması üçün bir yol göstərir. Qədr gecəsində oyaq qalmaq, bəndənin özünü Allahın qarşısında təvazökar və sadiq bir qulluqçu kimi hiss etməsi üçün çox önəmlidir. Bu gecə, həmçinin gələcəkdə daha yaxşı bir həyat qurmağı, İslamı daha dərindən anlamağı və xəta və günahlardan uzaq durmağı hədəfləyən bir ruhani ibadətdir.
Həmin gecədə qılınan namazın böyük şərəfatı var
- Qədr gecəsinin vacib əməlləri hansılardır?
- Bu gecədə edilən bəyənilən və savab olan əməllərdən biri qüsl etməkdir. Qüsl edərkən belə niyyət etməlidir: «Əhya gecəsinin qüslünü edirəm qürbətən ilallah». Bu qüslün böyük savabı vardır. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: “İlahi, sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram.” Qədr gecələrində məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: “Ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm.” Qədr gecəsində qılınan namazın böyük şərəfatı vardır. Qədr gecəsinin namazı məğrib və işa namazları ilə sübh namazı arasındakı vaxtda qılınır.
Fitrətə qayıdış anlamı
- Oxucularımıza fitrə sözünün mənasını izah edərdiniz?
- “Fitr” kəlməsi “orucu açmaq” “orucu başa vurmaq” mənasına gəlir. Həmçinin Fitr sözü ərəbcədən fitrətə qayıdış anlamına gəlir. Yəni, bir ay boyunca sübh azanından şam azanına kimi ilahi məhdudiyyətlərlə əhatələnən müsəlman öz fitri yaradılışında olan yemək içmək və s. halına qayıdır.
İslamın ən vacib ibadətlərdən biri Zəkatdır
- Zəkat sözünün mənası nədir? Fitrə zəkatla eyni əhəmiyyətə malikdirmi?
- Zəkat İslamın üçüncü rüknüdür və ən vacib ibadətlərdən biridir. Çünki zəkat ehtiyacı olanlara yardımın, zəngin və fəqirlər arasında isə sevgi və sayğının nümunəsidir. Zəkat malın artması və bərəkətli olması, habelə mal sahibinin öz nəfsini islah edərək təmizləməsi üçün bir vasitədir. Zəkat lüğətdə “təmizlik”, “artmaq”, “mədh etmək”, “bərəkət”, “yaxşı və düzgün olmaq” mənalarına gəlir. İstilahi mənası isə Allahın əmrinə uyğun olaraq müəyyən malların müəyyən qədərini bəlli vaxtlarda heç bir mənfəət güdmədən, yəni sırf Allah rizası üçün yenə Onun əmr etdiyi yerlərə vermək deməkdir.
Göründüyü kimi, zəkatın həm lüğəvi, həm də istilahi mənaları arasında əlaqə vardır. Çünki zəkat zəkat verənlərin ruhunun təmizlənməsinə, malının bərəkətlənib çoxalmasına səbəb olur. Fitrə zəkatı isə imamların dilindən bu cür qiymətləndirilib: “Hər bir şeyin zəkatı olduğu kimi, insanın bədəninin zəkatı da orucluq qurtardıqdan sonra fitrə verməklədir: “Bu mənada, insan oruc tutub zəkat vermək iqtidarında olduğu halda fitrə zəkatı verməzsə, orucu qəbul olunmaz. İmam Sadiq (ə) buyurur ki, həqiqətən, oruc tutmaq fitrə zəkatı verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir. Fitrə zəkatı verən şəxs 1 illik özünü bəlalardan sığortalamış olur.”
Bu şəxslərə fitrə zəkatı vermək vacibdir
- Kimlər fitrə zəkatı verməlidir?
- İnsan gərək fitrə zəkatını qürbət məqsədilə, yəni Allah-təalanın əmrini yerinə yetirmək və bəndəçilik məqsədilə versin və onu verən zaman fitrə vermək niyyətini etsin. Fitr bayramı axşamı qürub vaxtı aşağıdakı şərtlərə cavab verən mükəlləfə özünün və ürfən onun çörək yeyəni hesab edilən şəxslərin fitrə zəkatını verməsi vacibdir.
1) həddi-buluğa çatmış olmalıdır;
2) aqil olmalıdır;
3) huşsuz olmamalıdır;
4) yoxsul olmamalıdır;
5) qul olmamalıdır.
Qonağın fitrə zəkatını vermək ev sahibinə vacibdir
- Ailədə fitrə zəkatı vermək kimə vacibdir?
- Ailə başçısı imkan olduğu təqdirdə özünün və ürfən onun çörək yeyəni hesab edilən şəxslərin (həyat yoldaşının, uşaqlarının və s.) fitrə zəkatını verməlidir. Həmçinin ev yiyəsinin evinə fitr bayramı axşamı günəşin batmasından öncə gələn və onun çörək yeyəni (hərçənd müvəqqəti də olsa) hesab edilən qonağın fitrə zəkatını vermək ev sahibinə vacibdir. Məsələn, qürubdan öncə ev yiyəsinin evinə gələn, gecə də onun evində qalan və ev yiyəsinin də onun rahatlığı üçün lazımı imkanları səfərbər etdiyi və xərclərini təmin etməyi öz üzərinə götürdüyü qonaq hərçənd bir şey yeməsə, yaxud öz yeməyi ilə iftar açsa belə, ev yiyəsi onun fitrə zəkatını verməlidir. Ancaq sadəcə iftar üçün dəvət edilən və gecələməyən qonaq çörək yeyən hesab edilmir və onun fitrə zəkatı ev yiyəsinin öhdəsinə düşmür.
Fitrə zəkatı bayram namazını qılmazdan öncə verilməlidir
- Fitrə zəkatı nə vaxt verilməlidir?
- Fitrə zəkatı bayram axşamı gün batan çağı və ya sübh vaxtı bayram namazını qılmazdan öncə verilməlidir. Əgər şəxs bayram namazı qılmazsa zöhr azanına qədər fitrə zəkatını imkansız şəxlərə çatdırmalıdır.
- Kimlərə fitrə zəkatı verilməsi mümkündür?
- Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və ailəsinin xərclərini təmin edəcək bir gəliri də olmayan bir şəxs fəqir hesab olunur. O şəxsin fitrə zəkatı verməsi vacib deyil. Əksinə həmin şəxsə fitrə zəkatı verilməlidir.
Pul versə də kifayətdir
- Fitrə zəkatı nələrdən verilməlidir?
- Fitr bayramı axşamı qürub çağı qeyd etdiyim həddi-büluğa çatmış və aqil olan, huşsuz, yoxsul və qul olmayan şəxs özü və çörək yeyəni olan şəxslər üçün adambaşına öz şəhərində çox istifadə edilən buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı kimi ərzaq mallarından müstəhəqqə bir “sa” (təqribən üç kq-a bərabər olduğu deyilir) verməlidir. Onun yerinə pul versə də kifayətdir. Lazım ehtiyata əsasən, öz şəhərində çox işlənməyən qidalardan, hərçənd bu qida buğda, arpa, xurma, yaxud kişmiş olsa belə, verməməlidir.
Fitrə zəkatını fəqir şəxsin bank kartına köçürmək icazəlidir
- Fitrə zəkatının bank kartları vastitəsilə ödənilməsi qəbulolunandırmı?
- Keçmişdə bank əməliyyatları mövcud olmadığı və ya geniş yayılmadığı üçün bu cür məsələlər gündəmə gəlmirdi. Lakin son zamanlar virtual ödəniş əməliyyatları geniş vüsət qazandığı üçün fitrə zəkatının da bu yolla verilməsinin caiz olub-olmaması barədə müzakirələr aparılır. Bəzi İslam hüquq alimlərinə görə, fitrə zəkatını fəqir şəxsin bank kartına köçürmək icazəlidir. Bu zaman diqqət edilməlidir ki, köçürülən pul bayram axşamı məğrib zamanı ayrılan puldan başqa pul olmasın. Yəni, insan məğrib zamanı fitrə zəkatı niyyəti ilə müəyyən məbləğ pulu ayırıb kənara qoysa, sonra kartında olan puldan fəqirə göndərsə, düzgün sayılmaz. Virtual yolla pulu fəqirə çatdırmaq istəyirsə, gərək kənara qoyduğu pulu öz kartına köçürsün, sonra öz kartındanfəqirin kartına yollasın, ya da məğrib zamanı kartındakı puldan müəyyən məbləğ ayırmağı niyyət etsin və onu fəqirin hesabına yollasın.
Eyni mövzu ilə əlaqədar məsələyə digər islam hüququ alimləri fitrə zəkatı üçün birbaşa bu cür virtual əməliyyatları icazəli bilmirlər. Çıxış yolu budur ki, ya insan özü fəqir şəxsdən vəkillik (yəni onun səlahiyyətli nümayəndəsi olmaq) icazəsi alsın, öz pulunu fəqirin vəkili olaraq qəbul etsin və sonra həmin pulu fəqirin kartına yollasın. Ya da pulu əvvəlcədən əmanət olaraq (fitrə niyyəti ilə deyil) fəqirin kartına köçürsün, fəqir də pulu onun adından kartdan çıxartsın və fitrə kimi özünə götürsün, yəni insan gərək pulu fəqirə göndərən zaman əmanət niyyəti etsin.
Orxan Vahidoğlu, “İki sahil”